"Xalq Bank" XALQA QARŞI... -İTTİHAM
Yenixeber.org: Azərbaycan prezidentinin qəti göstərişinə əsasən, ölkənin bütün sahələrdə uğurlu inkişafının bilavasitə asılı olduğu biznes mühitinin yaxşılaşmasına hərtərəfli şərait yaradılsa da, təəssüf ki, bunun üçün ortaya qoyulan siyasi iradə, qanunvericilikdə edilən düzəlişlər, tətbiq olunan yeni qaydalar, getdikcə genişləndirilən ictimai nəzarət belə, bu işə mane olmaq istəyənləri tutduqları pis yoldan çəkindirməyib, ortadakı xoşagəlməz halları tam olaraq aradan qaldırmayıb. Götürək, tikinti sahəsini. Vəziyyət elə həddə çatıb ki, yeni tikililərdə mənzil və obyekt almaq istəyən çoxsaylı alıcılar ya tikintisi yenicə başa çatan binalarda eyni mənzillərin və qeyri-yaşayış sahələrinin bir neçə nəfərə satılmasından daha çox zərər çəkir, ya da bir tikinti şirkətinə öncədən ödədikləri pulları müqabilində, o binaya sonradan sahiblənən başqa bir qurumdan öz halal mülklərini ala bilmirlər. Konkret desək, vətəndaşların üzləşdikləri ədalətsizliklər danılmazdır. Narazı cəmiyyət də, bu neqativliklərə son qoyulması tələbi ilə, müxtəlif tədbirlərə əl atır.
Ölkə başçısı öz çıxışlarında dəfələrlə biznesə mane olmaq istəyənləri, Azərbaycana xəyanət edən qatı düşmən kimi göstərib. Dönə-dönə vurğulayıb ki, ölkənin uğuru onun biznesinin inkişafından daha çox asılı olduğu üçün, bu məqsədlə ortaya qoyulan dövlət siyasətinə, prezidentin siyasi iradəsinə hörmət və ehtiram göstərilməli, dövlət qurumları bu inkişafa maneçilik törətməməli, əskinə, daha yaxından kömək edib, şərait və imkan yaratmalıdırlar. Ciddi araşdırmalar əsasında, araz.az-ın əməkdaşının qələmə aldığı bu yazı da (Az öncə, araz.az-da dərc etdiyimiz iki məqalə də bu mövzunu əhatə edir. Bu linkləri açmaqla, həmin araşdırma yazılarının tam mətnlərini oxuya bilərsiniz: http://araz.az/index.php/dizh-r/saenin-statusun/8-guend-m/6285-10-milyon-kredit-bordzunu-gaytarmayan-mars-m-khalg-bank-t-krar-17-milyon-dollar-krediti-nedz-verib-mue-mma;
http://araz.az/index.php/zhuend-m/6288-h-bsd-ki-is-adam-sahibkarlar-n-mlak-n-banka-nedz-zhirov-goyub-yasmin-d-ki-obyekt-sahibl-ri-f-ryad-edir), Azərbaycan dövlətinin rəhbərinə məxsus ciddi ittiham xarakterli bu göstərişlərdən hələ də çəkinməyərək, ölkə biznesinin inkişafına əngəl olanların -- "Xalq Bank" ASC-də və "Mars-M" MMC-də məsul vəzifə tutan kreslo sahiblərinin bəd əməlləri barədədir. Onlar, paytaxt Bakının Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanlı ən elitar ərazisində yerləşən «Yasmin» biznes mərkəzindəki 22 obyektin 22 nəfər sahibinin başlarına nələr gətirməyiblər?!
