Gömrük Komitəsi deputatın qardaşına cavab verdi: “Boğazlarına tökülən qurğuşun olacağıq” -TƏFƏRRÜAT
“Səbail Rayon Məhkəməsi Gömrük Komitəsinin iddiası əsasında – qısa idxal bəyannaməsi olmadığına görə bizi 1500 manat cərimə edib. Məhkəmə bizim iştirakımız olmadan işə baxıb. Məhkəmə qərarından apellyasiya şikayəti etdik. Dünən, iyulun 28-də şikayətimizə baxıb, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladılar. İlin-günün bu vaxtında üstümüzə 1500 manat da yüklədilər”.
Yenixeber.org: Bunu "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu sosial şəbəkə hesabından paylaşıb.
Qanun Nəşrlər Evinin rəhbəri paylaşdığı məlumatda bunları qeyd edib:
“Demək, sadə dildə izah edim: əgər, xaricdən yük gəlirsə, Azərbaycan sərhədinə yaxınlaşmamış, yük haqqında gömrük orqanına məlumat verirsən və üstəlik 36 manat pul ödəyirsən. Bu pul niyə ödənilir, bu da məlum deyil.
Əgər yükü gətirən şirkət vaxtında xəbər verməsə və sərhəddən keçirib sənə təhvil versə, onda batdın, dərhal 1500 manat cərimə olunacaqsan.
Yükün həcmi, dəyəri heç kəsi maraqlandırmır. Nə gətirirsən gətir, QİB verməsən, cərimə olunacaqsan.
Bu qayda gömrükdə islahatlar aparılandan sonra tətbiq olunmağa başlayıb.
Bir də gömrükdə “Ramal-Trans” (ada heç bir müdaxilə olunmayıb) deyilən bir tələ var. Kimin yükü gəldi, aparıb salırlar ora və yükün həcminə uyğun səndən pul alırlar. Bizdən bəzən 500-600 manat qopardırdılar. Heç bir sənəd də vermirlər. Bir dəfə gömrüyün sədrinə şikayətlə müraciət etdim, rəsmi cavab gəldi ki, bu, bizlik deyil. Deyən lazım, ay qardaş, əgər, bu sizlik deyilsə, onda adımıza gələn yükü o tələyə niyə salırsız? Malımızı “Ramal-Trans” ərazisinə girmədən deklarasiya edin, çıxıb gedək də.
Qayıdıram, ayın 28-ində olan məhkəməyə. Məhkəmə saat 10:00-da olmalıdır. Hakim görən kimi soruşdu:
– Bəs sən xaricdə deyildin?
– Yox, burda olmuşam.
– Sənə hörmətim var.
Adamın Allahı var, bütün hərəkətlərində, danışıq tərzində hörmətini hiss edirdim. Doğrusu, bu vəziyyətin özündən çox qorxuram. Çünki bu vaxta qədər məhkəmələrdə mənim əleyhimə çıxarılan qərarların demək olar ki, hamısı mənə hörməti olan hakimlər tərəfindən çıxarılıb.
Nəticə bəlli olsa da, sonu gözlədim. Gömrük orqanının nümayəndəsi gəlməmişdi. İclas katibi zəng edib çağırdı. Məhkəmə saat 11:30-da baş tutdu. Gömrük hüquqşünası da yaxşı oğlan idi, sübutu da çox sadə oldu. Bizim yükü gətirən maşın sərhədi səhər saat 7-də keçib. Kamerada fotosu var. Fotoda da saat göstərilib. Biz isə qısa bəyannaməni doldurmuşuq və ödəniş etmişik saat 11:00-da. Maşının şəkli var, sənəd var, vəssalam…
Hakim üzümə baxıb:
– Mən qanuna tabeyəm.
– Möhtərəm hakim, axı gələn kitabın dəyəri 1500 manatdan azdır.
– Nə edim qanunun tələbidir.
