“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara -60 mln manat qaytarılıb
Ötən ilin may ayından etibarən bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalda (
www.edvgerial.az)1,34 milyondan çox istifadəçi qeydə alınıb.
Yenixeber.org: Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məıumata görə, “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2021-ci ilin 1-ci rübünün sonunadək portalda qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən iki bank üzrə ümumilikdə 147 111 792 çek üzrə 60 192 462 manat ƏDV məbləği geri qaytarılıb.
“2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir. “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” ASC-lərin maliyyə partnyorları olduğu, biznes ictimaiyyəti və vətəndaşlar tərəfindən rəğbətlə qarşılanan layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir.
2021-ci ilin 1-ci rübü ərzində çek əlavə edən müştərilərin sayında artım dinamikası müşahidə edilib. Belə ki, əgər yanvar ayında portalda qeydiyyatdan keçmiş 779.018 istehlakçı sistemə çek əlavə etmişdisə, mart ayında bu rəqəm 1 026 757 nəfərə çatıb ki, bu da “ƏDV geri al” layihəsinə olan marağın sürətlə artmasını göstərir. Bütövlükdə, 2021-ci ilin 1-ci rübü ərzində 67 101 388 kassa çeki üzrə 26 770 074 manat ƏDV məbləği istehlakçılara geri qaytarılıb”-deyə açıqlamada qeyd edilir.
Xatırladaq ki, qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.
İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim edir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya əlavə olaraq POS-terminaldan çıxarış da verilməlidir.
İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin, “Kapital Bank”ın BirBank və ya “Azərbaycan Beynəlxalq Bankı”nın “Iba mobile” tətbiqlərinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər.
İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır. Nəzarət-kassa aparatı çekinin təsdiqlənməsi istehlakçının elektron kabinetində dərhal əks olunur. ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə isə 10 faizi müvəkkil banklar tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual “pul qabı”na yerləşdirilir. İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər.
Qeyd edilməlidir ki, Vergi Məcəlləsində nəzarət-kassa aparatının çeklərindəki məlumatlarla bağlı konkret tələblər mövcuddur ki, bu məlumatlara vətəndaşlar tərəfindən diqqət yetirilməlidir. Fiskal çeklərdə məhsulun adının qeyd olunmaması, çeklərin ümumi tələblərə uyğun olmaması (malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin məbləği); nəzarət-kassa aparatının markası və zavod nömrəsi; nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti); malın sürətli məlumat kodu (Quick Response Code) və s.) ƏDV-nin geri alınması üçün müraciətə imtinaya səbəb ola bilər.
Qeyd edək ki, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir.