Yenixeber.org: 2021-ci il yanvarın 1-dən etibarən Azərbaycan ərazisində qalınlığı 15 mikrona qədər olan polietilen torbaların satışı və istifadəsi qadağan edilməli idi. Birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların satışı və istifadəsi isə iyulun 1-dən qadağan olunmalıdır.
Bu məsələ 2020-ci ilin noyabrında Milli Məclisdə müzakirəyə çıxarılan və ikinci oxunuşda qəbul olunan “Ətraf mühitin mühafizəsi haqqında” qanun layihəsinə təklif edilən dəyişikliklərdə əksini tapıb. Dəyişikliyə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan olunur.
İlin dörd ayı keçib və beşinci aydayıq, hələ də supermarketlərdə və digər ticarət obyektlərində “kulyok” dediyimiz həmin polietilen torbalar geniş istifadə olunmaqdadır. Hansısa ciddi dəyişiklik müşahidə edilmir, vəd olunan kağız və ya həsir torbalar gözə dəymir.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bu sahədə problemin davam etdiyini bildirdi:
“Burada bir paradoks da görürəm. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər dövlət orqanlarının verdiyi məlumata görə, yanvarın 1-dən market və digər yerlərdə əhaliyə qablaşdırma materialı olaraq verilən sellofan torbaların qalınlığı 15 mikrondan kiçik olanları qadağan edilib. Nəyə görə 15 mikrondan kiçik olanları qadağan etməlidirlər? Əksinə, kiçik olanda təhlükəsi daha az olar. Buradan belə nəticəyə gəlmək mümkündür ki, 15 mikrondan böyük olanları istifadə etmək olar. Bu paradoks hələ də başadüşülən deyil. İyirmi ildən çoxdur ki, sellofan qablaşdırma ilə mübarizə aparmağıma, hətta küçə nümayişi keçirməyimə baxmayaraq, bu problem hələ də öz həllini tapmır, üstəgəl, əhali hazırda üzərində reklamlar yazılmış həmin torbalardan istifadə edir. Hamıya məlumdur ki, o yazılarda müxtəlif rəngli boyalardan istifadə olunub və həmin boyaların tərkibində ağır metallar, qurğuşun var. İnsanlar zərərli qurğuşunları evlərinə daşıyırlar. Bu hal hələ də davam edir…”
Ekspertin sözlərinə görə, müəyyən dəyişikliklər də olub və polietilen torbaların qalınlığı azaldılıb:
“Lakin bizim dəfələrlə təkliflərimiz olub ki, MDB məkanındakı təcrübə tətbiq olunsun və polietilen torbalar əhaliyə pulla satılsın. Çünki pulla olsa, əhali daha təhlükəsiz bazar torbalarına keçid edə bilər. Azad İstehlakçılar Birliyi bir neçə ay əvvəl QHT-lərə Dövlət Dəstəyi Şurası və Ekologiya Nazirliyinin layihəsi çərçivəsində bazar torbaları hazırlayıb, pulsuz əhaliyə payladı. Bu, əhali tərəfindən böyük rəğbətlə qarşılandı”.
E. Hüseynov düşünür ki, əhalinin maarifləndirilməsi sahəsində işlər aparılmalıdır:
“Dünyada çox az olan və Azərbaycanın cənubunda istifadə edilən həsir zənbilləri yenidən dəbə minməlidir. Hətta həmin zənbilləri xarici bazarlara ixrac etmək də olar. Əhalinin şüuru dəyişməlidir ki, polietilen torbalardan tamamilə imtina edilsin. Mövcud qanunvericiliyə görə, iyulun 1-dən ərzaq mallarının plastik qablarla qablaşdırılması, plastik çəngəllər, qablar da qadağan olunmalıdır. Hazırda xüsusilə ekspres yemək sifarişlərində həmin qablardan istifadənin davam etdiyini görürük. Yəqin ki, bununla bağlı iyulun 1-dən ciddi addımlar atılacaq. Yaxşı haldır ki, təşəbbüs var və artıq xarici ölkələrdən qeyri-plastik qablar, ağac material əsaslı, birdəfəlik istifadə olunan çəngəl, bıçaq və qablar gətirilir. Ölkəmiz artıq belə bir biznesə başlayıb və düşünürəm ki, bu cür biznes layihələri formalaşmalıdır. Mənim digər ölkələrdən gətirdiyim karton əsaslı, dəfələrlə istifadə olunan qablar və çantalar var. Təəssüf ki, bu biznes ölkəmizdə demək olar ki, sıfır səviyyəsindədir. Alternativlər təklif olunmasa, işlər yoluna düşən deyil”.
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də müraciət etdik. Xidmətdən sorğumuzu daha sonra cavablandıracaqlarını qeyd etdilər.(pressklub)
Ülviyyə Şahin