Gömrükdə islahatlar başlayanda ən çox sevinənlərdən biri mən oldum. …
Gömrükdə islahatlar başladı, “ura” dedik. Amma boğazımızda tikə qaldı. İndi gömrük boğazımızda qalan tikədir. Nə yuxarı qayıdır, nə də aşağı düşür.
Qısa idxal bəyannaməsini kim ixtira edib? Bəs bu cərimənin miqdarı haradan götürülüb? Bu Ramal trans niyə?
Bəzən xarici ölkələrə kitab göndərirəm. Bir neçə e-mail yazmaqla gömrük rəsmiləşdirilməsi asanlıqla həll olur. Heç Türkmənistanda da buradakı kimi problemlə üzləşmirəm. Rüsumlarını al, malımı göndər, gəlsin. Bu qaraçılıq, hər tin başı bir qutu qoyub pul yığmaq niyə gərək?”.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsi “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunun açıqlamasına münasibət bildirib:
“Bu gün bəzi kütləvi informasiya vasitələrində özünü “Qanun nəşrlər evi”nin rəhbəri kimi təqdim edən Şahbaz Xuduoğlu adlı şəxs qanunsuz əməlinə “qanuni don” geyindirməyə çalışaraq gömrük orqanlarını şər və böhtan dolu fikirlərlə ittiham edib. Belə ki, ölkəyə idxal etdiyi yükə görə qısa idxal bəyannaməsini təqdim etməyən bu şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən min beş yüz manat məbləğində cərimə edilib.
Xatırladım ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə müvafiq olaraq, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur.
Göründüyü kimi, Şahbaz Xuduoğlu qanunla müəyyən edilmiş cəriməni ödəməkdən yayınır və çarəni bu məsələni kütləvi informasiya vasitələrində işıqlandırmaqla tapmağa çalışır. Özü də etiraf edir ki, müraciət etdiyi bütün məhkəmə instansiyalarında tam haqsız olduğu sübuta yetirilib. Yenə də qanundan boyun qaçırmaq üçün yollar axtarır. Burda deyirlər: "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı".
O ki qaldı Şahbaz Xuduoğlunun məlum yazıda anbarlarla bağlı səsləndirdiyi fikirlərə, bildirirəm ki, ümumiyyətlə həmin dayanacaqlar Komitənin sisteminə daxil olan qurum deyil və burada göstərilən xidmətlərin növü, dəyəri sahibkarla dayanacaq sahibi tərəfindən tənzimlənir. Yük nəqliyyat vasitələrinin gömrük orqanları tərəfindən məcburi qaydada həmin dayanacağa yönləndirilməsinə dair iddialar isə tamamilə cəfəngiyyatdır. Son illərdə gömrük sistemində aparılan islahatların hədəfi və həmin islahatları uğurla reallaşdıran gömrük orqanlarının məqsədi ondan ibarətdir ki, məmur-sahibkar təması minimuma endirilsin, biznes subyektləri ümumiyyətlə gömrük orqanına gəlməsin. Lakin bunun üçün sahibkarlıq subyektləri bir sıra kriteriyalara malik olmalıdır. Həmin kriteriyalar yerinə yetirildiyi təqdirdə istənilən sahibkar öz malını birbaşa anbarına yönləndirərək gömrük əməkdaşının iştirakı olmadan boşalda bilər və yüzlərlə “Yaşıl dəliz” iştirakçısı şirkətin bugünkü fəaliyyəti buna bariz nümunədir.
Bir sözlə, ölkəmizin gömrük orqanları xarici ticarət iştirakçılarına münasibətdə kimliyindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq hər kəsə eyni prizmadan yanaşır və başlıca meyar qanunvericiliyə əməl edilməsi, qanuni ticarətin inkişafıdır. Qanunsuzluq edən, cinayət törədənlərə qarşı isə, Şahbaz Xuduoğlunun dili ilə desək, gömrük nəinki boğazlarında qalan tikə, boğazlarına əridilib tökülən qurğuşun olacaq".
Məlumat üçün onu da bildirək ki, Şahbaz Xuduoğlu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlının qardaşıdır.