“Moskva “sülhməramlı” siyasətindən əl çəkməyəcək, əksinə...” – "...bütün addımlar ölçülü-biçili olmalıdır"
“Rusiya kifayət qədər çətin dövrünü yaşayır: xaricdən sanksiyalar, daxildə ciddi sosial-iqtisadi problemlər və demokratiya tələbləri var”
Yenixeber.org: Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri tərəfindən ötən ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli atəşkəs bəyanatı sülhməramlı qüvvələrlə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Bəyanatın üçüncü bəndində qeyd olunur ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusu sülhməramlı kontingent olaraq yerləşdirilir.
Bəyanatın imzalamasından altı ay ötsə də, bu müddətdə Rusiya sülhməramlı missiyasının mandatdan kənar addımlara yol verdiyi, sülhməramlı adı ilə öz maraqlarını həyata keçirdiyi barədə məlumatların ardı-arası kəsilmir. İddialar səsləndirilir ki, Rusiya bəyanatda qeyd olunandan dəfələrlə artıq sayda hərbi qulluqçusunu əraziyə yerləşdirib.
Bəs, görəsən sülhməramlı missiya nədir və mandatına nələr daxil olmalıdır? Beynəlxalq təcrübə bu məsələdə nə deyir?
İkinci Dünya müharibəsindən və faşizmin süqutundan sonra dünyanın ən güclü 50 dövləti “Ümumdünya Hökuməti” adını verdiyi Birləşmiş Millətlər Təşkilatını (BMT) təsis etdi. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək olan BMT Sülhməramlı Qüvvələri dünyanın müxtəlif qaynar nöqtələrində baş verən münaqişələrin qarşısını almaq üçün həmin ərazilərə hərbi kontingent yerləşdirdi.
Hazırda BMT mandatlı və bu mandatdan kənarda olan qüvvələr münaqişə tərəfləri ilə razılaşdırılmış qaydada münaqişə bölgəsində sülhü təmin etmək məqsədilə fəaliyyət göstərir. Kosovo, Əfqanıstan, İraq, Haiti, Kipr, Livan, Suriya, Cənubi və Şimali Sudan, Mali, Kot-divuar və digər münaqişə bölgələrində müvafiq missiya yerinə yetirilir. Statistikaya nəzər yetirsək, görərik ki, BMT mandatlı 13, bu mandat altında fəaliyyət göstərməyən 7 sülhməramlı missiya mövcuddur.
Sülhməramlı missiya ilə bağlı qəbul olunmuş beynəlxalq protokolda göstərilir ki, onlar qərəzsiz və neytral olmalıdırlar. Yalnız mandatları çərçivəsində və özünümüdafiə məqsədilə silah istifadə edə bilərlər. Eyni zamanda, keçid dövrünün çətinliklərinin aradan qaldırılmasına və tərəflər arasında əlaqə üçün yerli qarşılıqlı işlək mexanizmlərin yaradılmasına, əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək olmalıdırlar.
Bu məqamda bildirək ki, indiyə qədər Rusiya sülhməramlıları çoxsaylı münaqişə ocaqlarında fəaliyyətdə olub. 1992-ci ildə Moldova, 1994-cü ildə Gürcüstan, 2015-ci ildə Donbass və s. ərazilərdə hərbi qüvvələr yerləşdirilib. Həmçinin Rusiya sülhməramlı qüvvələri Bosniya və Hersoqovina, Kosov və Metoxiya, Anqola, Çad, Serra-Leon, Sudan və Suriyada fəaliyyət göstərirlər. Bütün bunlar Rusiyanın bu sahədə dərin təcrübəyə malik olduğunu söyləməyə əsas yaratsa da, reallıq bunun əksini deyir.
Çünki Rusiya vaxtilə Gürcüstana sülhməramlı adı ilə yerləşsə də, sonradan Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” tanıyıb. Ardınca anoloji addımı Ukraynada atıb. Bütün bunlar rəsmi Kremlin sülhməramlı adı ilə dövlətlərin daxili işlərinə qarışmaq cəhdlərində maraqlı oldğunu, onun iradəsindən kənar addımlar atacaqları təqdirdə təzyiq rıçaqlarını işə salacağını deməyə əsas yaradır. Hətta Rusiyanın sülhməramlı kimi qədəm qoyduğu münaqişə ocaqlarını ilhaq etdiyinə dair təcrübələr də var.
Bu xüsusda qeyd edək ki, Azərbaycan hərbçiləri də Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparırlar. Adıçəkilən dövlətlərin sülhməramlı missiyasında yüzlərlə Azərbaycan hərbçisi xidmət göstərir.
