Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Penitensiar Xidmətdən ana olan məhbusla bağlı açıqlama

 

Yaşar İsakov: “Lamiyə Quliyeva şəxsi istəyi ilə dünyaya övlad gətirib”

Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Quliyeva Lamiyə Sahib qızının övlad dünyaya gətirməsi barədə yayılan xəbərlərə münasibət bildirilib. 

"Xeberinfo.com":  Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov APA-ya açıqlamasında adıçəkilən məhkumun şəxsi istəyi ilə övlad dünyaya gətirdiyini deyib: “Ona qarşı hər hansı zorakılıq faktı qeydə alınmadığı, cəzaçəkən şəxs özü ilə bağlı məlumatların ictimailəşməsini istəmədiyi və nəhayət Azərbaycan qadını olduğu nəzərə alınaraq Lamiyə Quliyevanın şəxsi həyatına, şərəf və ləyaqətinə hörmətlə yanaşıldığı üçün bu məsələ Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən qabardılmayıb.

Təəssüf ki, vətəndaş cəmiyyəti təşkilatları içərisində səmərəsiz fəaliyyəti ilə seçilən, ictimaiyyətə heç bir töhfə verməyən və yalnız görülən işlərə ikrah hissi ilə yanaşaraq ictimai fikri özünə cəlb etməyə çalışan bir sıra QHT rəhbərləri və KİV nümayəndələri məhkum Lamiyə Quliyevanın övlad dünyaya gətirməsi xəbərindən şou yaratmağa cəhd edirlər.
Məhkum hamilə olduğu müəyyən edildiyi vaxtdan Tibb Baş İdarəsi tərəfindən həkim nəzarətinə götürülüb, onun zəruri tibbi qayğı ilə əhatə olunması təmin olunub. Lamiyə Quliyeva ötən il oktyabrın 16-da Bakı şəhəri 2 saylı Doğum Evində oğlan uşağı dünyaya gətirib. Cəza çəkdiyi müddətdə ana olmuş digər məhkumlar kimi Lamiyə Quliyevaya də xəstəxanadan çıxdıqdan sonra qanunun tələblərinə uyğun olaraq cəzaçəkmə müəssisəsindəki uşaqlı analar üçün nəzərdə tutulmuş yataqxanada xüsusi şərait yaradılıb.
Onun dünyaya gətirdiyi uşağın atasının kimliyinə gəlincə, bununla bağlı araşdırma aparılır. Məhkum həbsdə olduğu müddətdə istər 4 saylı cəzaçəkmə müəssisəsində, istərsə də İstintaq təcridxanasında, məhkəmədə və müalicə müəssisəsində dəfələrlə qohumları, yaxınları və dostları ilə görüşüb, həmçinin qısa və uzun müddətli görüşlərdə olub. Məsələ ilə bağlı hazırda tibbi ekspertiza tədbirləri həyata keçirilir”.
Y. İsakov qeyd edib ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabe qurumlarında saxlanılan qadın məhkumların hamiləliyi və övlad dünyaya gətirmələri Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin və Penitensiar xidmətin nəzarətindədir və buna xüsusi dövlət qayğısı var: “Hazırda qadın müəssisəsində 5 nəfər azyaşlı uşağı olan məhkum saxlanılır. Penitensiar Xidmət aidiyyəti dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə bu sahədə sıx əməkdaşlıq edir. Həmin qadınların saxlanma şəraiti, ailələri ilə bağlı problemləri, müxtəlif rəsmi sənədlərinin hazırlanması kimi bütün qayğıları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və müxtəlif QHT-nin diqqət mərkəzindədir. Azyaşlı uşağı olan məhkumların saxlanma şəraitinin KİV-də işıqlandırılmasına Penitensiar Xidmət tərəfindən dəfələrlə şərait yaradılıb, QHT və KİV-lərin bu təşəbbüsləri təqdir edilib. Penitensiar Xidmət həmçinin cəzaçəkmə müəssisələrində keçirilən nikah mərasimləri, məhkumların öz yaxınları ilə qısa və uzun müddətli görüşlərinə yaradılan şəraitlə bağlı ictimaiyyətə geniş məlumat verib.
Penitensiar Xidmət bir daha bildirir ki, övlad dünyaya gətirmək bütün qadınlar kimi törətdikləri cinayətə görə cəza çəkən qadınların da haqqıdır. Azadlıqdan məhrum edilmələrinə baxmayaraq, ölkə qanunvericiliyinə görə, bu şəxslər ana olmağa hazırlaşdıqları müddət ərzində və övlad dünyaya gətirdikdən sonra tam dövlət qayğısı ilə əhatə olunur, müvafiq rejimdən azad edilir və cəzaçəkmə müəssisəsində yaradılmış hərtərəfli şəraitlə təmin olunurlar” .
Qeyd edək ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddələrinə əsasən təqsirləndirilən L. Quliyeva və nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam