Nəqliyyat xidmətinin “Nabran yolçuluğu” -Cibimizi belə soyurlar...
Yenixeber.org: Yay aylarında insanların ən çox üz tutduqları yerlərin istirahət -əyləncə mərkəzlərinin olmasını vurğulamaqla “Amerika kəşf etmiş olmuruq”. Doğma Azərbaycanımızda bu amacla üz tutulan başlıca məkanın Nabran oduğu da gizlin deyil. Tam əminliklə deyə bilərik ki, Nabran yurdumuzun dincəliş-əyləncə mərkəzidir. Özəlliklə iyunun sonlarından Nabrana Bakıdan və digər yerlərdən turistlərin köçü başlanır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, ayrı-ayrı həmkarlar təşkilatları insanların yollayışlarla təminatı və dincəlişi üçün üzərlərinə düşən görəvi layiqincə yerinə yetirsələr də, nəqliyyat sahəsində ciddi problemlər qalmaqdadır. Gerçəkdə sözügedən ciddi problemlər süni şəkildə yaradılır.
Bakıdan Nabrana 212 kilometrlik yola görə hər kilometrə 2,5 qəpik hesabı ilə 5,30 manat gediş haqqı müəyyən olunub. Kassalarda, “online” qaydada Nabrana və digər yaşayış məntəqələrinə bilet almaq indi problem deyil. Başlıca problem hər iki tərəfə bilet satılmaması və Nabrandan ,eləcə də digər məntəqələrdən nəinki online , ümumiyyətlə bilet satışının gerçəkləşməməsindədir. Nabranda isə heç avtovağzal yoxdur, onda qala bilet satışı kassası olsun. Fikrimizcə, bu süni şəkildə yaradılmış ciddi problemdir və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və yanındakı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin , Bakı Beynəlxalq Avtovağzalının qanunsuz gəlir əldə etməsinə hesablanıb. Təsəvvür edin, avtovağzalın 4060158/59 sorğu telefonundan Bakı -Nabran reysinin son dayanacaq yerinin harada olmasına cavab verilmir, sadəcə “sürücü bilir” deyə, telefon qapadılır. Sürücünün “bildiyi” isə sərnişinlərdən əlavə adambaşına 1 manat, bir çox hallarda 2 manat qarşılığında yol boyunca yerləşən istirahət mərkəzlərinin yanında düşürməyə görə haqq almaqdır. Baxın, əlində bileti olan sərnişinlərdən əlavə yol haqqı tələb edilməsi, yolçuluq -dilənçilik deyil, bəs nədir? Nabrana yolu (avtobusla) düşməyənlər əlavə haqq ödənişinin məcburi olmadığını fikirləşəcəklər. Əsla! Sərnişinin həddi nədir, sürücünün pul tələbinə əməl etməsin, anında sükanı geriyə yönəldib, çatdığını bildirəcəklər. Necə ki, iyulun 14-də Bakıdan saat 12-20 -də çıxan 10-NS-034 saylı reysin harınlamış sürücüsü içində əlil, uşaq olan sərnişinləri, hətta istədiyi haqla razılaşmalarına baxmayaraq yarı yolda düşürüb. Guya Nabran avtovağzalı Xudatın yanındadır! (?). Halbuki bu marşrutların hamısının son dayanacaq yeri “Xəzər” turbazasıdır. Nabrandan Bakıya və digər yerlərə də “Xəzər”dən yola düşülür. Bilet satışı olmadığından adambaşı 6 manata başa gələn gediş üçün uşaqlara görə də tam biletin pulu alınır. Halbuki kassa və “online” bilet satışında uşaqlara 50 faizlik güzəşt olunur.
“Nabran yolçuluğu”na son qoyulması üçün bu yaşayış məntəqəsində konkret dayanacağın, bilet satışını həyata keçirən avtovağzalın təşkil edilməsi Nəqliyyat Xidmətinin görəvinə aid olsa da, sözügedən xidmətdən Nabran bələdiyyəsinə müraciət edildiyi və yolun ortasında “Sunset” adlanan istirahət mərkəzinin yanında dayanmaq üçün sahə ayrılacağı bildirildi. Axı, avtovağzal məsələsini nəqliyyat xidmətinin üzərinə düşür və niyə “Xəzər” yox, yolun ortası, sorğumuza kənddə avtovağzalın yaradılmasının yolverilməz olduğu deyildi. Qəribə məntiqdir, kənddə aeroport olar, amma avtovağzal yox? Onu da vurğulayaq ki, bələdiyyənin yer ayırmağına ehtiyac da yoxdur . Görünən yola nə bələdçi, “Xəzər” turbazasının yanı çoxdan avtobusların, taksilərin dayanacaq yeri -vağzal kimi fəaliyyət göstərir. Sadəcə, burada “qutab köşkü”ndən də balaca bilet köşkü ayırmaq nə çətindir? Həm qutab satar, həm də kitab, çaşdım, bilet. Yolçulardan yolçuluq edilməsinə yalnız bu yolla son qoyula bilər.
Məğrur Bədəlsoy