Yenixeber.org: Bu gün Azərbaycan Kinosu 123-cü ildönümünü qeyd edir. Mərhum prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Kinoşünaslar bu sahədə hazırkı vəziyyəti necə dəyərləndirir? Kinomuzun hansı problemləri var? Dövlət tərəfindən bu sahəyə ayrılan vəsaitlər aidiyyəti üzrə xərclənirmi?
Kinorejissor Tahir Tarhiroviç hər sahədə olduğu kimi, kino sahəsində də poblemlərin olduğunu bildirdi:
“Hər bir məsələ dövrə bağlı olur. Bizdən asılı olmayaraq müəyyən bir dövr olur ki, həmin dövrə xas problem yaranır. Qüsurları kino idarəçilərinin, rejissorların, sseranistlərin üzərinə atmaq olmaz. Filmlər var ki, öz dövründə daha çox dəstək alıb. Elə zamanlar olub ki, kino sahəsi üçün çox uğurlu dövr olub. Elə dövrlər də olub ki, başqa sahələr üçün uğurlu olub”.
Kinorejissor deyir ki, son 20 il Azərbaycanda idman sahəsinin dövrü olub:
“Məsələn, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycan kinosunun renessans dövrü yaşanıb. Həmin dövrdə idman sahəsi zəif dövrünü yaşayıb. Ona görə də bunu problem kimi qiymətləndirmək olmaz ki, məhz indiki dövrdə kinomuzda gerilmə var. Məncə, hər şey yaxşılığa doğru irəliləyəcək”.
T. Tahiroviçin fikrincə, son on ili götürsək, bu dövr kinonun inkişaf yolunu qənaətbəxş hesab etmək olar:
“Düzdür, Azərbaycan kinosunun inkişafını nəzərəçarpacaq qədər uğurlu hesab etmirəm. Amma son ildə müəyyən addımların atıldığını görmək olar. Atılan addımların nə zamana qədər davam edəcəyini, harda dayacağını, bundan sonra nə olacağı barədə sualların cavabını zaman göstərəcək. Amma ola bilər ki, indiki dövr bəzi rejissorlar üçün zəif dövr ola bilər, kimlər üçünsə əla ola bilir. Ümumiyyətlə, bu sahədə hansısa addımların atıldığını müşahidə edirik. Bu addımların hansı effekti verəcəyini isə gözləmək lazımdır”.
Kinoşünas Aygün Aslanlı pandemiya şəraitində kino sahəsində aktiv işin mümkün olmadığını vurğuladı:
“Bu sahəyə yeni komanda gəlib. Amma onlar da pandemiyanın içərisindədir. Kinoteatrlar hələ də açılmır. Bütün bunlara baxmayaraq, yaxşı xəbərlərimiz də az deyil. Bu il Sarayevo festivalının qısametrajlı filmlər bölməsində münsiflər heyətində azərbaycanlı olacaq. Həmin azərbaycanlı Teymur Hacıyevdir. Filmlərimiz Sarayevoda bir neçə bölmədə – həm layihə bölmələrində, həm film kimi iştirak edirlər, digər festivallarda da olurlar. Yaxşı xəbərlər gəlməkdədir, amma iş prosesi tam başlamadığına görə konkret nəsə demək mümkün deyil. Şadlıq evləri açıldı, amma kinoteatrlar hələ də açılmayıb”.
A. Aslanlı kinolarımızdan şikayətlənən insanlara da səsləndi:
“Maraqlı və maraqlı olmayan filmlərimiz var. Kinomuzu bəyənməyənlər daha çox televiziyalarda gedən filmləri izlədikləri üçün bu cür düşünürlər. Ola bilər ki, həmin insanlar daha çox komediya filmlərini görürlər və başqa filmlərdən xəbərdar deyillər. Halbuki Azərbaycanda müstəqil kino deyilən bir qol yaranıb və Elvin Adıgözəl, Teymur Hacıyev, Hilal Baydarov kimiləri müstəqil öz işlərini görməklə Azərbaycan kinosunu itələyə-itələyə hərəkətə gətirməyə çalışırlar. Onlar festivallara gedirlər, çox gözəl, baxımlı filmlər çəkirlər”.
Kinoşünas onu da qeyd ki, pandemiyadan əvvəl adları çəkilən insanların filmləri göstəriləndə tamaşaçılar gedib həmin filmlərə baxmırdılar, amma internetdə kino axtarırdılar:
“Kino internetdə olmamalıdır. Yeni çıxan filmlər ancaq iki ildən sonra, festival həyatı bitdikdən, müəllif həmin işi özü üçün geridə qoyub, yeni filmə başlayandan sonra internetə çıxa bilər”.
A. Aslanlının sözlərinə görə, kinonun inkişaf etməsi üçün onu azad buraxmaq lazımdır:
“Ümumiyyətlə, incəsənəti rahat buraxmaq lazımdır. Hökumət incəsənətdən əlini çəkməlidir. Dövlət bütün qanuni tənzimləmələri həyata keçirsin, qalanı çətin məsələ deyil. Bu, standart məsələlərdir və dünyanın hər yerində tətbiq olunan qaydalardır. İncəsənəti, mədəniyyəti qismən də olsa, vergilərdən azad etmək, incəsənətə aid qanun qəbul etmək və onu sərbəst buraxmaq lazımdır ki, özü-özünü işlədə bilsin. İncəsənət, mədəniyyət yaradıcılıq tələb edən bir işdir və insan təxəyyülü ilə bağlıdır. İncəsənət insanın özünü ifadə etmək şəklidir və insan nə cür olur-olsun, özünü ifadə etmək üçün bir üsul tapacaq. Sadəcə, ona əngəl yaratmaq lazım deyil”.
Azərbaycan Kinosu Günü münasibətilə bütün kino ictimaiyyətini təbrik edirik.(pressklub)
Ülviyyə Şahin