Xankəndi, Xocalı, Xocavənddə eyni situaisya ilə üz-üzəyik... -GƏLİŞMƏ
Qarabağda yenidən gərginliyin yaranması göstərir ki, bölgədə atəşkəsə nəzarət etməli olan Rusiyanın sülhməramlı kontigenti missiyasını yerinə yetirə bilmir və ya yetirmək istəmir. Rusiya Müdafiə Nazirliyinin bölgə ilə bağlı yeni xəritələr ortaya atması daha çox ikinci variant, yəni sülhməramlıların məqsədli şəkildə hərəkətsiliyi barədə düşünməyə əsas verir.
Yenixeber.org: Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş naziri arasında noyabrın 9-da Qarabağda atəşin dayandırılması barədə birgə bəyanat imzalanıb. Rusiya sülhməramlıları da bölgəyə bu bəyanat çərçivəsində yerləşdirilib. İlk günlərdən Kreml Bakı və İrəvanı bəyanatın müddəalarına əməl etməyə çağırıb. Azərbaycan bəyanatın müddəalarına ciddi şəkildə riayət etdiyi halda, Ermənistan hər dəfə razılaşmanı pozmağa çalışıb. Təəssüf ki, artıq Moskva da İrəvana qoşulmuş kimi görünür. Hər halda bu ölkənin Müdafiə Nazirliyinin yaydığı yeni xəritələr üçtərəfli bəyanatla ziddiyyət təşkil edir. Üstəlik, Qarabağda yaranmış gərginliyin arxasında da Rusiyanın dayandığına şübhələr var.
Politoloq Natiq Miri baş verənləri şərh edərkən bildirib ki, Hadrut bölgəsində baş verənlər bilavasitə Ermənistan ordusu tərəfindən idarə edilən sıradan bir təxribat deyil. Onun fikrincə, məsələyə bu cür yanaşmaq doğru olmazdı. Politoloq hesab edir ki, gərginliyin arxasında birmənalı olaraq Rusiya dayanır.
“Burada bir neçə məqsəd güdülür. Birincisi, bu cür süni gərginliklərlə Azərbaycanı təzyiq altında saxlamaq, ikincisi, Rusiya qoşunlarının varlığına zərurət yaratmaq, üçüncüsü isə “sülhməramlıların” sayını artırmaq.
İndi ortaya süni xəritələr atılıb. Çox keçməz ki, “sülhməramlı” hərbçilərinin sayının azlığı barədə müraciət olunacaq. Güman ki, hərbçilərinin sayının iki və ya üç dəfə artırılması gündəmə gələcək”, - deyə politoloq vurğulayıb.
Natiq Miri gərginliyin Hadrut bölgəsində baş verməsinə diqqət çəkərək bildirib ki, sözügedən rayon strateji əhəmiyyət daşıyır. “Mən Hadrutu ərazisini çox yaxşı tanıyıram. Hələ Sovet dönəmində İranla həmsərhəd ərazilərdə rus qoşunlarının zavtası var idi. Onların mərkəzi qərargahı isə Hadrutda yerləşirdi. Bura ətraf bölgələri, eyni zamanda İrana nəzarətdə saxlamaq üçün çox əlverişlidir. Digər tərəfdən, radioelektron naviqasiya sistemləri məhz Hadrutun mərkəzində yerləşir. Ona görə də Rusiya bu əraziyə “sülhməramlı” adı altında qoşun yeritmək üçün erməni silahlıları vasitəsilə süni gərginlik yaradır. Əgər Rusiya “sülhməramlıları” bu bölgədə olarsa, o zaman Şuşaya və digər ətraf rayonlara, Azərbaycana, Ermənistana, həmçinin İrana nəzarət etmək imkanı əldə edəcək. Rusiya həmişə bu cür strateji düşünüb. İyul ayında Tovuzda baş verən təxribat da enerji layihələrinə nəzarət etmək üçün idi. Sadəcə bu prosesdə də Ermənistandan alət kimi istifadə edildi”, - deyə həmsöhbətimiz əlavə edib.
Politoloq düşünür ki, mövcud situasiyada Azərbaycan təcili bir neçə addım atmalıdır. “Əslində, Rusiya “sülhməramlılar”ının” bölgəyə yerləşdirilməsi yanlış addım idi. İndi Azərbaycan heç olmasa “sülhməramlıların” fəaliyyət sferasını məhdudlaşdırmağa və konkretləşdirməyə nail olmalıdır. Məsələ burasındadır ki, Rusiya sülhməramlıları bölgəyə BMT-nin mandatı ilə gəlməyib. Onlar Qarabağa Azərbaycan və Ermənistan tərəfinin razılığı ilə yerləşdirilib. “Sülhməramlılar”ın yerləşdiyi bölgə Azərbaycan ərazisi olduğuna görə onların fəaliyyət çərçivəsi mütləq mənada Azərbaycanın qanunverici orqanı olan Milli Məclis tərəfindən müəyyənləşdirilməlidir. Hazırda bu çərçivəni cızmağa ehtiyac var.
Bundan başqa, Azərbaycan çəkinmədən Rusiyadan tələb etməlidir ki, üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə əməl etsin. Əsk-təqdirdə ultimativ olaraq bildirilməlidir ki, bu işi Azərbaycan hərbçiləri yerinə yetirəcək”, - deyə Natiq Miri bildirib.
O əlavə edib ki, separatçı rejimin silahlıları nə qədər ki, bölgədədir oxşar təxribatlar davam edəcək. “Biz Xankəndində, Xocalıda, Xocavənddə, Ağdərədə də eyni situaisya ilə üz-üzəyik.
Üçtərəfli bəyanatda hər hansı statusdan söhbət getmir. Doğrudur, Putin deyib ki, status-kvo davam edir. Bu bəyanata uyğun deyil. Çünki status-kvonun davam etməsi seprataçı rejimin mövcudluğuna, cinayətkar Araik Arutyunyanın hələ də idarəetmənin başında olmasına işarədir. Əlbəttə ki, bu halda separatçıların yaralıqlaları da fəaliyyətdə olacaq və biz yeni təxribatlarla qarşılacağıq. Yəni, Rusiya bu silahlılar vasitəsilə Qarabağ yarasını qanatmaq imkanı əldə edəcək. Bu imkanı onlardan almalıyıq”, - deyə politoloq bildirib.
Hərbi ekspert Şair Ramaldanov isə bildirib ki, Qarabağda təxribatların olacağı gözlənilən idi. “Çünki hələ də orada başıpozuq silahlılar, terroçu qruplar qalıb və onlar hansısa dairələrə bağlıdır. Təbii ki, bu dairələrin sifarişi ilə də müəyyən təxribatlar törədəcəklər. Azərbaycanın güc strukturları da hazırda onları zərərsizləşdirməklə məşğuldur. Hesab edirəm ki, bu proses davam etməli və həmin qruplar tamamilə məhv edilməlidir”, - deyə ekspert vurğulayıb. (yenisabah)