İş adamı uşaq meydançasını ələ keçirdi -Günəşlidə (FOTOLAR)
Suraxanı rayonu, Günəşli qəsəbəsində S. Mehmandarov küçəsində yaşayış binalarının arasında yerləşən və həmin bina sakinlərinin istifadəsi üçün nəzərdə tutulan futbol meydançası hasara alınaraq sökülüb.
Yenixeber.org: Bu isə sakinlərin haqlı narazılığına səbəb olub.
Musavat.com-un müxbiri adıçıəkilən ərazidə olub, sakinlərin şikayətini dinləyib. Qeyd edək ki, meydança Səməd bəy Mehmandarov küçəsi bina 20-nin qarşısında yerləşir. Sakinlərin sözlərinə görə, 3 il öncəyə qədər bu ərazi həm məhəllə uşaqlarının futbol meydançası, həm də sakinlərin istirahət yeri olub. Daha sonra həmin ərazini alan hansısa iş adamı ərazini hasarlayıb: “Üç ildir ki, stadionu hasarlayıblar. Ətrafda olan binaların sakinləri üçün istirahət yeri idi. Bir günün içərisində dəmir hasarlarla bağladılar. Hansı səbəbdən bağlandığını isə öyrənə bilməmişik. Əraziyə tez-tez nəzarətçi şəxslər gəlir. Nə tipli bir obyekt olacağını bilməsək də, tikinti aparılacağı aşikardır. Böyük ehtimalla hündürmərtəbəli bina tikəcəklər”.
Qeyd edək ki, Sovet dövrünün son illərində tikilən bu doqquzmərtəbəli binalar arxitektura tələblərinə tam cavab verir. Zəlzələ, yanğın və təbii fəlakətlər zamanı əhalinin təxliyyəsi üçün hər cür şərait yaradılıb. Binanın həyəti də bütün normativ tələblərə uyğun qurulub və uşaqlar üçün oyun meydançası nəzərdə tutulub. Lakin sonradan bu cür hasarlama və tikinti işlərinin aparılması sakinləri həmin şəraitdən məhrum edub.
Adının çəkilməsini istəməyən sakin buranın imkanlı bir şəxs tərəfindən zəbt olunduğunu dedi: “Əvvəllər hər cür şəraitimiz var idi. Uşaqlar üçün idman alətləri mövcud idi, futbol oynamaq üçün rahat yer idi. Yaşlılar axşamlar yığışıb nərd, domino oynayardılar. Hər şeyi sökdülər. Bir gün gəldilər ki, buranı hasarlayırıq. İki-üç bahalı maşın meydançaya daxil olub, ölçü işləri apardılar Səhəri gün hasarlama işlərinə başladılar. Sakinlər səbəbini öyrənməyə çalışalar da, heç bir məlumat vermədilər. Onlardan sadəcə “gedin, işinizlə məşğul olun” sözünü eşitdik. Çox gümanki Suraxanı Rayon İcra Hakimiyyəti ərazini hansısa iş adamına satıb. Çünki icra hakimiyyətinin saytında bu barədə məlumat yoxdur”.
Sakinlər arasında gedən dialoqdan o da məlum oldu ki, ərazi hasarlanan zaman onlara buranın nazirliklərdən biri tərəfindən alındığı bildirilib. Daha sonra narazı sakinlərin rəğbətini qazanmaq üçün əraziyə gedən yolun asfalt örtüyünü yeniləyiblər. İş adamının kimliyi haqqında isə dəqiq bilgi əldə edə bilmədik.
Sakinlərin digər bir problemi isə ətrafın zibillik içərisində olmasıdır. Belə ki, binaların yaxınlığında yerləşən qum zavodunun tozu evlərə dolur. Bundan əlavə, S. Mehmandarov küçəsi magistral yola yaxın yerləşdiyindən burada çox sayda ictimai-iaşə obyektləri yerlərşir. Sexlər, kafelər, avtomobil servislərindən çıxan tullantılar “Dərə”yə atılır. Yığılan zibil tullantılarının pis qoxusu ətrafa yayılır. Həmin ərazidəki sakinlər üçün nəzərdə tutulan zibil qutuları isə bu obyektlərin tullantıları ilə dolur. Rayonun digər qəsəbələrindən də zibil maşınları ilə gətirilən tullantılar həmin əraziyə tökülür.
Sakinlər yay aylarında gəmirici həşəratların və ağcaqanadların çoxluğundan həyətə çıxmağa çətinlik çəkdiklərini bildirirlər: “İllərdir ki, bu qəsəbə sahibsiz qalıb. Yaşayış evlərinin yaxınlığında zavod olarmı? Başa düşə bilmirə, yük maşınlarına niyə icazə verirlər ki, yaşayış məntəqəsinin bir addımlığına zibil töksünlər. Aidiyyatı qurumlar hara baxır?”
Sakinlər Köhnə və Yeni Günəşli qəsəbələri arasında fəaliyyət göstərən qum zavodunun fəaliyyəti nəticəsində ətraf mühitin çirklənməsindən də narazıdırlar: “İllərdir ki, toz-torpaq içərisində yaşayırıq. Qum emalı zamanı külək tozu evimizin içinə kimi gətirir. Eyvandan paltar asa bilmirik".
Çəkiliş zamanı biz də zavoddan çıxan tullantıların yük maşınları ilə gətirilib, yaşayış binalarının yaxınlığındakı təpələrin üstünə boşaldıldığının şahidi olduq.
Qeyd edək ki, burada zibilxana yandırılarkən zaman-zaman güclü yanğınlar baş verib. Ötən il iyulun 9-da Səməd bəy Mehmandarov küçəsində "Dərə" adlanan ərazidə məişət tullantıları alışıb və çətinliklə döndürülmüşdü.