“Rüsvayçı polis”lərin sayı niyə azalmır? -“Nəzarət gücləndirilməlidir”
Dünən sosial şəbəkələrdə və mətbuatda yayılan polis inspektoru Elvin Mövlanovun sürücüyə qarşı qeyri-insani hərəkətlərini əks etdirən videogörüntüləri böyük rezonans doğurub.
Xeberinfo.com: Onun sürücüyə qarşı hərəkəti aidiyyəti qurumlarda araşdırıldıqdan sonra, Daxili İşlər Orqanlarından xaric edilməsiylə bağlı qərar verildi.
Məlumdur ki, bu hadisə Azərbaycanda ilk deyil. Bundan əvvəl də dəfələrlə mətbuatda polislərin qeyri-etik rəftarları ilə bağlı videolar yayılıb. Onlardan bəziləri cəzalandırılıb, bəziləri işdən çıxarılıb. Lakin görünən odur ki, polis əməkdaşları həmkarlarının cəzalandırılmasından dərs almırlar və yenə də öz bildikləri kimi rəftar edirlər.
Bəs günahkar kimdir?
Məsələ ilə bağlı BakiPost.az-a danışan Yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, polis orqanlarında gündəlik xidmətə hərtərfəli nəzarət olmalıdır və polis sistemindəki nəzarət gücləndirilməlidir: “Polis orqanlarında 10 minlərlə insan xidmət edir. Konkret dövlət yol polisində bir neçə min əməkdaş çalışır. Bunların arasında nizam-intizamsız, vəzifə səlahiyyətlərindən sui-istifadə edən, vətəndaşa hörmətsizlik edən, vətəndaşın ləyaqətini alçaldan, yüngül düşüncəli polislər də var. Hətta insani münasibətlərdə kobudluğa yol verən belə insanlar var.
Belə hallar var və olmaqda da davam edir. Bu problemi işləmək lazımdır.
Bu 10 minlərlə polis əməkdaşlarının da konkret rəhbərləri var. Məsələn, dövlət yol polisində çalışanların tağım komandirləri, baş inspektorları var. Bu adamlar mütəmadi olaraq fəaliyyətdə gündəlik məlumatlandırma aparmalıdır. Bu edilmədlir ki, belə adamları əvvəlcədən aşkarlaya bilsinlər.
Polis əməkdaşında bir dəfə nöqsan tapan kimi ona diqqət edilməlidir ki, əməkdaş başqa nələr edə bilər. Burda bir balaca boşluğa yol verilən kimi həmin mənzərələr yaranacaq”.
Ərşad Hüseynov qeyd edib ki, DİN strukturunda bu cür halların qarşısını almaq üçün hər cür şərait var: “Nazirlikdə daxili nəzarət sistemi var. Hətta əməkdaşlar belə onları tanımır. Bilmirlər ki, onlar kimdir. Həmçinin əməkdaşlara birbaşa yüksək vəzifəli şəxslər nəzarət edir. Bu səmərəli olmalıdır. Elə olmalıdır ki, belə hallar olmasın. Çünki yayılan hər bir pis xəbər polisin bütün xidmətinə zərbədir. Dövlət yol polisinin bu hərəkəti Azərbaycan yol hərəkəti təhlükəsizliyinə birbaşa zərbədir ki, bizim polisimiz vətəndaşların təhlükəsizliyini, ictimai asayişi qorumaq üçün deyil, vətəndaşları ələ salmaq üçün yola çıxır”.
Ekspert vurğulayıb ki, başda nazir Ramil Usubov olmaqla hər kəs bu barədə düşünməlidir: “Yeri gəlsə nəzarət gücləndirilməlidir. Vaxtaşırı əməkdaşları yoxlamadan, attestasiyadan keçirtmək lazımdır. Amma tam ciddi şəkildə. Heç bir güzəştə yol verilmədən. Çünki dünən yayılan videoda 3 qanun pozuntusu var idi. Öncə təlimatı pozurlar. Avtomobildə oturub vətəndaşla danışırlar. Amma avtomobildən düşməli idi. Daha sonra sürücüyə kələk gəlir. Çünki 700 manat cərimə yoxdur. Sürücüyə deyilən pozuntular düzdürsə, onun 80 manat cəriməsi var.
Eyni zamanda vətəndaşı təhqir edir. Onun yazıq sifət almasını həzzlə qəbul edir. O insan manyakdır. O şəxs polisdə deyil, orta statuslu vətəndaş kimi cəmiyyətin üzvü olaraq belə təhlükəlidir. Elə adamlar nəinki polis sıralarında, cəmiyyətdə belə olmamalıdır”.
Ə. Hüseynov təsadüfi insanların çətin şəraitdə işləyən polislərin də əməyini heç etdiyini qeyd edib: “Bu sistemdə olan şəxslərin çox bir qismi çətin vəziyyətdə işləyirlər. Amma belə bir səviyyəsiz, manyak çıxıb onların zəhmətini yerə vurur. Ona görə onların özləri belə nəzarətə maraqlı olmalıdır. Sosial araşdırmalar aparılmalıdır ki, onlar arasında belə adamlar var”.