Bu gün, Böyük Allahdan və ölkə rəhbərindən imdad diləməkdən başqa əlacları qalmayan həmin vətəndaşların mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə, bizneslərinin inkişafına da ciddi zərbələr dəyib. Əlimizdəki xeyli sayda fakt və dəlillər, araşdırma zamanı rastlaşdığımız saysız-hesabsız xoşagəlməz məqamlar da deyilənlərin təsdiqidir. Araşdırmalarımızın nəticəsi də ona dəlalət edir ki, bu iş adamlarının xəbəri olmadan, "Xalq Bank"ın başda oturanları ilə, "Mars-M" MMC-nin həbsdəki direktoru Mərhəmət Bəşirov qanun çərçivəsindən kənar müəmma dolu biznes sövdələşməsinə gedərək,
"Yasmin" ticarət mərkəzinin binasında qeyri-yaşayış sahəsi almağa üst-üstə 5 milyon manatdan çox pul xərcləyən, 2008-ci ildən burada sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların əmlak hüquqlarını kobud şəkildə pozmaqla, sonda, bu şəxslərin üstündə 17 milyon dollarlıq kredit oyununa getməkdən belə çəkinməyiblər. Bir ətək pul töküb, bu ticarət mərkəzində obyekt alanlara 10 ildən sonra məlum olub ki, şirkətin sahibi onların adına rəsmiləşdirdyi obyektləri də həmin banka girov qoyub. Sonda, "Mars-M” “Xalq Bank”-a külli miqdarda borclu qaldığı üçün, bank bunun qarşılığında həmin sahibkarların dəyərləri milyonlarla ölçülən halal obyektlərinə də əl qoyub.
Artıq, onların əzab-əziyyətlə topladıqları külli miqdarda pullarıyla aldıqları obyektləri əllərindən çıxmaq təhlükəsi ilə üz-üzədir. İndi bizneslərini davam etdirməyə imkan da verilmir. "Xalq Bank" biznes mərkəzinin girişinə qanunsuz olaraq "Cəsur" mühafizə qurumundan mühafizəçilər yerləşdirib və onlar tərəfindən həmin sahibkarların öz halal obyektlərinə daxil olmalarına belə qanunsuz qadağalar qoyub. Yalnız 22 nəfərdən beşinin obyektlərinin qapıları küçəyə baxdığından, bu gün, yalnız, onlar işləyə bilirlər. Digərlərinin obyektləri ticarət mərkəzinin içində yerləşdiyindən, fəaliyyətləri dayandırılıb.
Əlləri hər yerdən üzülən həmin sahibkarlar, törətdiyi külli miqdarda mənimsəmə faktlarına görə hazırda həbsdə olan "Mars-M” MMC-nin və bu tikinti qurumunun özünün inşa etdiyi “Yasmin” biznes mərkəzinin direktoru olan, pis əməllər sahibi kimi ictimaiyyətin tanıdığı Mərhəmət Bəşirovun "Xalq Bank" ASC-nin rəhbər şəxsləri ilə saxta biznes əlaqələrini və bu saxtakarlığın qurbanına çevrildiklərini, şikayət xarakterli müraciətləri vasitəsilə, dəfələrlə, ölkə başçısının da diqqətinə çatdırıblar. Bu firildaq nəticəsində haqqlarının pozulmasına, əmlaklarının qanunsuz ələ keçirilməsinə imkan verməməsi, bu ciddi məsələnin vicdan çərçivəsində həllini tapmasını təcili nəzarətə götürməsi üçün dövlət rəhbərinə səsləniblər.
araz.az-ın əməkdaşlarıyla görüşüb, dərdlərini onlarla bölüşən həmin iş adamları deyiblər ki, böyük məbləğə aldıqları obyektlərini müasir qaydada təmir etdirmək üçün də, külli miqdarda pul xərcləyiblər: "Bizim ofis və obyektləri də, “Mars-M” şirkətinin direktoru Mərhəmət Bəşirov xəbərimiz olmadan "Xalq Bank"a girov qoyaraq, kreditə külli miqdarda pul vəsaiti götürüb. Bu hadisə biz obyektlərimizə maliyyə arayışı aldıqdan 5 il sonra baş verib. Dəhşət ondadır ki, biznes mərkəzinin özü tam təhvil verilmədən, yəni, bina girov obyektinə çevrilmədən əvvəl bank rəhbərliyi bu əməliyyata razılıq verib. Hələ xəbərimiz də var ki, bankın kredit komissiyası Mərhəmət Bəşirov hər iki dəfə kredit götürmək istəyəndə, buna mənfi rəy verib. Ona görə ki, Fövqəladə Hallar Nazirliyi indiyədək "Yasmin" biznes mərkəzinə istismara yararlı olması barədə, lazımi sənədlər verməyib. Bu sənədlər olmadan, hansısa tikilini girov qoyma da mümkün deyil. Fövqəladə Hallar Nazirliyinin indiyədək mərkəzin binasına həmin sənədləri verməməsinin də ciddi səbəbləri var. Əsas səbəb odur ki, “Mars-M” MMC-nin tərkibindəki bu ticarət mərkəzinin binası, əslində, 8 yox, 5 mərtəbəli olmalıymış. Elə, "Mars-M" MMC-nin özünün inşa etdiyi bu biznes mərkəzinin binasının qabaqcadan təsdiqlənmiş inşaat layihəsində də, 5 mərtəbəli olacağı göstərilib. Bütün bunlara baxmayaraq, Mərhəmət Bəşirov hər iki dəfə kredit götürməyə müvəffəq olub. Axı, "Xalq Bank" bu hüquqi şəxs haqqında bütün məlumatları dəqiqləşdirmədən, milyonluq kredit sövdələşməsinə belə bir asanlıqla necə gedib?!
Dəyəri milyonlarla ölçülən kreditlər barədə bankların necə qərar verdiyini yaxşı bilirik. Öncə verilən kreditin faizlə qaytarılması üçün, hər bir bank müştərinin maliyyə və sosial etibarlılığını diqqətlə araşdırıb, yoxlamalı, borcalanlarla bağlı statistikanı aparmalıdır. Təəssüf ki, "Xalq Bank" Mərhəmət Bəşirovla bağlı belə bir hərəkət etməyib. Halbuki "Xalqbank"a internetə girmək kifayət edərdi ki, öz müştərisi olan Mərhəmət Bəşirov haqqında bütün məlumatları əldə etsin. Çünki ona ipoteka krediti verilməzdən əvvəl də, mətbuat və sosial şəbəkələr onun saxtakarlıq və maxinasiya dolu fəaliyyəti ilə bağlı məlumatlarla dop-dolu idi. Çox təəssüf ki, "Xalq Bank" ikinci dəfə kredit verəndə belə, bir bank üçün ən vacib sənəd olan kredit tarixçəsinə baxmayıb. Mərhəmət Bəşirovun pis bir kredit tarixçəsi olubsa, bu qədər krediti ona necə etibar etmək olardı?! Bu xoşagəlməzliklər nə bankın başına öz diqqətsizliyi üzündən gəlib, nə də ortada bank məsuliyyətsizliyi olub. Sadəcə, elementar bank şərt və qaydalarına əməl olunmadan, Mərhəmət Bəşirova bu boyda kreditin ayrılması, "Yasmin" biznes mərkəzinin binasını ələ keçirmək üçün, "Xalq Bank"ın qabaqcadan hazırladığı çirkli bir planın tərkib hissəsi olub. Əgər belə deyilsə, onda, "Xalq Bank" ASC ölkənin aparıcı bankları arasında peşəkar bank imicini və mövqeyini qoruyub, möhkəmləndirmək baxımından, strateji hədəfləri necə müəyyənləşdirə bilir?
Bu biabırçılıqlar bizə məlum olandan sonra, bir neçə dəfə bankın rəhbərliyi ilə görüşə cəhd etdik, əsl həqiqəti ona çatdırmaq istədik. Lakin "Xalq Bank"ın əsas rəhbəri Asim Məmmədli hər dəfə bu görüşlərdən yayındı. Onun bizimlə görüşdən yayınmasına, rəhbəri olduğu bankın qanunsuz hərəkətlərindən əziyyət çəkən vətəndaşları dinləməyə hazır olmaması necə izah olunmalıdır?!
Bütün bunlar onun sübutudur ki, Mərhəmət Bəşirovla bank rəhbərliyi arasında əvvəllərdən gizli sövdələşmələr gedib. Bu barədə əlimizdə tutarlı faktlar kifayət qədərdir. Hətta bilirik ki, "Xalq Bank"ın paytaxt Bakının İnşaatçılar prospektində yerləşən yaraşıqlı baş ofis binasının inşasını da, Mərhəmət Bəşirovun rəhbərlik etdiyi şirkət həyata keçirib. Bu binanın tikintisi həyata keçirilərkən milyonluq maxinasiya və saxtakarlıqlar baş verib.
Dediklərimizin dəqiqəliyinə şübhə yeri qalmır. Çünki belə olmasaydı, bank, heç olmasa, girov kimi qəbul etdiyi "Yasmin" ticarət mərkəzində yerləşən və ayrı-ayrı şəxslərə məxsus obyektlərin sahibləri ilə maraqlanar, həm də verdiyi kreditin təyinatı üzrə sərfinə nəzarət edərdi. Təəssüf ki, bunlar olmadı və kreditin hər ikisi də, öz təyinatları üzrə xərclənmədi. Bunun zərbəsi isə, adi iş adamlarının başında çatladı -- ağrılı nəticəsi göz qabağındadır!
Hal-hazırda biz məhkəmələrdə dizin-dizin sürünürük. Sahibkar olsaq da, heç kim bizə hörmətlə yanaşmır, hətta bizim halal obyektlərimizi qeyri-qanuni olaraq, əlimizdən qoparmağa çalışırlar. Cənab prezidentin “Sahibkar bu ölkəni ayaq üstə saxlayan təbəqəsidir, onları incitməyin!” deməsinə baxmayaraq, heç kim bizi eşitmək istəmir. Hətta ölkə rəhbərinə ünvanladığımız şikayətlərimizin ona çatmasına da imkan verilmir. Səsimizi dövlətimizin rəhbərinə çatdıra bilmirik deyə, bizə, öz obyektlərimizə daxil olmağa belə icazə vermirlər. Bir sözlə, öz halal əmlakımızı faktiki olaraq ələ keçirən “Xalq Bank” ASC, ticarət mərkəzinin binasına qanunsuz mühafizə yerləşdirməklə, bizim obyektlərimizə girişimizə, qanuni əsaslarla aldığımız əmlakımızdan təyinatına uyğun istifadə etməyimizə mane olur. Bütün bunlarla yanaşı, illər əvvəl “Mars-M” MMC ilə qurduğu kredit-ipoteka oyununun son mərhələsi olan məhkəmə proseslərində, əmlakımızı ələ keçirməyi leqallaşdırmaq üçün, dəridən-qabıqdan çıxır. Bütün bunlar azmış kimi, məhkəmədə "Xalq Bank"ın vəkili tərəfindən təhqirlərə məruz qalırıq. O, bizi səsi kəsilmiş, boğulmuş, maddi və mənəvi əzablara düçar edilmiş bir kütləyə bənzədib, nalayiq sözlərlə ələ salmaqdan belə çəkinmir.
Biz inanır və ümid edirik ki, bank rəhbərliyinin belə qanunsuz hərəkətlərinə son qoyan, incidilən hər bir iş adamına sahib çıxan tapılacaq. Konkret desək, prezidentimiz və onun xanımı bizi vicdansızların vicdanına buraxmayacaq, məcburi düçar edildiyimiz xoşagəlməz belə bir problemdən tezliklə xilas edəcək, rəhbəri olduğu bu dövlətin hər bir vətəndaşının haqqını tezliklə özünə geri qaytaracaq. Bu inamı və ümidi, bizə, ölkə başçısının iş adamlarına müraciətində dediyi bu sözləri verib: “Əgər sahibkarların işinə müdaxilələr varsa, onlara bir daha müraciət edib, deyirəm ki, dərhal məlumat verin, dərhal səsinizi qaldırın. Cəmiyyətdə ictimai nəzarət daha da güclü olmalıdır.
