“Mən iki doza vaksini olmayan bir qonağı da şadlıq evinə buraxa bilmərəm. İki gün əvvəl gəldilər, 4 min manat cərimə yazdılar. Gərək, iki ay işləyim ki, bu cərimənin pulunu çıxarım…”
Yenixeber.org: Bunu Şəmkirdə yerləşən şadlıq saraylarından birinin sahibi deyir. Sarayın qarşısında 15-ə yaxın polis dayanıb, yaxın saatlarda orada toy mərasimi keçiriləcək. Budur, qonaqlar, bir-bir, iki-iki restorana yaxınlaşır, polis əməkdaşları onların qarsısını kəsib, covid pasportlarını yoxlayır. Proses heç də rəvan getmir, gərginlik hökm sürür, adı portalda çıxmayanlar təkrar yoxlama tələb edir, mübahisə düşür, “pasport”u olmayanlar pərt halda geri qayıdır…
Rütbəli polis əməkdaşı narazılıq edənlərə bildirir ki, onlar hamını içəri buraxsalar belə, mərasim başlayandan bir saat sonra növbəti qrup yenidən yoxlama keçirəcək. “Pasport”suz qonaq aşkarlansa, restoran və toy sahibləri 4 min manat cərimə olunacaq. Restoran sahibi isə təsdiqləyir ki, toyu olan bəyin covid pasportu olmadığına görə ona 4 min manat cərimə yazıblar.
Toy mərasimi başlayandan təxminən 1 saat sonra mülki geyimdə 5 nəfərdən ibarət qrup gəlir və masalara yaxınlaşaraq qonaqlardan covid pasportu tələb edir. Hamı yenə narazı və gərgindir, toy sahibi və şadlıq evinin müdiri də həyəcanla yoxlamanın başa çatmasını gözləyirlər…
Azərbaycanda iyulun 10-dan etibarən karantin qaydaları yumşaldılıb və qaydalar çərçivəsində toy və şənlik mərasimlərinə icazə verilib. Amma yas mərasimlərinin keçirilməsi qadağandır.
Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi və Dövlət Vergi Xidməti əmnəkdaşlarından ibarət monitorinq qrupları bütün iaşə müəssisələrində, ticarət mərkəzlərində və əhalinin kütləvi toplaşdığı başqa obyektlərdə tez-tez yoxlamalar aparır. Adıçəkilən qurumlar demək olar, hər gün mətbuata cərimələnən obyektlərin sayı və adları, inzabati və cinayət işləri barədə informasiya verirlər.
Amma bu tədbirlər ölkədə koronavirus infeksiyasına qarşı mübarizədə effektli rol oynayırmı? Kəsilən cərimələr əhalinin gəlirlərinə nə qədər adekvatdır? Ümumiyyətlə pandemiyanın tənəzzülə yuvarladığı iqtisadiyyatın bel sütunu olan sahibkarlığı cərimə qorxusu altında saxlamaq, qazandıqlarının bir hissəsini əlindən almaq faydalı mübarizə üsulu sayıla bilərmi?
Bir faktı xatırladaq ki, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da virusun ikinci, üçüncü dalğası yaşanıb. Bu zaman gündəlik yoluxmalar 5 min nəfər, ölüm sayı isə 40 nəfəri keçib. Hazırda gündəlik yoluxma sayları 2 min ətrafındadır, ölüm sayı da kifayətdir. Mütəxəssislər də o fikirdədir ki, cərimə və qapanmaların virusun azalmasına ciddi təsiri yoxdur.
Bu suallar həm də ona görə aktualdır ki, əhalinin gur toplaşdığı ictimai nəqliyyatda, “mall”arda, ticarət mərkzələrində karantin qaydalarının pozulmasına ciddi nəzarət yoxdur. Nə obyekt sahibləri, nə də vətəndaşlar qoyulan tələblərə ciddi yanaşırlar. Amma onlara qarşı tədbir görülmür. Di gəl, kafe-restoran sistemi və xırda ticarət obyektləri ciddi nəzarət altındadır və aylardır davam edən bu prosesdə onların əksəriyyəti cərimələnib. Məsələn, DİN-in bir həftə öncə yoxlamalarla bağlı yaydığı rəsmi məlumatda bildirilir:
“Noyabrın 22-də Bakıda və respublikanın digər ərazilərində 179 toy şənliyinin monitorinqi aparılıb. Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 11 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. COVID-19 pasportu olmadığına görə 143 nəfər toy şənliklərinə buraxılmayıb”.
Xatırladaq ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 11000 manatadək məbləğdə cərimələnir.
Həkim farmakoloq Müşfiq Hüseynov bildirdi ki, yüksək cərimə heç bir problemin həllinə çarə deyil: “Bu reallığı artıq qəbul etmək lazımdır. İkincisi, bu, şəxsi sağlıq məsələsidir. Bizim ölkədə isə bunu biznesə çeviriblər“.
Həkim deyir ki, restoranlarda maskanı ancaq ofisiantlar taxır, amma onlar da taxmasalar, bundan yaxşıdır:
“Maska əksəriyyətin çənəsindədir, yaxud restoran və ticarət mərkəzlərində içəridə maska taxan yoxdur. Tragikomediyadır, o zaman sahibkar niyə cərimələnməlidir? Bu nə məntiqdir ki, 150 adamlıq toy olar, amma 1-2 adam hamamda çimə bilməz? Absurddur, bazarlarda hamı ağız ağızadır, amma qəlyan olmaz…”
Hüquqşünas Hafiz Həsənov isə bildirdi ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya və karantin rejimi qaydalarının pozulmasına görə vəzifəli şəxslər 4 min manatdan 5 min manatadək, hüquqi şəxslər isə 5 min manatdan 11 min manatadək məbləğdə cərimə edilir. Onun sözlərinə görə, təcrübə göstərir ki, indiki halda bu cərimələr əsasən vəzifəli şəxslər olaraq fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məğul olan şəxslərə və hüquqi şəxs kimi fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və onların vəzifəli şəxslərinə tətbiq edilir. Ekspert qeyd edir ki, ölkə hələ də pandemiya şəraitindədir və bununla bağlı dövlət tərəfindən sahibkarlara hər hansı dəstək göstərilmir, onda yüksək məbləğli bu cərimələrin tətbiqinə də ehtiyac yoxdur:
“Bu cərimələrin özü və həm də tətbiqindəki sui-istifadələr ölkədə sahibkarlığın inkişafına zərbə vurur. Ona görə də hesab edirəm ki, artıq təkcə sahibkarlara deyil, həm də sadə vətəndaşlar üçün ağır yükə çevrilən bu cür cərimələrə son verilməlidir”.(pressklub)
Turqut