Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“CƏNUBİ QAFQAZDA ABŞ-RUSİYA QARŞIDURMASI OLMAYACAQ” –“Daha çox Ermənistanda gözləmək olardı…”

ferda-32

Yenixeber.org: Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (SOROS) sabiq icraçı direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədovun müsahibəsini təqdim edirik.

- Fərda bəy, Donald Tramp “Rusiya izi” adlı araşdırmadan təmiz çıxdı, onun Rusiyanın adamı olması haqda iddialar öz təsdiqini tapmadı. Hadisələrin bundan sonrakı inkişaf ssenariləri necə ola bilər?

– “Rusiya izi”nin başa çatması və Trampa qarşı sübutların əldə edilməməsi sözsüz ki, ABŞ prezidentinin mövqeyini gücləndirib. Aydın olur ki, ona qarşı irəli sürülən ittihamlar və bu ittihamlar çərçivəsində ictimaiyyətin axınını təşkil edən onun siyasi rəqibləri xeyli miqdarda maliyyə sərf etsələr də, bir nəticə əldə edə bilməyib. Əlbəttə, bu fakt 2020-ci il prezident seçkilərində Donald Trampa üstünlüklər qazandıra bilər. Baxın, Konqresdə Trampa qarşı Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə siyasətinə görə ittihamlar səslənirdi. Ancaq “Rusiya izi”nin uğursuzluğa düçar olması fonunda Tramp siyasəti daha güclü şəkildə ortaya çıxır. Amma bu o demək deyil ki, Tramp arxayın formada siyasətini davam etdirəcək. İndiki geosiyasi durumda arxayınçılıq haqda danışmaq mümkün deyil. Bununla belə, biz Donald Trampın müəyyən uğurlarını da görürük. Bu yaxınlarda vacib bir hadisə baş verdi. Türkiyə ilə hərbi silah alış-satışında anlaşılmazlıqlar ortaya çıxıb, lakin ikinci trend də özünü göstərdi. Mən qarşılıqlı güzəştlər etməklə hərbi və siyasi əməkdaşlığın davam etdirilməsini nəzərdə tuturam.

- Ancaq bunun konkret təzahürləri yoxdur…

– Türkiyənin maliyyə naziri və Prezident Ərdoğanın kürəkəni Berat Albayrakın Vaşinqtona səfərini nəzərdə tuturam. Baxmayaraq ki, Donald Tramp tam rahatçılıq hissindən uzaqdır, amma eyni zamanda siyasətində çevik və gözlənilməz qərarları ilə seçilir. Vəziyyətdən asılı olaraq özünə uğur gətirəcək riskli qərarlar verməyə hazır siyasətçidir. Türkiyə ilə gərginlik davam etsə də, Tramp bu istiqaməti nəzər alır, Ankaradan gələn naziri qəbul edir, onunla müzakirələr aparır. Bu mənada vəziyyət nə qədər gərgin olsa da, Trampın növbəti dəfə prezident seçilmək üçün sarsıdıcı duruma düşə biləcəyi haqda fikir deməzdim.

- ABŞ administrasiyaları içində İrana qarşı ən sərt mövqeyni Tramp administrasiyası tutub. Trampın İranı hədələmək siyasəti nə ilə başa çata bilər?

– Konkret nəticə haqda bir söz demək mümkünsüzdür. Amma Donald Trampın siyasətində müəyyən qanunauyğunluqları diqqətə alaraq proqnoz verə bilərəm. Biz görürük ki, Tramp istər NATO daxilində, istər Avropa ilə münasibətlərdə nəinki bərabərhüquqlu tərəfdaşlıq siyasəti aparır, bəzən sarsıdıcı qərarlar verərək onları nəyəsə məcbur edir. NATO-nun maliyyələşməsi məsələsini, İqlim müqaviləsini buna misal kimi göstərə bilərik. İranın nüvə texnologiyası da bu qəbildəndir. Donald Tramp və onun arxasında duran komanda sanki təşəbbüsü bütövlükdə əlinə alır. Yaxın Şərq, Şimali Koreya və İran məsələsində bu özünü ifadə edir. Amerikanın birmənalı olaraq liderlik fəlsəfəsini məhz Tramp göz önünə gətirir və nümayiş etdirir. Beləcə, Amerika daxilində həm də özünə yeni-yeni tərəfdaşlar qazanır, seçicilərin liderinə çevrilir. Yəni açıq göstərir ki, onun administrasiyası müttəfiqlərinin qarşısında məsuliyyət deyil, ABŞ-ın təhlükəsizliyi, iqtisadi maraqları və dünyada bundan ötəri münasib şəraitin yaradılmasına üstünlük veririk. Hadisələr İranla bir araya gəlib gözlənilməz razılaşma əldə etmək imkanını açsa, Tramp buna çox asanlıqla gedəcək. İranı məhv etmək və sarsıtmaq məqsədi yoxdur, Tramp sadəcə öz ölkəsinin birmənalı liderliyi məqsədini ortaya qoyur.

