Avropa rəsmisindən Qarabağ döyüşləri haqda
“Financial Times” qəzetinin bugünkü sayında Azərbaycana dair yer alan məqalələrdən biri də Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətdən bəhs edir.
"Xeberinfo.com": Məlumata görə, qəzet Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağa görə münaqişənin getdikcə gərginləşdiyini, sıradan toqquşma hallarının getdikcə daha təhlükəli xarakter aldığını və regional stabilliyi təhdid etdiyini yazır.
Qəzet yanvar ayından bəri təmas xəttində toqquşmaların müntəzəm xarakter aldığını, hər iki tərəfdən itkilərin olduğunu xatırladıb. Beynəlxalq müşahidəçilər deyirlər ki, 2014-cü il 20 illik atəşkəs dövründə itkilər baxımından ən ağır il olub.
“Risklər artır. Təmas xəttində toqquşmaların xarakteri getdikcə daha təhlükəli olur. Artıq bu toqquşmalar sadəcə snayper müharibəsi deyil. Hücum vertolyotları, artilleriya və daha artığıdır” – deyə Avropa ölkələrindən birinin rəsmisi qəzetə bildirib.
Məqalədə Azərbaycan və Ermənistan prezidentlərinin ötən il ərzində üç dəfə görüşdüklərini, ancaq bu görüşlərin heç birinin münaqişənin dinc yolla nizamlanması perspektivlərində irəliləyişə səbəb olmayıb. Əvəzində hərbi xərclər və hər iki tərəfdə düşmənçilik təbliğatı güclənib.
Müəllif qeyd edir ki, bu münaqişənin qızışmasının Avropa İttifaqı, Rusiya, Türkiyə və ABŞ-da da dəxli var. Çünki Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən neft-qaz kəmərləri təmas xəttinin yaxınlığından keçir.
“Cənab Əliyev və onun hökuməti uzun illər ərzində diplomatiyada heç bir irəliləyiş əldə olunmamasından çox məyusdur. Münhendə keçirilən ənənəvi təhlükəsizlik konfransında o şikayətləndi ki, Qərb nəhəngləri ikili standartlarda günahkardır. Çünki onlar Ukraynaya görə Rusiyaya qarşı sanksiya tətbiq edirlər, ancaq Ermənistanın BMT Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirməməsinə görə heç bir addım atmırlar” – qəzet yazır.
“Financial Times” Azərbaycanın hərbi qüdrətinin artmasından bəhs edir. Ermənistanın isə iqtisadi, siyasi və hərbi baxımdan Rusiyadan asılı olduğunu göstərir. Bildirir ki, Ermənistan Bakının itirilmiş əraziləri müharibə yolu ilə geri qaytarmasını istisna etmək üçün Rusiya ilə münasibətlərinə arxalanır.
“Lakin Azərbaycan hücuma keçsə və hərbi əməliyyatları Ermənistanla beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aparsa, Rusiyanın necə reaksiya verəcəyi aydın deyil” – məqalədə deyilir.
“Financial Times” xatırladır ki, Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi Minsk Qrupunun 22 illik vasitəçiliyi heç bir nəticə verməyib. Digər tərəfdən, 2008-ci ildə Gürcüstana hücum edib separatçı Abxaziya və Cənubi Osetiyanı de-fakto ilhaq edən Kremlin Minsk Qrupundakı əsl niyyəti barədə suallar qaldırır.
Bununla belə qərbli rəsmilər deyirlər ki, Ukraynaya görə Rusiya ilə Qərb arasında qarşıdurma Qarabağ münaqişəsinin nizamlanmasında əməkdaşlığa mane olmayıb.
ATƏT ölkələrindən birinin diplomatı isə deyir ki, hər iki tərəfdəki əhval-ruhiyyəni və silahlanmanı nəzərə alaraq indiki nəslin kompromislərə meylli olmadığını demək olar.
Virtualaz.org