6 saylı Cəzaçəkmə Müəssisəsində daha nələrə göz dikirlər?-AKTUAL
Yenixeber.org: Məlum olduğu kimi cinayət törədərək cəza alan hər bir məhbusa dövlət tərəfindən ayda müəyyən qədər xərc sərf olunur. Cinayət törədərək təqsirləndirilən şəxs kimi islah müəssilərində cəza çəkənlərin sayı haqqında statistik məlumatlara malik olmasaq da, informasiya vasitələrindən hər gün baş verən cinayət hadisələrinin xronikası barədə məlumatlar alırıq. Bu isə törədilən cinayətlərin sayının heç də az olmadığını göstərir. Təbii ki, bütün cinayətlərin son yolu da cəzaçəkmə müəssisələrindən keçir.
Azərbaycanda cəzaçəkmə müəssisələrinin vəziyyəti əvvəlki illərlə müqayisədə müəyyən qədər yaxşılaşdırılıb. Son illər təqsirləndirilən şəxslərin və məhkumların yaşayış yerlərinə yaxın ərazilərdə və müasir müəssisələrdə saxlanılması, habelə cəza çəkməsini təmin etmək məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən respublikanın regionlarında müxtəlif kateqoriyalı məhkumların bir müəssisə çərçivəsində saxlanmasını nəzərdə tutan yeni qarışıq rejimli müəssisələr kompleksləri inşa etdirilib. Dövlət tərəfindən dustaqların təminatı, saxlanma şəraiti, qidalanması, tibbi yardımı ilə yanaşı cəzaçəkmə müəssisələrinin də saxlanılmasına hər il milyonlarla manat vəsait ayrılır. Bu xərclərə həbsxanaların mühafizəsi, təmiri, yeni həbsxana korpuslarının tikilməsi və sair işlər də daxildir. Bəs bütün bu kimi işlər hansı yollarla aparılır?
Şübhəsiz ki, qanunla müəyyən edilmiş qaydada, dövlət satınalmaları yolu həyat keçirilməlidir. Amma Penitensiar Xidmət büdcədən ayrılan vəsaitlərin hamısınımı tender yolu ilə xərcləyir? Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda ilk baxışdan Penitensiar Xidmətin keçirdiyi tender və kotirovka sorğularında heç bir problemin olmadığı görsənir. Amma bu belədirmi? Buna növbəti yazıların birində ayrıca qayıdacağıq.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə tabeli 6 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurları ətrafında araşdırmalar aparmışıq. Araşdırmalarda sözügedən müəssisənin Tender Komissiyası tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyi məlum oldu. Belə ki, müəssisədə dövlət satınalmaları haqqında qanunun tələblərinə əməl edilməmiş, elan olunmuş və keçirilmiş kotirovka sorğularının nəticələri barədə dövlət satınalmalarının vahid internet portalına heç bir məlumat yerləşdirilmişdir.Bu isə tender və kotirovka sorğularında saxtakarlıq hallarına yol verilməsindən, habelə satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsi üçün əvvəlcədən planlaşdırılmış əməldən başqa bir şey deyildir.
Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən 2021-ci ildə keçirilmiş, lakin nəticələrinin ictimaiyyətdən gizlədildiyi şübhəsi doğuran kotirovka sorğuları aşağıdakılardır:
Kotirovka (alınan malların adı göstərilməyib) üzrə 01.12.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Dəftərxana və təsərrüfat xərcləri üzrə 25.10.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Xammal və materialın alınması üzrə 21.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Maşın və avadanlıqların alınması üzrə 19.11.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Dəftərxana və təsərrüfat ləvazimatlarının satın alınması üzrə 04.06.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Mebel istehsalı üçün xammal və materialların alınması üzrə 06.04.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsi yalnız 2020-ci ildə mebel istehsalı üçün xammal və materialların satın alınması üzrə keçirilmiş açıq tenderin nəticələri açıqlanmış, “OMEQA-5” MMC ilə 99 981 manat məbləğində müqavilənin bağlanıldığı göstərilmişdir. Dövrü mətbutda bu MMC-nin qanuni təmsilçisinin vaxtı ilə kriminal aləmlə yaxınlığı, daha sonra isə təmsilçinin adının dəyişdirildiyi, əslində isə bir oliqarx məmura aid olması barədə məlumatlar yer alıb.
Göründüyü kimi, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsinin Tender Komissiyası yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının keçirilməsi barədə elan versə də, keçirilmiş kotirovka sorğularının nəticələri, habelə müqavilələrin bağlanması barədə heç bir məlumat açıqlamamış, ayrılan vəsaitlər barədə məlumatları gizlətmişdir. Yuxarıda qeyd etdiyimiz elanlardan da görsəndiyi kimi Cəzaçəkmə Müəssisəsi tərəfindən keçirilmiş kotirovka sorğularında “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 10-cu maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur.
Xüsusilə qeyd etmək istərdik ki, 2019-2021-ci illərdə Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən keçirilmiş tender və kotirovka sorğularının nətcələri barədə dövlət satınalmalarının vahid internet portalının bazasında heç bir məlumat yerləşdirməyib. Bununla bağlı müəssisəsinin Tender Komissiyasına ünvanladığımız sorğu məktubu isə cavabsız qaldı.
İndi çox istərdik ki, cavabsız qalan bu suallara Ədliyyə Nazirliyinin müavini, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənov aydınlıq gətirsin. 6 saylı Cəzaçəkmə Müəssisəsi keçirilmiş kotirovka sorğularının nəticələrini nə üçün ictimaiyyətə açıqlamır, nə üçün gizlədir. Onsuz da 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi oradan kifayət qədər gəlirlər əldə edir. Bu barədə dövrü mətbuatda, sosial şəbəkələrdə yayılmış çoxsaylı şikayət dolu məlumatlara da rast gəlmək mümkündür. Bunlar yetmirmi ki, dövlətin dəftərxana və təsərrüfat malları, xammal və materiallar üçün ayırdığı vəsaitə də göz dikirlər?(aktualinfo.org)