İNANAQ, İNANMAYAQ?
Yenixeber.org: İpə- sapa yatmayan insanları, mənəm- mənəm deyib meydan sulayanları qanun ipə- sapa yatırır, mənəm- mənəm deyənləri meydandan çıxarır, uzaqlaşdırır. Bundan da belə bir fikir yaranır ki, dürlü- dürlü qanunlar olmasa ailələr dağılar, dövlətlər çökər, dünya bir-birinə qarışar. Şükür ki, bunların hamsının qarşısını kəsən qanunlardı. Deyirəm, nə yaxşı qanunlar var. Bəzi adamlarla qanun dilində danışanda onlar qorxur və yazıqcasına: "Qanun qarşısında mənim boynum qıldan da nazikdir"- deyir. Ona görə ki, qanunu dəyişmək, ona qarşı çıxmaq olmaz.
Amma bu gün gördüyümüz, eşitdiyimiz bunun tamamilə əksini deyir. Bəzi yüksək çinli məmurlar var ki, onlar qanunu saya salmır, ondan qorxmur, çəkinmir, hətta yeri gələndə barmağını soxub iki gözünü bir deşikdən çıxarır. Bu ailə qanunlarında da, dövlət qanunlarında da, lap beynəlxalq qanunlarda da belədir.
Çox vaxt qanun verici orqanlar tərəfindən qanunlar yüksək səviyyədə müzakirəyə çıxarılır, düzəlişlər, əlavələr edilir və qəbul olunur. Qəbul olunduğu gündən də qüvvəyə minir.. Qüvvəyə minən qanunun işləyib, işləməməyi də qalır onun ciddiliyinə. Bu ciddilik də olmayanda qanun başını qoyur yerə və başlayır yavaş- yavaş ölməyə. Bu yerdə deyirlər ki, doğulan qanun elə bələkdəcə boğuldu.
Sizləri bilmirəm, son vaxtlar mənim TV- lərə baxmaq həvəsim tamamilə ölüb. Bunun da o qədər səbəbləri var ki. Birincisi, səviyyəsiz verilişlərin baş alıb getməsi, muzdlu siyasi icmalçıların yalançı şərhləri, reklamların dəqiqə başı verilib əsəblərimi korlaması, həqiqətə uyğun olmayan xəbərlərin tamaşaçılara həqiqət kimi sırınması və s və ilaxir.
Hərdən xəbərlərinə baxdığım ATV- in son xəbərlərində dedilər ki, bəs deməzsənmi bundan sonra avtobus dayanacaqlarında parklama edən, avtobusların normal dayanmasına mane olan takisilərin sürücüləri haqqında ciddi ölçülər götürüləcək, kameralar quraşdırılacaq. Bir sözlə hər şey qanunla yoluna qoyulacaq. Bu xəbəri eşitdiyimdən çox vaxt keçib, amma hələ ki, real bir şey görünmür. Yenə köhnə hamam,köhnə tas. Belə xəbərlər TV-lər də bir deyil, beş deyil. Artıq tamaşaçılar yalan xəbərlərdən iyrəniblər, beziblər.
Hamıya məlumdur ki, 20 Yanvar metro stanyasının dörd tərəfə çıxışı var. Yadımdadır Sovet dönəmində o vaxta görə qardaş olan Latviya respublikasının dövlət xorunda min nəfər insan çıxış edirdi. Ondan əhalisi daha çox olan bizim respublikada isə xor kollektivinin çox az üzvü var idi. Tamaşaçılarımız xor ifasına demək olar ki, biganə idilər. Bəlkə də ondakı sənət incəliyini latviyalılar kimi başa düşmürdülər. Şükürlər olsun ki, bu gün 20 Yanvar metro stansiyasının Sumqayıta (çerez Saray. İfadə mənim deyil ), Xırdalana, Müşviqə, Cəlilabada,Masallıya,lənkərana, Sədərəyə,Meyvəliyə və s istiqamətlərə müştəri çağran xor kollektivlərinin istənilən qədər üzvüləri var. Özü də bu "ifalar"yol polislərinin nəzarəti altında olur.
İnandırıram sizləri ki, bu mənzərəni məmurlardan biri görsə, "xor" kollektivlərinin "ifasını" bir dəqiqə dinləsə, baş götürüb ölkədən çıxar.Ancaq bir ölkə vətəndaşı olaraq bizim hər bir səsi , hər bir "ifanı" eşitməyə, saz başımız var.
Bu gün hərkəs bir tikə çörək qazanmaq üçün səhərin gözü açılmamış çölə çıxır. Evinə çörək aparan da, apara bilməyənlər də olur. Amma ən şirin çörək heç kimə ziyan vermədən qazanılan çörəkdir. Çörəyimizi şirin eləmək üçün gəlin, qanunların aliliyini qoruyaq. Bu çağrış bütün məmurlara və sadə vətəndaşlaradır.
Məhərrəm Şəmkirli
AYB və AJB-nin üzvü