- İrana qarşı müharibə ssenarisini real sayırsınızmı?

– Bunu gözləmək çox çətindir. Məncə, burada birmənalı hərbi qətiyyət göstərib nəticəsi məlum olmayan bir əməliyyatlara başlamaq ehtimalı yoxdur. Üstəlik, bəllidir ki, belə şəraitdə Rusiya hansı mövqedə olacaq. Avropanın münasibəti birmənalı olmayacaq. Yəni bunun baş verəcəyi gözlənilən deyil. Əksinə, ikitərəfli danışıqların başlanacağını istisna etmirəm. Sözsüz ki, İsrail və Səudiyyə Ərəbistanı İranın vurulması üçün canfəşanlıq göstərir və əslində onların vəzifəsi bundan ibarətdir. Ancaq onlara yardım etmək, dəstəkləmək də ABŞ-ın siyasətidir. Bu iki dövlətin Amerika kimi nəhəng dövlətin siyasətinə siz düşündüyünüz qədər təsir göstərə biləcəyinə inanmıram.

- Deyirsiniz ki, Tramp ABŞ-ın qlobal güc olduğunu və heç kimi saymadığını dünyaya nümayiş etdirir. Bəs növbəti mərhələdə Tramp administrasiyasının Rusiyanın həndəvərində – MDB məkanında daha aktiv siyasət yeritməsi və fəallıq nümayiş etdirməsi gözləniləndirmi?

– Açığı, mən düşünmürəm ki, bu birinci dərəcəli diqqət mərkəzində olan məsələ ola bilər. Amma bunu istisna da etmək olmaz. Siz görürsünüz ki, ABŞ və Rusiyanı qlobal siyasətdə nə qədər üz-üzə qoyan məsələlər var. Keçmiş SSRİ məkanında, ilk növbədə Ukrayna vacibdir. Ukrayna problemi olduğu halda düşünmürəm ki, Cənubi Qafqaz regionunda güclü ABŞ-Rusiya qarşıdurması baş versin. Məncə, bunu gözləmək doğru deyil. Amma hər şey bu iki dövlətin gündəmində olan məsələlər, onun həllindən, Rusiyanın nə dərəcədə güc göstərməsindən asılıdır. Əslində Rusiya-ABŞ qarşıdurmasını daha çox Ermənistanda gözləmək olardı. Ancaq bu baş vermədi. Ermənistan rəngli inqilabların sonuncu nümunəsi hesab oluna bilər. Amma görürsünüz ki, Ermənistanda da münasibətlər daxili region səviyyəsində həll edilir, nəinki qlobal səviyyədə. Bütün hallarda hesab edirəm ki, Ukrayna məsələsi Moskva-Vaşinqton xəttində əsas problem hesab oluna bilər.

- Rusiyaya qarşı sərt sanksiyalar davam edir. “Rusiya izi” təhqiqatından təmiz çıxan ABŞ prezidentinin Rusiya siyasəti nədən ibarət olacaq?

– Fikrimcə, çox şey Ukraynadan asılı olacaq. Yəni Rusiyanın Ukraynaya münasibətindən, Ukraynada keçirilən seçkilərin nəticəsindən, yeni Ukrayna hökumətinin hansı siyasət aparmasından asılı olacaq. Əgər biz indiyə qədər Ukraynada davam edən siyasətin davamını və artmasını görsək, əlbəttə ki, münasibətlərdə gərginlik özünü göstərəcək. Yox, əgər Ukrayna daxilində siyasət müəyyən qədər dəyişsə, yumşalsa, bu zaman ABŞ-ın təsir etmək və Rusiyanı məhdudlaşdırmaq imkanları azalacaq. Bəlkə də, hansısa kompromislər siyasəti ortaya çıxa bilər. Əslində kompromis siyasətinə ABŞ-dan daha çox Rusiya özü maraqlı olacaq. Bu mənada optimist olaraq beynəlxalq siyasətin daha sakit axarla getməsini görə biləcəyik. Bunun Yaxın Şərqə nə qədər təsir edəcəyi, bu regionda hansı kompromislərin əldə olunacağı ziddiyyətlərə də səbəb ola bilər. Bəlkə də Rusiya tərəfindən geriçəkilmələri görə biləcəyik.(azpolitika.info)

Vaqif NƏSİBOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam