Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Qarabağda təxribatlar davam edəcəkmi?-ŞƏRH

 

Ekspertlər bildirir ki, Azərbaycanın nəzarətində olmayan ərazidə xeyli sayda silahlı erməni qrupları qalıb, Laçın dəhlizindən gedib-gələnlərə də nəzarət edə bilmirik

Yenixeber.org: Dekabrın 27-də Xocavənd rayonu ərazisində baş verənlər Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığını, müharibənin bitmədiyini deyənlərin haqlı olduğunu ortaya qoydu. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Xocavənd rayonunun Ağdam kəndi istiqamətində 6 nəfərlik erməni silahlı dəstəsi Azərbaycan hərbçilərinə hücum edib. Atışma nəticəsində 38 yaşlı çavuş Elmir Qəmbərov şəhid olub. Daha bir əsgər – Emin Əliyev isə yaralanıb.

Nazirlik bildirir ki, erməni hərbi dəstəsinin altı üzvünün hamısı öldürülüb: “Bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcək”.

Baş verənləri saytımıza şərh edən ekspertlər isə bu cür halların bundan sonra da təkrarlanacağını düşünürlər. Çünki Azərbaycanın nəzarətində olmayan ərazidə ayrı-ayrı qruplar şəklində xeyli sayda silahlı ermənilər qalıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan ordusu işğal altındakı ərazilərin böyük hissəsini azad etsə də, münaqişənin həlli ilə bağlı qeyri-müəyyənlik var. Onun fikrincə, Dağlıq Qarabağda silahlı qruplar qaldıqca, yeni insidentlər də qaçılmaz olacaq, ona görə də Azərbaycan antiterror əməliyyatı keçirməyə məcburdur:

“Silahlı qruplar qalır, onları kim tərksilah edəcək? Görünən budur ki, Dağlıq Qarabağa sülhməramlı kimi yerləşdirilmiş Rusiya qüvvələri bunu etməyəcək. Onlarla faktiki ittifaq yaradıblar. Şəkillər çəkdirirlər, bayraqların altında çıxışlar edirlər, saxta xəritələr yaradırlar. Ona görə də bunu ancaq biz etməliyik. Türkiyə hərbçilərinin bölgəyə gəlişinin sürətləndirilməsinə nail olmalıyıq. Əks halda, meşələrdə gizlənən terrorçu qüvvələr bizə zərbə vurmaqda davam edəcək. Onlara ərzağı, silahları kim çatdırır? Deməli, Laçın dəhlizi tam nəzarət altında deyil, oradan da müəmmalı yüklər keçirilir. Müharibə böyük ölçüdə tamamlansa da, antiterror əməliyyatını davam etdirmək məcburiyyətindəyik. Sonuncu erməni silahlısı qalana qədər biz bu məsələni dayandıra bilmərik. Gələn xəbərlərə görə, orada 5-10 min nəfərdən ibarət terrorçu qruplar var. Bu, böyük rəqəmdir”.

Ekspert bir gün öncə baş vermiş təxribatda Paşinyanın rolu olduğunu güman etmir. Səbəbini də belə izah edir ki, bu cür hadisələr əksinə, Paşinyanın vəziyyətini gərginləşdirə bilər. Çünki indiki halda onun başı ölkə daxilindəki problemlərə qarışıb, kəskin etirazlar, rəqiblərinin hücumu ilə qarşılaşıb:

“Meşədəki terrorçulara kimsə əmr verir, kimsə silahlandırır, təxribatlara yönəldir – bu, aydındır. Bunun Paşinyan olduğunu güman etmirəm. Onun nəzarətindən kənar separatçıların, onu istəməyən qüvvələrin işi ola bilər. İki gün öncə separatçıların Təhlükəsizlik Şurasının katibi Balasanyan Xocavənd və digər istiqamətlərdə irəliləyiş əldə etmək haqda açıqlama vermişdi. Onun açıqlamasından bir gün sonra bu təxribat baş verdi. Paşinyan özü də başa düşür ki, bu cür hadisələr onun vəziyyətini gərginləşdirə bilər. Çünki müharibə ehtimalını artırır. Görünür, ona müxalif olan qüvvələr, yaxud Rusiyadakı müəyyən siyasi mərkəzlər bu prosesi sürətləndirməyə və Azərbaycana təzyiq etməyə çalışırlar. Həm də Türkiyənin bölgəyə gəlişi həll olunmaq üzrədir. Bu prosesi pozmaq istəyən qüvvələrin təxribatı ola bilər. O dəqiqdir ki, baş verənlər hansısa terrorçu qrupun özfəaliyyəti deyil, arxasında güclər var – Dağlıq Qarabağda separatçıların rəhbərləri və onları idarə edən Rusiyadakı siyasi mərkəzlər. Faktiki, bu gün separatçıların rəhbərliyi Paşinyana yox, Rusiyadakı siyasi mərkəzlərə tabedir”.

E.Şahinoğlu Rusiya hakimiyyətinin yox, bu ölkədəki ayrı-ayrı siyasi mərkəzlərin Dağlıq Qarabağda vəziyyətin gərginləşməsində maraqlı olduğunu düşünür. Onun sözlərinə görə, Rusiyada müəyyən siyasi mərkəzlər var ki, onlar Türkiyənin bölgəyə gəlişindən narahatdılar: “Rusiya tək prezidentdən ibarət deyil axı. Hərbi-sənaye kompleksi, başqa qüvvələr var ki, onlar separatçıları qızışdıra bilərlər”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirdi ki, hazırda Azərbaycanın nəzarətində olmayan ərazilərlə bağlı bir sıra detalların öncədən razılaşdırılmaması Xocavənddəki hadisələrin təkrarlanmaq ehtimalını da artırır. Ekspert qeyd etdi ki, 10 noyabr bəyanatında əks olunmayan detallar sonradan diplomatik danışıqlarda müzakirə olunub, dəqiqləşdirilməliydi:

“Təəssüf ki, 10 noyabrdan sonra bizim nəzarət edə bilmədiyimiz ərazilərimizdə baş verənlərə nə müdaxiləmiz, nə də reaksiyamız var. Bizim olan, amma Rusiya və Ermənistan silahlı birləşmələrinin nəzarət etdiyi ərazilərdə bu cür hadisələr bundan sonra da olacaq. Çünki ora gələn-gedənlərə nəzarət edə bilmirik. Heç olmasa, dəhlizin başlanğıcında sülhməramlılarla birlikdə də olsa, sərhədimizə nəzarət edə bilsəydik, bu hadisələrin qarşısını almaq mümkün olardı. Bilərdilər ki, hər hansı insident gələcəkdə sərhəddi daha da möhkəmləndirəcək, gəliş-gedişə nəzarət daha da gücləndiriləcək. Amma indiki halda, bizim bir tərəfimiz boşdur. Gedib-gələndən – istər terrorçu, istər adi Qarabağ ermənisi olsun – xəbərimiz yoxdur. Bizim xəbərimiz olmadan başqa ölkələrin vətəndaşları da ora girib-çıxa bilərlər. Bunlar detallar idi, bəyanatda öz əksini tapmasa da, sonradan diplomatik danışıqlarda müəyyənləşdirilməliydi”.

İ.İsmayılın sözlərinə görə, Rusiya hərbçiləri müşahidə məntəqələrində olur, onların hər hansı insidentə reaksiyası da gec olacaq. Təxribatların, silahlı toqquşmaların qarşısının alınmasının yeganə yolu isə ərazidəki ermənilərin tərksilah olunmasıdır. Diplomatik danışıqlarda da bu məsələ masaya qoyulmalıdır:

“Əks halda, bu məsələlər həllini tapmadıqca, biz şəhidlər verəcəyik. Qarşı tərəf də itki verəcək. Qarşı tərəf bir insident olanda sosial şəbəkələrdə yazmışdı ki, “nəhayət, çoxdan gözlədiyimiz partizan müharibəsi başladı”. Bunların ideyalarından biri partizan müharibəsi eləməkdir. Biz sərhədə nəzarət eləmədiyimizə görə ASALA terrorçularının da bura gəlmək ehtimalı var. Onların da hədəfi Rusiya sülhməramlıları yox, biz olacağıq. Hərçənd, təxribat məqsədilə ruslar da ola bilər”.

Ekspertin fikrincə, Azərbaycanın ata biləcəyi addımlardan biri müharibə başlayana qədər o ərazilərdə yaşamış azərbaycanlıları ora köçürmək olar: “Biz ora köçməsək, bu məsələ bitməyəcək”.

Baş verənlərdə Rusiyanın roluna gəlincə, İ.İsmayıl hesab edir ki, Moskva konkret qızışdırıcı mövqedən çıxış etməsə də, olanlardan yararlanmaq yolunu tutub: “Dağlıq Qarabağdakı qüvvələrinin sayını artırmaqda maraqlıdırlar. Qarşı tərəfi hərbi, maddi, ideoloji tərəfdən gücləndirirlər. Hər gün məlumat verirlər ki, nə qədər erməni gəldi. Rusiyanın əsas işi öz saylarını artırmaq, qalma müddətini də 5 ildən çox eləmək üçün bəhanə tapmaqdır”.(pressklub)

Gülər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam