Yenixeber.org: Son illərdə ədliyyə sistemində aparılan islahatlar Ədliyyə Nazirliyininin Penitensiar Xidmətindən də yan keçməyib. İstər təminat, istər cəzaçəkmə müəssisələrinin maddi-texniki bazası və vəziyyəti baxımından, istər məhkumların yaşayış yeri ilə bağlı, istər səhiyyə xidmətlərinə çıxışla bağlı, rejim yerinin dəyişdirilməsi ilə bağlı, şərti azadlıqdan məhrumetmə ilə bağlı çox işlər görülüb. Ölkə Prezidentinin Penitensiar Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi, cəza siyasətinin müasirləşdirilməsi, həbs qətimkan tədbiri, cinayət prosessual məcburetmə tədbirlərinin optimallaşdırılması ilə bağlı verdiyi sərəncamlar əhəmiyyətli dərəcədə cəzaçəkmə sisteminin mahiyyətinə təsir edib.
Etiraf etmək lazımdır ki, cənab Ceyhun Həsənov Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin olunduğu ilk gündən başlayaraq bu sahədə aşkar irəliləyişlərə nail olunub. Xüsusilə penitensiar xidmətin cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, habelə nöqsanların aradan qaldırılması ilə bağlı kifayət qədər müsbət nəticələr əldə olunmuşdur. Məhz bu illərdə penitensiar xidmətin rəhbərliyi tərəfindən şəffaflığın artırılmasına xüsusi fikir verilir, vəzifədən sui-istifadə, korrupsiya halları ilə bağlı daxil olan ərizə və şikayətlər nəzarətə götürülür və hərtərəfli araşdırılır. Həmçinin qeyd etmək lazımdır ki, bu dövr ərzində penitensiar müəssisələrin əməliyyat aparatlarının fəaliyyəti də xeyli aktivləşib. Bununla belə, son vaxtlar xidmətin bəzi cəzaçəkmə müəssisələrindən daxil olan məlumatlarda artıq həyəcan notları açıq-aşkar duyulmaqdadır.
Bu günlərdə redaksiyamıza daxil olan səhih məlumatlarda Penitensiar Xidmətin Xaçmazdakı 1 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinin fəaliyyətində müşahidə olunan neqativ hallardan, korrupsiya və rüşvətxorluqdan, müəssisənin rəhbərliyi tərəfindən yol verilən ayrı-ayrı ciddi qanun pozuntularından bəhs olunur. İddia olunur ki, Xaçmaz 1 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsində dövlətin məhkumlara ayırdığı ərzaq məhsulları müəssisə rəisi tərəfindən mənimsənilir, ayrı ayrı yerlərdə satılır. Maddi imkanlı şəxslərin pul müqabilində aylığa (evlərinə) buraxılmaları adi hala çevirilib. 1 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi hər bir imkanlı məhkuma “yağlı-əppək” kimi bağır. Məlumatlı mənbə iddia edir ki, hansı ki müəssisə rəhbərliyinin yaratdığı “daxili qaydalara” əməl edən, onun qanunsuz tələblərini yerinə yetirmək imkanı olan məhkumlar hamısı aylığa buraxılıblar.
Məsələn, əvvəllər məntəqədən aylığa çıxmaq istəyən məhkumlar əvvəlcədən 1000 manat verib, hər ay da 100-110 manat aylıq verirdilərsə, artıq indi bu qaydalar dəyişib. İndi aylığa çıxmaq arzusunda olan məhkumlar bəri başdan 3000 (üç) min manat, hər ayda 160-180 manat civarında pulu müəssisə rəhbərliyinə verməlidir ki, o da başqaları kimi evə – ev dustaqlığına burxılsın. O da başqaları kimi aylıq ödəməklə cəzasını evdə çəkə bilsin. Bu “qaydalara” və “tələbləri” yerinə yetirməyə nə gücü, nə də ki, imkanı olmayan və yaxudda ki, maddi imkanı zəif olan məhkumlar nə illah etsələrdə faydası olmur, qalırlar dörd divar arasında. Əlində 1000 manatı olan məhkum aparıb o pulu rəisin qabağına qoysa ki, imkanın buna çatır, onu da aylığa buraxsın, oda cəzasını evdə çəksin, əsla bu mükün olmayacaq. Kişi sözü bir olar. Üç min! Bu məsələdə maraq doğuran məqam, bilirsiniz nədir? Dövlət müəssisəsini biznes obyektine çevirən rəis bu pulları (rüşvəti) Penitensiar Xidmətin rəisi, hörmətli general Ceyhun Həsənova çatdığını deyir.
Əslində biz inanmırıq ki, hörmətli general Ceyhun Həsənov hansısa dustağın yeməyinə, puluna göz tiksin. Onun buna ehtiyacı yoxdur. Sadəcə bəzi müəssisə rəisləri meydanı geniş görüb, çaqqallıq edirlər.
P.S. İnanırıq ki, hörmətli Ceyhun müəllim ən qısa zamanda 1 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsində yoxlamaların başlanılmasına göstəriş verəcək, aylığa buraxılan ev dustaqlarının hansı şərtlər altında buraxıldıqları və verdikləri aylıq haqlarının kimlərin cibinə girdikləri aşkarlanacaq, müəssisə rəisi barəsində yetərli tədbirlər görüləcəkdir. Gözləyək, görək…(RealMedia.az)