Hər bir siqnala reaksiya verilir, araşdırılır və ölçü götürülür. Bütün xoşagəlməz hallara qarşı daha da ciddi mübarizə aparılır. Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə, sahibkarlara maksimum sərbəstlik verilməlidir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın. Bunlarla bağlı dəfələrlə xəbərdarlıq da edilib. Bir daha deyirəm, kim ki, söz başa düşmür, öz cəzasını alacaq. Bu gün həm ictimaiyyət, həm sahibkarlar görürlər ki, biz artıq konkret addımlar atmağa başlamışıq. İş adamlarının fəaliyyətinə müdaxilə edən dövlət qurumları bundan sonra da cəzalandırılacaq. Artıq ictimaiyyət bunu görür və görəcək. Bizim çox güclü siyasi iradəmiz var. Bu iradənin təməlində Azərbaycan xalqının dəstəyi dayanır. Xalq da bizim bütün təşəbbüslərimizi alqışlayır, bəyənir, dəstəkləyir. Əgər bu dəstək olmasa, biz heç bir iş görə bilmərik”.
Bu gün biz sahibkarların öz obyektlərimizə sərbəst daxil ola bilməməyimiz isə, sözün həqiqi mənasında, biabırçılıq, prezident siyasətinin və iradəsinin əleyhinə getmək deməkdir. Məhz buna görə də, dövlətimizin rəhbərinə səslənirik ki, 22 nəfər Azərbaycan vətəndaşının mülkiyyət hüququnun qabaqcadan düşünülmüş qorxulu planla pozulmasına imkan verməsin. Axı, biz, bu ölkənin layiqli vətəndaşlarıyıq, öz dövlətimizə, xalqımıza, konstitusiyamıza, prezidentimizə sadiq şəxslər, vicdanlı, qanunlara riayət edən, halallıqla işini görən, fəaliyyətimizlə cəmiyyətimizə, dövlətimizə faydalı olmağa çalışan sadə iş adamlarıyıq.
İllərin alın-təri müqabilində qazandıqlarımızla qeyri-yaşayış sahəsi alıb, böyük ümidlərlə ailəmizə, cəmiyyətimizə, dövlətimizə daha faydalı olmaq üçün yeni planlar qurduq. Çox təəssüf ki, “Mars-M”-in və “Xalq Bank”-in vəzifə sahiblərinin çirkin niyyətlə qurduqları və icra etdikləri planları, bizim xeyirə köklənən planlarımızı pozur, onlar bizi əmlakımızdan məhrum etmək üçün, hiylələrə əl atırlar. Bizim kimi vətənsevər müxtəlif sənət və peşə sahiblərini bu tərzdə incitməyə heç kimin mənəvi haqqı yoxdur”.
Şikayətçi iş adamlarının israrla dediklərindən, eləcə də jurnalist araşdırmalarımızdan sonra, bir daha yəqin etmək olur ki, maxinasiya və saxtakarlıq pərdəsinə bürünmüş bu kredit oyununun müəmmalı məqamları çoxdur. Çünki ümumi sahəsi 20800 kvadratmetr olan 8 mərtəbəli bu tikilinin, həmin 22 nəfər sahibkarın obyektləri yerləşən 16000 kvadratmetr sahəsi banka girov kimi qoyulmayıb. Şikayətçi sahibkarlar da deyirlər ki, 2008-2009-cu illərdə rəsmən onlara satılmış bu sahədəki obyektləri, 2013 və 2015-ci illərdə bankın girov kimi qəbul etməsinə mövcud qanun və qaydalarımız heç cür icazə vermir: "Ona görə ki, ticarət mərkəzinin və “Mars-M” şirkətinin direktoru Mərhəmət Bəşirov bundan xeyli əvvəl bizimlə alqı-satqı müqavilələri bağlayıb, bunun əsasında, həmin qeyri-yaşayış sahələrini rəsmən bizə satıb. Üstəlik, bu müqavilələrimiz notarial qaydada təsdiqini tapıb, hətta biz alıcılara bu barədə maliyyə arayışları da verilib. Ümumilikdə götürdükdə, ticarət mərkəzinin özü bütövlükdə girov predmeti ola bilməz. Axı, Fövqəladə Hallar Nazirliyi tərəfindən təhvil-təslim edilməyən, istismara yararlılığı lazımi sənədlərlə təsdiqlənməyən ticarət mərkəzinin binasının hansısa bankda girov kimi qəbul edilməsi mümkün deyil və bu, kobud qanun pozuntusu deməkdir. Dediyimiz səbəblər, 2013-cü ildə "Xalq Bank"a müraciət edərək, 10 milyon manat məbləğində kredit əldə edən və onu qaytara bilməyən Mərhəmət Bəşirova, 2015-ci ildə bu bankın təkrar 17 milyon dollarlıq kredit ayırması, bizə, şübhəli çox məqamlardan xəbər verməklə yanaşı, onlar arasında bundan çox-çox əvvəl də sirli, gizli və müəmma dolu biznes əlaqələrinin, pul sövdələşmələrinin olmasına dəlalət edir. Hələ rəsmi məhkəmə qərarı olmadan, "Xalq Bank"-ın "Cəsur" mühafizə qurumundan mühafizəçilər tutaraq, biz sahibkarların “Yasmin” biznes mərkəzindəki obyektlərimizə daxil olmağımızı qanunsuz əngəlləməsi də, bunun daha bir təsdiqidir.
Göründüyü kimi, biz qatı cinayət hadisəsi ilə üzləşmiş Azərbaycan vətəndaşlarıyıq. Bakı Apellyasiya Məhkəməsinin 5 aprel 2017-ci il tarixli və Ali Məhkəmənin 18 oktyabr 2017-ci il tarixli ədalətli qərarları da bunu təsdiq edib. Hüquqlarımızı tam qoruyan həmin qərarları Konstitusiya Məhkəməsi özünün 18 iyul 2018-ci il tarixli qərarı ilə ləğv edib, Plenuma göndərməsi heç cür başa düşülən olmadı. Plenum qərar qəbul edib, işə ətraflı baxılması üçün Apellyasiya Məhkəməsinə göndərdi.
Niyə?! Nə üçün?! Prosedur qaydasında hansı detallı araşdırmalar aparıldı?! Heç biri. Məqsəd kor-koranəlik idisə, nəyə lazım idi bu qədər ötür-ötür oyunu?!
Axı, Konstitusiya Məhkəməsi qərar verərkən, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilən "Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur" sözlərini belə nəzərə almayıb.Təəssüf ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 oktyabr 2017-ci il tarixli düzgün qərarına baxmayaraq, Konstitusiya Məhkəməsində bunun tam tərsi olan və konsepsiyalarımıza uyğun olmayan bir qərar çıxarıldı. 17 iyul 2019-cu il tarixində isə, Ali Məhkəmə Konstitusiya Məhkəməsinin 18 oktyabr 2017-ci il tarixli qərarına qarşı daha bir qərar təqdim edərkən, öz qətiyyətini bir daha təkrarladı.
Əslində, "Xalq Bank"ın bizə qarşı heç bir iddiası ola bilməz. Çünki biz bu bankdan kredit götürməmişik və öz əmlakımızı girov qoymamışıq. Bu məsələdə üstünlük qanuni çərçivədə bizim tərəfimizdə olduğundan, Konstitusiya Məhkəməsinin buna məhəl qoymaması başa düşülən deyil. Hər şey qəribədir, deyilmi?! Vətənə fayda gətirmək, ölkənin rifahı üçün yaşayıb, qurmaq istəyənlərə belə ögey münasibət nəyə lazımdır?! Mülkiyyətimiz bizdən alınırsa, nə etməliyik?! Özünüz deyin, biz kimə güvənə və nə edə bilərik? Axı, xeyli vaxtdır maddi və mənəvi ziyan məngənəsindəyik. Ümidimizi yenə məhkəməyə bağlamışıq. Bu yaxınlarda üçüncü şəxs qismində -- zərərçəkən kimi iştirak etdiyimiz bir məhkəmə prosesi də başa çatmaq üzrədir. Məhkəmə prosesində "Xalq Bank" rəsmiləri ilə gərgin keçən mübahisələr bizə çox çətin başa gəlir -- bütün bunlar həyatımızı çətinləşdirir, sağlamlığımızı itirir, müxtəlif xəstəliklər tapırıq -- ortada həm pullarımız gedir, həm də canımız!".
Obyekt sahibləri baş verənləri əsl cinayət kimi qələmə verirlər. Göz qabağındakı onlarla obyektin işinə mane olmağa bundan başqa ad verə bilmədiklərini deyirlər: "Bəli, bu, əsl cinayətdir! Bizə sual verə bilərlər ki, sübutuna imkan verilməyən bir şeyi necə cinayət adlandırırıq? Bu sualın konkret cavabı odur ki, bəli, göz qabağındakı o boyda işlək obyektləri bu vəziyyətə salmaq ən böyük cinayətdir. Bunu sübut etməyə savad da lazım deyil. Krediti, vətəndaşların pulunu ora-bura səpələməyin başqa izahı yoxdur. O saat başa düşülür ki, ortalıqda pullar bölünərək, mənimsənilib. Əvəzində, vətəndaşların əmlakı girov götürülüb.
"Xalq Bank”la Mərhəmət Bəşirovun aralarında nə olubsa, özləri bilməli, problemlərini özləri həll etməlidirlər. Sahibkarın əmlakını zəbt etməyə heç bir Azərbaycan qanunu yol vermir. Özünüz deyin, vətəndaşın əmlakı kiminsə etdiyi cinayətə görə, necə mənimsənilməlidir?! Bütün dünyada necə, Azərbaycanda da elədir -- əmlak hüququ alidir! Heç kim heç kəsin əmlakını əlindən ala bilməz!
Burada ortalıqda görünməyən bir şey yoxdur. Hamısı göz qabağındadır. Qoy, cinayətkarlar gizli sövdələşmələrinə görə cavab versinlər. Dövlətə, xalqa, hökumətə sadiq olan insanlar, qanunpərəst vətəndaşlar, başını aşağı salıb işləyən adamlar buna görə niyə əziyyət çəksinlər ki? Bir də ki, "Xalq Bank" ortada peyda olanda, biz sahibkarların obyektləri çoxdan təmir olunub, işləyirdi. Bizə hüquq verən sənədləri əlimizdəydi. "Xalq Bank" bunu görməyə bilməzdi, axı, kor da bunu görərdi. Nə olsun, "Xalq Bank" adı yuxarılarla bağlıdır?! Qanun qarşısında hamı bərabərdir və əmlak hüququ danılmazdır. Bizim əmlakımızı heç kim biz əlimizdən ala bilməz! Sadəcə, baş verən hər bir hadisənin həqiqi qiymətini almasının geci-tezi var!..".
Bu ümid və inam işığında narazı sahibkarlardan ayrılırıq. Biz də, tam ümidliyik ki, haqq tezliklə yerini tapacaq.
Həmin iş adamlarının dərdlərinə şərik olmaq üçün, araşdırmalarımızı davam etdiririk. Yazılarımızı izləyin.
(araz.az)