Kanadanın Vaterlu Universitetinin Riyaziyyat və Biznes Proqramları direktoru, professor, həmyerlimiz İlham Axundov deyib ki, beynəlxalq təcrübədə sülhməramlıların mandatı var: “Sülhməramlılar mülki insanları qoruyur, qarşıdurmanın qarşısını alır, şiddəti azaldır, təhlükəsizliyi gücləndirir və yerli hakimiyyətə öz səlahiyyətlərini icra etməyə şərait yaradırlar. BMT sülhməramlılari üç əsas prinsipi rəhbər tutur: Bunlardan biri tərəflərin razılığı, digərləri isə qərəzsizlik və özünümüdafiə xaricində güc tətbiq edilməməsi ilə bağlıdır. Bu, o deməkdir ki, sülhməramlı qüvvə hansısa marağını həyata keçirmək üçün yox, münaqişə ocağında sülhü təmin etmək üçün əraziyə yerləşdirilib”.
“Lakin bütün bunlara rəğmən, bəzən mandatdan kənara çıxmaların şahidi oluruq. Elə hallar da olur ki, hansısa maraqlı tərəf və ya beynəlxalq oyunçu sülhməramlı kimi yerləşmək üçün münaqişəni alovlandırmağa çalışır. Bu gün BMT-nin mandatı ilə 13 sülhməramlı missiya müxtəlif münaqişəli ərazilərdə asayişi qorumağa çalışır. Bununla yanaşı, 7 sülhməramlı missiya BMT-nin mandatı xaricində bu missiyanı həyata keçirir və dediyim neqativ hallar əsasən onlarla bağlı baş verir”, – deyə professor bildirib.
Həmsöhbətimizin sözlərinə görə, Qarabağdakı çoxölçülü sülhməramlı missiya isə yalnız sülhü və təhlükəsizliyi qorumaq deyil, həm də siyasi proseslərə təsir etmək məqsədi daşıyır: “Ümumiyyətlə, sülhməramlıların uzun müddət qalması ciddi problemlərə yol açır. Sülhməramlılar əbədi qala bilməzlər və uzun müddət qaldıqda sülhməramlılara güvən itir. Biz Kiprdə bunun fəsadlarını görmüşük. Bunun baş verməməsi üçün hər bir beynəlxalq barışıq sazişinin davamlı sülhməramlı və sülh quruculuğu planı olmalıdır. Nəticədə sabit bir sülh vəziyyəti əldə edilə bilər və xarici sülhməramlıların missiyası başa çatar”.
“Bu məqamda qeyd edim ki, Rusiyanın sülhməramlı kimi postsovet məkanında iştirakçılığı Sovetlər İttifaqının süqutundan sonra ortaya çıxıb. Uzun müddət SSRİ-nin çətiri altında qüdrətlənən Rusiya postsovet dövründə hər vəchlə öz diqtəsini qorumağa çalışdı. Bu gün də belədir”, - deyə Axundov vurğulayıb.
Əlavə edib ki, 1996-cı ildən bəri Rusiya sülhməramlı əməliyyatlardan xarici siyasətdə qarşılaşdığı maneələri aradan qaldırmaq vasitəsi kimi istifadə edir: “Rusiya bu siyasətindən imtina etməyəcək. Çünki Rusiya kifayət qədər çətin dövrünü yaşayır. Şimal qonşumuz ABŞ və Qərbin ağır iqtisadi sanksiyaları ilə qarşı-qarşıya dayanıb. Ölkənin daxilində çox ciddi sosial-iqtisadi problemlər var. Digər yandan Rusiyada, Belarusda və ona yaxın digər dövlətlərdə demokratiyaya keçid tələbləri səsləndirilir. Belə bir vəziyyətdə Rusiya sülhməramlı missiyalardan imtina etməyəcək. Əksinə, öz mövcudluğunu qorumaq üçü bu siyasətini daha da genişləndirəcək. Regionda daha çox güc əldə etmək üçün sülhməramlılardan istifadə edəcək”.
Müsahibimizin fikrincə, biz elə bir siyasət aparmalıyıq ki, Azərbaycanın maraqlarına zərbə dəyməsin: “Bunun üçün bütün addımlar ölçülü-biçili olmalıdır. Ölkəmiz uzun illərdən sonra tarixi Zəfərə imza atıb. İşğal altında olan torpaqlarımız qısa müddət ərzində işğaldan azad edilib. Biz görürük ki, Azərbaycan prioritet məsələlərdə həmişə təcili və vacib olanı seçir. Nə istədiyinə qərar verir və ən optimal yolu seçir. Azərbaycan iqtidarı o vaxtkı mövcud vəziyyəti qəbul edib passiv gözləmə mövqeyi tutmadı. Və kardinal şəkildə vəziyyəti dəyişdirmək üçün məsuliyyətli qərar qəbul edib tarixi qələbə qazandı”.(ayna)