Dövlət korporasiyasının rəhbəri Azərbaycanda pambıqçılığı ciddi tənqid etdi-Tütünün də mayası çox bahadır
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə “Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının 4-cü ilinin yekunları: qarşıda duran vəzifələr” mövzusunda keçirilən tədbirdə pambıqçılıq və tütünçülük sahəsindəki problemləri ciddi tənqid edib.
Yenixeber.org: Baş direktor deyib ki, pambıqçılığın hər sahəsində, hər bir mərhələsində çox böyük problemlər, qüsurlar var. Həm ölkə rəhbərliyinin, həm korporasiya rəhbərliyinin bundan xəbəri var. Buna görə də istehsaldan başlamış satışa qədər nəzarət gücləndiriləcək.
Nəbizadə qeyd edib ki, Azərbaycanın tütünçülük sektorunda da pambıqçılıqla oxşar problem yaşanır. Tütün istehsalının maya dəyəri yüksəkdir və hətta anormal rəqəmdir. Tütünçülükdə problem əkindən başlayır. “Fermerlərlə iş qurmaq lazımdır. Yaxşı fermerlərlə işi genişləndirib, vəsaiti qaytarmayan fermerlərə təsir etmək üsulları düşünülməlidir. Problemlərin nəticəsi olaraq, biz keyfiyyət üzrə istdəyimiz nəticəni ala bilmirik. Satışda da problemlər yaşayırıq”, - korporasiya rəhbəri söyləyib.
Nəbizadə əlavə edib ki, Azərbaycan Sənaye Korporasiyası olaraq, pambıqçılıq üzrə dövlətin proqramlarının icrasının 30-35%-i onların payına düşürsə, tütünçülükdə bu göstərici 90-95% təşkil edir. Yəni, əsas yük onların üzərindədir.
“Azərbaycan Sənaye Korporasiyası” ASC ötən ilin noyabrında prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. Sərəncama əsasən korporasiyanın yaradılması “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nə əsaslanır. Və məqsəd dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaqdır.
Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyib ki, Azərbaycan Sənaye Korporasiyası həm tütün, həm də pambıq istehsalı ilə məşğuldur. Onun sözlərinə görə, korporasiyanın baş direktoru Kamran Nəbizadə tabeliyindəki şirkətlərin statistikasına, təhlillərinə əsasən belə bir fikir söyləyə bilər. Amma onun açıqladığı problemləri bütün respublikaya şamil etmək olmaz.
“Korporasiya özəl şirkətlərlə işləyir. Tütün və ya pambıq istehsalında məhsulun maya dəyəri onların şirkətləri üçün yüksək ola bilər. Amma becərmə texnologiyasının ardıcıllığına düzgün əməl etdikdə məhsuldarlıq da yüksək olur. Məhsuldarlıq isə maya dəyərini tənzimləyir”, -Cümşüdov söyləyib.
Korporasiyanın tabeliyində olan “CTS-AGRO" Məhdud Məsuliyyətli ötən il 29 min hektar sahədə 50 min 941 ton pambıq yığıb, məhsuldarlıq 18 sentnerə yaxın olub. Cümşüdovun sözlərinə görə, digər şirkət var ki, onlarda məhsuldarlıq daha yüksək olub.
Azərbaycanda tütün istehsalının əsəs hissəsi korporasiyanın tabeliyində olan “İnter-Tobacco” MMC-nin üzərinə düşür. Cümşüdovun sözlərinə görə, MMC daha çox “Virciniya” növlü tütünə üstünlük verir. “Virciniya” növünün keyfiyyət yüksək olsa da, məhsuldarlıq az olur. Yerli tütün növləri var ki, məhsuldarlıq dəfələrlə yüksək olur və fermerlər satışda çətinlik çəkmirlər.
“Prezident İlham Əliyev müşavirələrdə kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı üçün dəfələrlə konkret tapşırıqlar verib. Artıq pambıqçılıq və tütünçülüüyn inkişafı üçün dövlət proqramı təsdiqlənib, vəzifələr müəyyənləşdirilib. Ənənəvi sahələr üzrə rayonlar müəyyənləşdirilib. Azərbaycanda pambıqçılıq, tütünçülük, baramaçılıq kimi ənənəvi sahələrin inkişafı üçün güclü potensial var. Əsas həfəf yerli istehsalla təlabatı təmin etmək, xarici bazarlara çıxış tapmaqdır. Regionlarda kənd təsərrüfatı sahəsində çoxsaylı yeni iş yerləri yaradılıb”,-şöbə müdiri əlavə edib.
İqtisadçı-ekspert Qadir İbrahimli isə deyir ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC dövlət şirkətidir və bu şirkətin rəhbəri çıxıb pambıqçılıqda, tütünçülükdə ciddi problemlər olduğunu deyirsə deməli onun dedikləri məmurların danışdıqları ilə üst-üstə düşmür.
“Rəsmi statistik göstəricilərə əsasən pambıqçılıqda, tütünçülükdə, digər kənd təsərrüfatı sahələrində irəliləyişlər var, vəziyyət ürəkaçandır. Amma belə görünür ki, real vəziyyət rəqəmlərin yaratdığı mənzərədən fərqlidir”-Q.İbrahimli deyir.
Ekspertin fikrincə, problemləri rəqəmlərlə örtməkdənsə açıq müzakirəyə çıxarmaq, mütəxəssislərin iştirakı ilə müzakirə edib aradan qaldırmaq, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xarici investisiyaları cəlb etmək lazımdır.(virtualaz)
Ülviyyə Xudiyeva