Əlavə dəyər vergimizi kimlər və necə mənimsəyirlər? -ARAŞDIRMA
Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə fiziki şəxs olan istehlakçılara əlavə dəyər vergisi (ƏDV) ödənilir. Bunun üçün ilk növbədə hər bir vətəndaş ticarət və ictimai iaşə obyektlərində etdiyi ödənişlər üzrə çekləri toplamalıdır. Ardınca www.edvgerial.az portalına daxil olmalı, şəxsiyyətini təsdiq edən sənədin FİN kodunu, doğum tarixini və mobil nömrəsini müvafiq bölmələrə daxil edərək qeydiyyatdan keçməli, “elektron kabinet” yaratmalıdır.
Yenixeber.org: İstehlakçı ödəniş müqabilində nəzarət-kassa aparatının verdiyi hər bir çekin 12 simvollu fiskal ID-ni portala daxil etməli, yaxud müvafiq mobil əlavə ilə çekin üzərində olan QR kodu oxutmalıdır. 30 gün sonra elektron kabinetdə çek üzrə ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15, nağd ödənişlər üzrə 10 faizi əks olunacaqdır. Artıq bir neçə ildir ki, Azərbaycan vətəndaşları bu qayda ilə dövlətin onlar üçün yaratdığı imkandan yararlanır, topladıqları ƏDV məbləğindən müxtəlif məqsədlər üçün istifadə edirlər. Bu, müsbət haldır və hər bir insan tərəfindən məmnunluqla qarşılanır.
Yeganə narazılıq yaradan məqam budur ki, bəzi ticarət və iaşə obyektlərinin ayrı-ayrı işçiləri tərəfindən vətəndaşlara ödəniş müqabilində çek təqdim etmək ya “yaddan çıxır”, ya da istehlakçıya verilən çekin ƏDV-si artıq portala yüklənmiş olur. Misal üçün, redaksiyamızla telefon əlaqəsi saxlayan Bakı şəhər sakini Kəmalə Əzizova bildirir ki, tanınmış market şəbəkəsinin birindən davamlı olaraq alış-veriş edir. Ödəniş müqabilində aldığı çeklərin üzərindəki müvafiq məlumatları dərhal portala daxil edəndə ƏDV-ni geri qaytarmaq olur. Amma çekin üzərindəki məlumatı bir-iki gün gec portala daxil edəndə məlum olur ki, həmin çekə görə ƏDV artıq ödənilib.
Şikayətçinin iddiasına görə, alış-veriş müqabilində kassa aparatından çıxan hər bir çek iki nümunədə olur. Birinci nümunə istehlakçıya verilir, ikinci nümunə kassada ödənişi qəbul edən şəxsdə - xəzinədarda saxlanılır. Günün sonunda və ya bir-iki gün sonra həmin xəzinədar toplanılan çeklərin məlumatlarını portaldakı şəxsi kabinetinə daxil edir, istehlakçılara çatacaq məbləğləri özü mənimsəyir. Beləliklə də, gün ərzində maaşdan əlavə 20-30 manat pul qazanır. Necə deyərlər, dama-dama göl olur. Kobud şəkildə ifadə etsək, xidmət sektorunda fəaliyyət göstərən şəxs bu yolla vətəndaşın cibinə girir, ƏDV-sini oğurlayır, nəticə etibarilə istehlakçıların hüququnu pozur.
Maraqlıdır, Kəmalə xanımın üzləşdiyi neqativ hallara qarşı necə mübarizə aparmaq olar? İstehlakçıların hüquqlarını pozan, ƏDV-ni oğurlamaqla vətəndaşlara maddi ziyan vuran xidmət sektoru işçiləri buna görə hansı məsuliyyəti daşıyırlar? Məlumat üçün qeyd edək ki, belə neqativ halla rastlaşan vətəndaşlar ƏDV çeki təqdim edilməklə, ilkin instansiya olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şəxsən, yaxud elektron qaydada müraciət edə bilərlər. Fakt ətraflı araşdırıldıqdan sonra qanun çərçivəsində müvafiq addım atılacaq.
Məsuliyyət məsələsinə gəlincə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında dedi ki, təsvir olunan hadisə vətəndaşların ƏDV çeklərinin ayrı-ayrı şəxslər tərəfindən oğurlanması halıdır:
“Əgər vətəndaş hansısa ticarət mərkəzində istənilən məhsula görə ödəniş edibsə, bunun müqabilində ona çek təqdim olunubsa, sözügedən çekə görə qaytarılmalı məbləği almaq mümkün olmursa, ilk növbədə alış-veriş edilən ticarət mərkəzinə müraciət olunmalı, məsələ aydınlaşdırılmalıdır. İstehlakçının müraciətinə əhəmiyyət verilməzsə, bu zaman müvafiq vergi orqanına şikayət edilməlidir. Müəyyən olunsa ki, istehlakçıya məxsus ƏDV çekindən ondan xəbərsiz kimlərsə istifadə edib, bu, oğurluq əməlinin tərkibini yaradır”.
Vəkil söylədi ki, belə əmələ yol verən şəxs və ya şəxslər özgənin əmlakını gizli olaraq talama ilə bağlı cinayət məsuliyyəti daşıyırlar:
“Bu oğurluq faktı ənənəvi üsulla deyil, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulduğu kimi, elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə edilməklə törədilir. Bu əməl nəticəsində vətəndaşlara xeyli miqdarda ziyan vuran şəxs 1 ildən 3 ilə qədər, yaxud 2 ildən 5 ilə qədər azadlığın məhdudlaşdırılması cəzası ala bilər. Eyni əməl külli miqdarda ziyan vurmaqla törədildikdə daha ağır cəza ilə nəticələnir. Belə halda həmin şəxslər 5 ildən 10 ilə, xüsusilə külli miqdarda ziyan vurulmaqla törədildikdə isə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər. Düzdür, ƏDV çeklərində külli miqdarda vəsaitin olması mümkün deyil. Amma yenə də bu əmələ görə məsuliyyət nəzərdə tutulub”. (kaspi)