“Mars -- M” MMC-nin və “XalqBank”ın fırıldağına məruz qalan iş adamları -Avropa İnsan Hüquqları Məhkəməsinə üz tuturlar
Unutmaq olmaz ki, cənab Prezident öz çıxışlarında dəfələrlə sahibkarlığın inkişafına mane olmaq istəyənləri, Azərbaycana xəyanət edən qatı düşmən hesab etdiyini bildirib. Yəni, ölkə rəhbəri dönə-dönə vurğulayıb ki, ölkənin uğuru onun biznesinin inkişafından daha çox asılı olduğu üçün, bu məqsədlə ortaya qoyulan dövlət siyasətinə, prezidentin siyasi iradəsinə hörmət və ehtiram göstərilməli, dövlət qurumları bu inkişafa maneçilik törətməməli, əskinə, daha yaxından kömək edib, şərait və imkan yaratmalıdırlar. Cənab Prezidentin bu yöndə etdiyi çıxışların varlığına baxmayaraq, ölkə biznesinin inkişafına əngəl olan məmurlar, eləcə də "XalqBank" ASC-də və "Mars -- M" MMC-də məsul vəzifə tutanlar, Yasmin» biznes mərkəzindəki 20 nəfərdən çox obyekt və ofis sahibinin başlarına olmazın oyunlar gətiriblər. Baxmayaraq ki, Bakı Apellyasiya Məhkəməsinin 5 aprel 2017-ci il tarixli və Ali Məhkəmənin 18 oktyabr 2017-ci il tarixli ədalətli qərarları ilə, zərərçəkən bu sahibkarların mülkiyyət hüquqları müdafiə də olunub. Di gəl ki, sahibkarların hüquqlarını müdafiə edən həmin qərarları isə, Konstitusiya Məhkəməsi özünün 18 iyul 2018-ci il tarixli Qərarı ilə ləğv edib və Ali Məhkəmənin Plenuma göndərməsini məqsədəuyğun hesab edib. Bu isə, Konstitusiya Məhkəməsində qol qoyulan ciddi qanun pozuntusu kimi, kəskin etirazlarla qarşılanıb. Daha sonra, Plenum işə Apellyasiya Məhkəməsində ətraflı baxılması üçün, Qərar qəbul edib. Nə olsun!.. "Çevir tatı, vur tatı!" həmişə öz sözünü deyib. Ümumiyyətlə, obyekt sahibləri bu yöndən baş verənlərin hər birini əsl cinayət hadisəsi kimi qiymətləndirirlər.
Qeyd edək ki, iddiaçı obyekt və ofis sahibləri Əliyev Elçin Vahid oğlu, Məhərrəmov İlqar Sübhi oğlu, Məmmədova Ruhiyyət Əksəriyyət qızı, Quliyev Sahib Həmid oğlu, Hüseynov Anar Allahverən oğlu, Zamanov Ədalət Rəhman oğlu, Kazımov Zülfüqar Musa oğlu, Bağırova Natəvan Şəmistan qızı, Mahmudov Akif Bilal oğlu, Mahmudov Azər Akif oğlu və Əfəndiyeva (Məmmədova) Tahirəxanım Adil qızı... cavabdehlər “XalqBank” və “Mars -- M” arasında bağlanmış 8 iyul 2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair, İddia Ərizəsi ilə, bir daha məhkəməyə müraciət etsələr də, Bakı şəhər, Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 2(005)-512/2020 saylı Qətnaməsi ilə, iddia tələbi təmin olunmayıb. İddiaçılar bu Qətnamədən apellyasiya şikayəti versələr də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli 2(103)-8277/2020 saylı Qətnaməsi ilə apellyasiya şikayətini təmin etməyib. Məcburiyyətdən, iddiaçılar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Kassasiya Şikayətlərini təqdim ediblər və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2020-ci tarixli 2(103)-8277/2020 saylı Qətnaməsinin ləğv olunmasını istəyiblər.
Sonda onu da bildirək ki, “Mars -- M” MMC-nin və “XalqBank”ın fırıldağına məruz qalan və mülkiyyət hüquqları pozulan bu sahibkarlar, ölkədə ədalətli açıq məhkəmə prosesinin təmin edilməməsi ucbatından, məcburiyyətdən, pozulmuş hüquqlarının bərpa olunması məqsədilə, son ümid yeri olaraq, Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutmağı qərara alıblar.
araz.az