Gözüyaşlı ağbirçək ana Suğra Daşdəmirova oğlunun 305 min dollarını ələ keçirib, mənimsəyən Qamət Süleymanovdan Baş Prokuror Kamran Əliyevə və Daxili İşlər Naziri Vilayət Eyvazova şikayət məzmunlu müraciət məktubu göndərib.
Yenixeber.org: Gözüyaşlı ağbirçək ana Suğra Daşdəmirova fəryad qopararaq, Baş Prokuror Kamran Əliyevə və Daxili İşlər Naziri Vilayət Eyvazova göndərdiyi müraciətində bildirib ki, 50 manata covid pasportu satan həbs edilir, oğlumun 305 min dollarını ələ keçirib mənimsəyən Qamət Süleymanov isə baş müstəntiq tərəfindən müdafiə olunur.
Gözüyaşlı ağbirçək ana Suğra Daşdəmirovanın redaksiyamıza da göndərdiyi müraciəti olduğu kimi oxucuların nəzərinə çatdırırıq:
Hörmətli cənab Nazir,
Hörmətli Baş Prokuror,
İzn verin, Sizləri, eləcə də rəhbərlik etdiyiniz çoxsaylı, nəhəng kollektivlərinizi səmimi qəlbdən salamlayım, xalqımızın əmin-arxayın yaşaması, ictmai-siyasi sabitliyimizin həmişəyaşar olması naminə Sizlərə əbədi cansağlığı və cinayətkarlığa qarşı apardığınız amansız mübarizədə aramsız uğurlar və daha qüdrətli Azərbaycan arzulayım.
Hörmətli cənab Nazir,
Hörmətli Baş Prokuror,
Siz Azərbaycan vətəndaşının rahat, firavan və əmin-arxayın yaşaması naminə mümükün olduğundan da artıq işlər görürüsünüz. Elə ünvanınıza pənah gətirməyimi də zəruri edən Szin haqqı, ədaləti həmişə dəstəkləməyiniz, kimsəsizlərə, tərəfsizlərə qayğı və diqqətinizdir.
Siz xalqımızın ən çətin dramatik anlarında da millətimizi tənha qoymur, köməkliyinizi heç kimdən əsirgəmirsinizi. Məhz bütün bunlara görə də ümumxalq məhəbbəti qazanırsınız.
Dəyərli vaxtınızı aldığıma görə dəfələrlə üzrxahlıq edirəm və məlumat üçün bir daha bildirirəm ki, namaz qılan, oruc tutan bir nəfər fırıldaqçı din xadiminin Moskvada yaşayan oğlumun başına gətirdiyi müsibətləri bir daha nəzərinizə çatdırmaq istəyirəm.
El ağbirçəyi olaraq ötən birinci müraciətimdə məlumat verdiyim kimi Bakıdakı Əbubəkir məsçidinin imamı kimi özünü tanıtdıran Qamət Süleymanov adlı fırıldaqçı, 2012-2013-cü illərdə Moskvada yaşayan oğlum Əbülfəs Daşdəmirovu aldadaraq guya Dubayda gəlirli sahələr yaratmaqla milyonlarla gəlir əldə etmək hiyləsi ilə oğlumdan 305.000 (üç yüz beş min) Amerika dolları alaraq dələduzluq etmişdir. Qamət Süleymanov oğlumdan pul aldığını etiraf edir, lakin əsassız bəhanələr gətirərək pulu qaytarmır.
Cənab Nazir,
Mən deyilənlər barədə bu ilin iyun ayının əvvəllərində çox böyük ümidlə Sizə və zəhmli orqan hesab etdiyim Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət göndərmişdim.
Gözləmək olardı ki, adı çəkilən orqan məsələni xüsusi nəzarətə götürəcək və hərəkətə keçəcək. Lakin heç də gözlədiyim kimi olmadı . Bu günə qədər adını çəkdiyim orqandan heç bir reaksiya yoxdur. Sizin adınıza göndərilən şikayətlərə bu cür etinasızlıq göstərilməsi şəxsən Sizə ən böyük xəyanət və hörmətsizlikdir, cənab Nazir!
Apardığımız araşdırmalar göstərmişdir ki, cavabdeh Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə çağırılmış, onunla söhbət aparılmış, izahatı alınmış, əməlini etiraf etməsinə baxmayaraq materiallar müəmmalı səbəblərlə Nərimanov rayonundakı 16-cı Polis Bölməsinə göndərilmişdir.
