Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

KORRUPSİYAYA ƏFV?...

 

Bütün səylərə, islahatlara, cəza tədbirlərinə baxmayaraq, bütün dünyada olduğu kimi, Azərbaycanda da korrupsiyanın kökünü kəsmək mümkün olmur və yəqin ki, heç vaxt da mümkün olmayacaq.

Yenixeber.org: Burada korrupsiyanın lehinə işləyən mentalitet amilindən tutmuş qanunlardakı boşluqlara, maariflənmə səviyyəsinə, cəzasızlıq mühitinə qədər olduqca çoxlu sayda səbəblər mövcuddur. Və bu səbəblərin tezliklə aradan qalxacağını düşünmək bir qədər çətindir.

Son dövrlərdə texniki və inzibati baxımdan korrupsiyanın genişlənməsinin qarşısını alan çoxsaylı tədbirlərə, xüsusilə də “ASAN Xidmət” kimi uğurlu layihənin yaradılmasına, bir çox nazirlik və qurumların başına təmiz reputasiyalı şəxslərin gətirilməsinə və s. baxmayaraq, təəssüf ki, tez-tez iri ölçülü korrupsiya cinayətlərinə görə cəza alan şəxslərin azadlığa buraxılmasına dair xəbərlərə rast gəlinir.

 

 

Bununla bağlı nümunələr kifayət qədər çoxdur. Məsələn, hazırda məşhur “rabitə işi” ilə bağlı həbs olunan iri çaplı məmurlardan heç biri həbsxanada deyil. 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) aparılan yoxlamalar zamanı həbs edilən və 2017-ci ildə10 il, hətta 13 il azadlıqdan məhrum edilən məmurların hamısı hazırda azadlıqdadır. 

Onların əksəriyyəti elə həmin ilin sonlarına doğru bir-bir azad olunmağa başladılar. İri məbləğli korrupsiya cinayətləri özləri tərəfindən etiraf edilmiş və istintaqla sübuta yetirilmiş həmin məmurların əksəriyyəti şərti cəza ilə azadlığa buraxıldı. Onların arasında hətta əfv sərəncamına düşənlər belə oldu.

Eyni situasiya “MTN işində” də müşahidə olunmaqdadır. Bu işdə də həbs olunanların bir çoxu artıq azadlıqdadır. Ümumiyyətlə, Azərbaycanda siyasi yüklü işləri nəzərə almasaq, korrupsiya ittihamı ilə həbs olunub, kifayət qədər qısa müddətdən sonra azadlığa çıxan məmurların siyahısını xeyli uzatmaq olar. Bu isə artıq uzun illərdir ki, korrupsiya cinayətlərinə görə verilən cəzalara dair qeyri-ciddi münasibət formalaşdırıb. Xüsusilə də ölkənin məhkəmə-hüquq sistemindəki boşluqlar və çatışmazlıqlar problemin dərinləşməsində mənfi rol oynayır.

Hələ də vəzifədə olan bəzi məmurlar fikirləşirlər ki, “filankəs 40 milyon mənimsədi, 5 milyonunu qaytarıb şərti cəza ilə azadlığa çıxdı”. Deməli, o da xalqın, büdcənin pulunu talayıb, sonra da onun bir hissəsini qaytarmaq və qısa bir müddət həbsxanada qalmaqla istəyinə nail ola bilər. Belələrinin həbsxana həyatına gəldikdə isə, bu, əksər hallarda cəzadan çox istirahət xarakteri daşıyır. Hamı bilir ki, belə korrupsioner məmurların azadlıqdan məhrumetmə yerlərində günləri heç də pis keçmir. Ayrıca kamera, hamam, tualet, televizor, soyuducu, hətta telefona qədər hər şeylə təmin oluna bilirlər. Bu isə korrupsiya ilə mübarizənin effektini xeyli azaltmış olur...

Lakin dünyada başqa nümunələr də var. Məsələn, bu günlərdə Türkmənistan hökuməti korrupsiya cinayətlərinə görə məhkum edilmiş şəxslərin əfv edilməsini qadağan edən qərar verib. Beləliklə, korrupsiyaya görə həbs olunanlara əfv sərəncamlarının tətbiqi qadağan olunur. Xatırladaq ki, sözügedən qanunun qüvvəyə minməsi keçmiş daxili işlər naziri İsgəndər Mulikovun korrupsiya cinayətlərinə görə mühakimə edilməsindən 10 gün sonraya təsadüf edib.

 

 

Doğrudur, Türkmənistanı korrupsiyadan azad, şəffaf ölkə kimi təqdim etmək doğru olmazdı və bu ölkədə qanunların əsasən prezidentin şəxsi istəkləri və şıltaqlıqlarına uyğunlaşdırıldığı da sirr deyil. Lakin istənilən halda, korrupsiyaya görə cəzalandırılanların əfv sərəncamlarına salınmamasının özü, bu bəlanın kökünün kəsilməsinə xidmət edən maraqlı ideyadır.

Sinqapur nümunəsi isə daha sərt və effektiv sayıla bilər. Həm də ona görə ki, bu ölkənin tətbiq etdiyi üsullar real nəticələr verib. Belə ki, Sinqapurda dövlət məmurlarına yüksək əmək haqqı verilir. Lakin paralel olaraq da korrupsiya cinayətlərinə görə olduqca sərt cəzalar tətbiq olunur.Sinqapur qanunlarına görə, korrupsiyada əli olduğu sübut edilən məmurlar heç bir halda bağışlanmaya, şərti cəzaya, əfvə ümid edə bilməzlər.

Bizdə hələ ki, bu modellərin heç biri tətbiq olunmur. Ancaq ümid edək ki, Azərbaycanın, nəhayət, öz modeli olacaq və korrupsiyaya bulaşan məmurlar asanlıqla cəzadan qaça bilməyəcəklər.(azpolitika)

Cəlal MƏMMƏDOV 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam