3-cü mədən küçəsində zibilliyi satanlar, analoqu olmayan iri milçəklər...-Bakı reallıqları, reportaj
Bakının Binəqədi rayonu, 3-cü mədən küçəsindəki nəhəng zibilliyin üzərini torpaqla örtərək satışa çıxarıblar. Üfunət və xəstəlik mənbəyi olan ərazidə artıq onlarla evin bünövrəsi qazılıb.
Yenixeber.org: Bu barədə həmin ünvanda yaşayan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, bir neçə hektar ərazini əhatə edən zibillikdən tullantılar bələdiyyənin texnikası vasitəsilə magistral yola tərəf kürünür, nəticədə satmaq üçün boş ərazilər hazırlanır.
“İllərdir bu zibilin qoxusundan, antisanitariyadan şikayət yazmadığımız ünvan qalmayıb. Ötən il jurnalistlər gəlib yazdılar, işıqlandırdılar. Ondan sonra bələdiyyədən gəlib başladılar buranı torpaqlamağa, zibillərin üstünü örtməyə. Sevindik, elə bildik zibillik təmizlənəcək. Sən demə zibillərin üstünü torpaqlayıb özlərinə gəlir yeri düzəldirlər. İndi həmin o natəmizlik və xəstəlik mənbəyi olan ərazilər satılır”, - bunu virtualaz.org-a qəsəbə sakini Sədrəddin Hacıyev deyir.
“Burada ev tikənlər xəstəliyi özlərinə satın alırlar...”
Onun sözlərinə görə, zibillər magistral yola doğru küründüyü üçün ərazidə geniş boş sahələr yaranıb. Həmin sahələr ayrı-ayrı şəxslərə ev tikmək üçün satılıb. Artıq satılan torpaqlarda hasarlar çəkilib, hətta bəzilərində ev tikmək üçün bünövrələr də qazılıb.
Sakinlərin sözlərinə görə, burada torpağın sotu 800-1000 manat arasındadır: “Mən bir neçə il əvvəl burada sot yarımlıq ərazini 1500 manata alıb ev tikdirmişdim. Amma mənim evim zibillikdən bir qədər uzaqdadır. Hazırda qiymətlər yerindən asılı olaraq 800-1000 manat arasında dəyişir. Düzdür burada insan yaşamaz, amma görünür imkansızlıqdan insanlar bu ərazilərə pul verirlər, xəstəliyi özlərinə satın alırlar...” - deyə həmsöhbətimiz deyir.
Analoqu olmayan iri milçəklər
Bu zibilliyə ən yaxın ev Divangir Məmmədovundur. Əslən Naxçıvandan olsa da, bir il əvvəl məcburiyyətdən bura sığınıb.
“Xüsusən yayda burada yaşamaq dözülməz olur. İy-qoxu bir yana, milçəklər də adama imkan vermirlər. Burada elə iri milçəklər olur ki, mən onu heç yerdə görməmişəm. Ucuz satılır deyə camaat məcbur olub bu xarabalıqdan torpaq alır. Əslində heç kim gəlib belə yerdə yaşamaz. Pulum olsa, mən də gedib normal yerdə özümə ev tikərəm. Hamı məcburiyyətdən burada məskunlaşıb. Yaxınlıqda da kanalizasiya sularının axıdıldığı gölməçə var. Yayda bir tərəfdən də onun qoxusu bütün əraziyə yayılır. Vəziyyətimizi deməyə ehtiyac yoxdur, bələdiyyə də görür, hamı da görür. Amma çarə edən yoxdur”, - deyə D. Məmmədov bildirir.
Zibil təpələrinin arasında tullantılardan tikilmiş kiçik daxma diqqətimizi cəlb edir. Qapısını döymək istəsək də, onu tapa bilmirik. Şifer qırığı, beton parçaları, dəmir çəlləklər və tentdən düzəldilmiş “ev”dən səsimizə səs verən tapılmır.
Zibillikdən qənimət toplayanlar üçün iş yerləri
Zibilliyin bir hissəsi təmizlənsə də, digər tərəfdə zibil qalaqları, leş-dəri hissələrindən ibarət üfunətli təpəciklər, qamışlıqla örtülmüş bataqlıq hələ də qalır. Həm də zibilliyin yeri dəyişdirildiyindən artıq ora zibil boşaldan avtomobillərin hərəkəti üçün yol da salınıb.
Poliqondakı zibillikdən plastik butulkalar, şüşə qablar, dəmir tullantıları və pula gedə bilən digər bu kimi qənimət toplayanlar da iş başındadır, onların arasında qadınlar da var. Amma reportyor görən kimi danışmaqdan imtina etdilər: “Bizim də işimiz budur, hər gün burada eşələnib nəsə tapmasaq çörəyimiz olmaz. Çəkəcəksiz, bizi buradan da qovub çıxaracaqlar, qalacağıq ac-susuz”, - zibillikdə qənimət axtaran qadınlardan biri dillənir.
Əlləri titrəyə-titrəyə təzə boşaldımış tullantıları çeşidləyən ağ saçlı qoca isə danışmaq istəsə də, dili söz tutmur. Həmkarları onun ağır xəstəlik keçirdiyini, tək yaşadığını deyirlər.
7 uşaqlı Ağdam köçkünü: “Bu zibillikdən günə 5-6 manat qazanıram...”
Daha bir zibil toplayan Elşən Fərhadov isə cəsarətli çıxaraq söhbətə razı olur. Güzaranından gileylənən həmsöhbətimiz deyir ki, çörəyi bu zibildən çıxır, uşaqlarını buradan qazandığı pulla məktəbə yollayır ki, təhsil ala bilsinlər.
“7 uşağım var, çox çətinliklə dolanıram. Buradan gün ərzində 5-6 manat çörəkpulum çıxır. Uşaqlarımın 5-i məktəbə gedir. İstəyirəm məktəbdən yayınmasınlar, amma çox çətinlik çəkirəm. Heç yerdən də kömək yoxdur. Qaçqınlara verilən çörəkpulu və 5 uşaqdan artıq olduğuna görə 35 manat müavinət alıram. Hər gün bu zibillikdə səhər tezdən axşama kimi işləyirəm”-Elşən deyir.
E. Fərhadov Ağdam rayonundan məcburi köçkündür. Deyir ki, iki il bundan qabaq sosial yardım alsa da, artıq ona bu yardımı da vermirlər.
“Sosial yardım üçün müraciət edirəm, deyirlər işlə. Harada işləyim? DSMF –yə getdim, aldatdılar. Sənədləri topladım, dedilər düzəldəcəyik düzəltmədilər”, - deyə E. Fərhadov bildirir.
Qəfil başlayan güclü külək və zibil fırtınası
Qəfil başlayan güclü külək bizi zibil poliqonundan tez ayrılmağa məcbur edir. Çünki külək zibillikdən hər cür tullantını havaya qaldırır, əsl zibil burulğanı yaradır. Belə vəziyyətdə bu üfunətin ortasında qalıb nəfəs almaq mümkün deyil. Amma 3-cü mədən küçəsinin bitməyən problemlərini bütün yol boyu müşahidə edirik. Əlbətdə, az əvvəl ayrıldığımız zibillik Bakıda xaotik məskunlaşmanın dah bir acınacaqlı nümunəsi olan bu küçənin yol, qaz, su, kanalizasiya və digər infrastruktur problemlərini kölgədə qoyur...
“Bələdiyyənin torpağı qalıb ki, sataq da?...”
Virtualaz.org 3-cü mədən küçəsində yerləşən zibillik ərazisinin satılmasına aydınlıq gətirmək üçün Binəqədi qəsəbə bələdiyyəsi ilə əlaqə saxlayıb. Bələdiyyədən həmin zibilliyin ərazisinin onlar tərəfindən satılmadığını bildiriblər.
“Bizim bələdiyyəmizin balansında torpaq qalıb ki, sataq? Ola bilsin oranı əvvəllər kimsə alıb , indi “maklerlər” vasitəsilə satırlar. Bəlkə də, qanunsuz zəbt edib satırlar. Həmin ərazini kimin satdığını bilmirik”-bələdiyyənin özünü təqdim etmək istəməyən nümayəndəsi telefon zəngimizə cavab olaraq bunları deyib.
Gülnar Əliyeva
Foto Samirə Həsənovanındır
Virtualaz.org