BAYDEN PREZİDENT SEÇİLSƏ, ABŞ-ın TÜRKİYƏ SİYASƏTİ DƏYİŞƏCƏKMİ? –"Demokrat" namizədlə bağlı ziddiyyətli fikirlər səngimir - TƏHLİL
Məhərrəm Sarıqaya
“Habertürk”
Yenixeber.org: Utancaq mühafizəkar seçicilərin rəy sorğusu keçirənləri yenə də aldatdıqları ABŞ-da hər şey kilidləndi, ortada qaldı. Uzun müddət ərzində nəticə alınmaması, prosesin tıxanıb qalması ehtimalı da yüksəkdir.
Ancaq ABŞ sisteminin öz daxili hərəkət mexanizmi güclü olduğu üçün bu durumun çox da uzun müddət bu şəkildə qalacağına kimsə ehtimal vermir.
İndi isə seçkilərə Ankaradan baxışa gələk. Trampın öz vəzifəsinə davam etməsi nəticəsi çıxarsa, ABŞ-la münasibətlərə baxış əslində çox dəyişməyəcək.
Orta Şərqlə bağlı münasibətlərdə yaşanan gərginlik, bəlkə də, daha bir ton artaraq davam edəcək. Çünki bir daha seçilməmə kimi bir riski olmayacağı üçün Tramp, ABŞ-ın ağırlıq verdiyi siyasətlərdən sapmadan, bir dövlət adamı kimliyini qorumağa çalışacaq. Əlaqələrimiz bu gün olduğu kimi, “kor” və “topal” irəliləyəcək. Hələ Senatda da durumun, demək olar ki, başa-baş getdiyini nəzərə alsaq, Ankarada dünənkindən daha yaxşı bir vəziyyət gözlənilmir.
Baydenin qalib gələcəyi təqdirdə, problemlərin daha çox olacağını Ankarada çox adam qəbul edir. Çünki Tramp vəzifə başına gəldikdən sonra xüsusilə xarici işlər və kəşfiyyat orqanlarından bir çox şəxsin uzaqlaş(dırıl)masını təmin etdi. Onların əksəriyyəti Türkiyə ilə problemli şəxslər idi. Hamısı da Baydenlə işləməyə başladı. Seçki kampaniyası dövründə hamısı öz üzərlərinə önəmli vəzifələr götürdülər və BaydeninTürkiyəyə yönəlik mənfi çıxışlarının əsas səbəbkarları oldular.
Bunlara baxaraq Baydenin seçildiyi halda Türkiyə ilə olan problemlərin daha çox pisləşəcəyini düşünməyin. Doğrusu, Ankarada bu məsələ ilə məşğul olan şəxslər də bu nöqtəyə vurğu edir.
Öncəliklə nəzərə almaq lazımdır ki, Bayden Türkiyəni tanıyır, iki ölkə arasındakı əlaqələrin inkişaf tarixini bilir.
İkincisi, qarşısındakı ölkə Afrikadakı və ya Okeandakı kiçik ölkələrdən biri deyil.
Türkiyənin geopolitik önəmi
Geopolitik önəmi olan, NATO-nun 2-ci ordusuna sahib bir ölkəni yox saymaq və ya tam olaraq üstünə getmək ehtimalı, xüsusilə də Şərqi Aralıq dənizində daşların yenidən düzüldüyü bir dövrdə, elə də çox deyil.
Təbii ki, S-400, Xalqbank, Şərqi Aralıq dənizi, Suriya və kürd siyasətlərilə bağlı olaraq fikir ayrılıqları yaşanacaq. Lakin unudulmamalıdır ki, Obama ilk seçki kampaniyası dövründə qondarma “erməni soyqırımı”nı tanıyan ilk prezident olacağını söyləmişdi, ancaq bu yöndə heç bir addım atmadı.
Bundan əlavə, Klinton və Obamanın ilk hakimiyyət illəri Türkiyə-ABŞ əlaqələrində ən rahat dövrlər olmuşdur.
Bütün bunlar nəzərə alınarsa, ikisindən hansı biri gələrsə gəlsin, yekunda heç biri təkbaşına baharı gətirməyəcək.
Ayrıca, unudulmasın ki, ölkələrin dostluqları, düşmənçilikləri yoxdur, maraqları vardır. Diplomatiyanınn çarxı da bu mərkəzin ətrafında dönər.
Tərcümə: Strateq.az