Bölmədə işi icraatına götürmüş təhqiqatçı bu ətrafda təhqiqatlar aparmış, toplanmış iş materiallarını istintaq aparılması üçün Nərimanov rayon Polis İdarəsinə göndərmişdir. Qeyd etmək yerinə düşər ki, Qamət Süleymanov 16-cı bölmədə də təqsirini səmimi etiraf etmişdir.
Lakin Nərimanov rayon Polis İdarəsində işi icraatına götürmüş baş müstəntiq, polis mayoru Pərviz Məmmədov dələduz Qamət Süleymanovla bağlı qapılar arxasında söhbət etmiş, razılıq əldə olunmuş, yazıçı Anarın obrazlı ifadəsi ilə desək “Avtogen açmayan qapını pul açmış” , beləliklə də dələduz məsuliyyətdən yayındırılmışdır.
2021-ci ilin oktyabr ayında baş müstəntiq Pərviz Məmmədov tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
Bizim isə xoş xəbər müjdəsi ilə gözümüz yolda, qulağımız səsdə qalmışdır.
Ən sonda təngə gəlib Polis İdarəsinə gedib maraqlanmışıq, məlum olmuşdur ki, Pərviz Məmmədov mənim izahatım olmadan, şikayətçi olaraq üzümü görmədən, izahatımı almadan və mənə heç bir məlumat vermədən hüquqlarımı tapdayaraq işi rədd etmiş və Xətai rayon Polis İdarəsinə daha böyük vəzifəyə getmişdir.
Cənab Nazir,
Bu gün narkomaniya, rüşvətxorluq və dələduzluq məmləkətimizi qaranlıq zülmətə sürükləyir. Kreslonuzda oturub əlinizlə çörək yeyən Pərviz Məmmədov kimiləri isə sadalanan elementlərə qarşı mübarizə aparmalı olduqları halda dələduzları, cinayətkarları himayə edir, onların çirkin əməllərini ört – basdır edirlər. Ağbirçək olaraq məni bir sual dərindən düşünməyə vadar edir.
Fikirləşirəm ki, necə olur ki, 50 manat alıb Covid pasportu verən həkim və ya medsestra dərhal həbs edilir, oğlumun 305 min dollarını hiylə yolu ilə ələ keçirən dələduz isə polis orqanlarında müdafiə olunur?
Əlavə etmək zəruridir ki, müstəntiq Pərviz Məmmədov yanılır. Qamət Süleymanovu heç kim himayə edə bilməz. O, tanınmış dələduzdur. Əlimizdə onun çirkin əməllərini sübut edən kifayət qədər səs yazıları, mesajları var.
Hörmətli Vilayət müəllim,
El ağbirçəyi kimi qətiyyətlə bildirirəm ki, Pərviz Məmmədov kimi xalqına arxa çevirən cinayətkarı məsuliyyətdən yayındıran polis məmuru Azərbaycan polisinə heç vaxt ucalıq gətirə bilməz.
Mən hələlik Sizin qərarınızı gözləyirəm və ümid edirəm ki, Qamət Süleymanovun oğlumu aldadıb dələduzluq yolu ilə ona vurduğu maddi ziyanın ödənilməsi istiqamətində ədalətli göstəriş verəcəksiniz.
Əks halda bütün nüfuzlu saytlarda Pərviz Məmmədovun qanuna zidd əməllərini ifşa edəcək, onun yediyini, içdiyini zəhərə döndərəcəyəm. Onun bu gün polis orqanlarında işləməyə haqqı-hüququ yoxdur. O orqandan “Уволит» olunana qədər onunla mübarizəmiz davam edəcək.
Hörmətli cənab Baş Prokuror,
Nərimanov rayon Polis İdarəsinin keçmiş baş müstəntiqi, polis mayoru Pərviz Məmmədovun heç bir hüquqi əsası olmayan 30 sentyabr 2021-ci ilin tarixli qərarının ləğv edilməsi ilə əlaqədar Nərimanov rayon prokurorluğuna müvafiq göstəriş verməyinizi, habelə dələduz Qamət Süleymanov ətrafında yenidən mükəmməl və ədalətli araşdırmalar aparılması məqsədi ilə polis idarəsinin arxivinə təhvil verilmiş işlərin qaldırılmasına və digər müstəntiqin icraatına verilməsinə göstəriş verməyinizi Sizdən və nazir Vilayət Eyvazovdan səmimi qəlbdən xahiş edirəm. İnanıram və Sizlərdən el ağbirçəyi kimi ədalətli qərar gözləyirəm.
Mən dələduzluq ittihamı ilə Qamət Süleymanovun həbs edilməsinin yox, dəymiş maddi ziyanın ödəməsinin tərəfdarıyam. Əks halda dələduzluq ittihamı ilə o həbs ediləcək. (milletinsesi.info)