11 saylı İmtahan-Qeydiyyat şöbəsində texniki baxış WhatsApp vasitəsilə həyata keçirilir-AKTUAL
Son bir neçə ildir ki, ölkəmizin hüquq-mühafizə orqanlarının, ələlxüsus Daxili İşlər nazirliyinə tabeli dövlət qurumların fəaliyyətləri, daha çox ictimaiyyətin diqqətini cəlb etməkdədir.
Yenixeber.org: Çünki, bu sahə müstəqil Azərbaycan Respublikasının əsas sütunlarından biri hesab olunur və belə bir səbəbdən də, hər kəs daxili işlər orqanı əməkdaşlarının atdıqları addımlara diqqət yetirib, əksər hallarda bəlli münasibətlərini də ifadə edirlər.
Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında, Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olundu. Belə bir təyinatın verilməsindən sonra ölkəmizin daxili işlər orqanlarında fərqli ab-hava əmələ gəldi.
Bundan əlavə, tam əksəriyyətin düşüncəsində belə bir fikir də formalaşdı ki, cənab Vilayət Eyvazovun gənc və enerjili olması, məhz ölkəmizin daxili işlər orqanı sahəsində yaşanan bəzi problemləri qısa zaman kəsiyində aradan qaldırmağa imkan verəcək. Həqiqət naminə qeyd edək ki, ötən 1 il 8 ay ərzində bu yöndə lazımi addımlar atıldı və bu gün də atılmaqda davam edir.
Təəssüf hissi lə qeyd edək ki, cənab Nazirin rəhbərliyi altında lazımi addımların atılmasına baxmayaraq, hələ də Baş Dövlət Yol Polisi İdarəsinin 11 saylı Rayonlararası İmtahan-Qeydiyyat şöbəsində “bazar qanunları” hökm sürməkdə davam edir. Belə bir səbəb üzündəndir ki, İmişli, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın və Xocavənd rayon sakinlərinə xidmət göstərilən bu şöbədə yaşananlar, hal-hazırda hər kəsin müzakirə etdiyi əsas mövzulardan birinə çevrilib. Çünki, bu günlərdə redaksiyamza daxil olan məlumatlarda bildirilir ki, ölkəmizin ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılması, sanki 11 saylı Rayonlararası İmtahan-Qeydiyyat şöbəsinin rəhbərliyinə “göydəndüşmə oldu”. Bu şöbədə bir çox məsələlərin həlli, ələlxüsus avtomobillərin texniki baxışdan keçirilməsi məsələsi yeni qaydalar əsasında, yəni WhatsApp vasitəsilə həyata keçirilir.
Məsələn, tutaq ki, Bakı şəhərində, yaxud da hansısa bir ərazidə olan şəxs idarə etdiyi avtomobilini texniki baxışdan keçirmək istəyir, o halda o, heç bir əziyyət-filan çəkmədən belə bir arzusunu rahatlıqla “çin etməyi” bacarır. Yəni, həmin şəxs avtomobilinə və özünə aid olan lazımi məlumatları ilk əvvəl WhatsApp nömrəsinə yerləşdirir, az sonra həmin məlumatları sığorta idarəsinin əməkdaşlarına göndərir.
Sığorta idarəsinin əməkdaşları da göndərilmiş məlumatları texniki baxış şöbəsində çalışan şəxslərə çatdırır. Həmin vaxt hər minik avtomobili üçün müəyyən olunmuş 30 manat 40 qəpik rüsum haqqı təqribən iki dəfə artırılır. Belə ki, iki matora qədər olan avtomobillərin sahibləri texniki baxışa görə 60 AZN, iki matordan yuxarı olanlar isə 70 AZN məbləğində “rüsum” ödəməli olurlar. Belə bir qiymətlər yalnız minik avtomobillərinə aid olur.
Elə ki, “QAZEL”, “FORD” və s. markalı nəqliyyat vasitələrini texniki baxışdan keçirməyə ehtiyac yaranır, o halda həmin nəqliyyat vasitələrinin sahibləri 75 AZN “rüsum” ödəməli olurlar.
Daha faciəli halın varlığı isə, “KAMAZ”, yaxud da “HOVA” markalı yük avtomobillərini texniki baxışdan keçirən zamanı yaşanır. Yəni, bu zaman nəqliyyat vasitələrinin sahibləri 110 AZN “rüsum” ödəyirlər. Elə ki, “KAMAZ” markalı nəqliyyat vasitəsinin qoşqusu olur, o halda müəyyən olunmuş 10 manat 40 qəpik əvəzinə sürücü 50 AZN “rüsum” ödəməli olur.
Onu da unutmaq olmaz ki, tərəflər arasında hər nəqliyyat vasitəsinə görə ödənilən rüsumların axşam saatlarında dəqiq “açot-uçot”u aparılır. Yəni, avtomobilini texniki baxışdan keçirmək istəyən hər sürücü ödəməli olduğu rüsum pulunu sığorta idarəsinin əməkdaşlarına məxsus hesab kartlarına köçürürlər.
Onlar da köçürülmüş pullardan faiz pullarını götürüb, qalan pulları texniki baxış şöbəsində çalışan şəxslərin etibar etdikləri şəxslərə məxsus hesab kartlarına köçürürlər. Belə bir zəncirvari bağlılıq prinsipi əsasında, sürücülər nəqliyyat vasitələrini 11 saylı Rayonlararası İmtahan-Qeydiyyat şöbəsində asanlıqla texniki baxışdan keçirməyə nail olurlar.
Beləliklə, bütün bunlar onu sübut edir ki, hal-hazırda İmişli “Mero”sunda fəaliyyət göstərən belə bir şəbəkə, görməli olduqları vəzifələrini bu cür qaydalar əsasında həyata keçirirlər. Düşünürük ki, 11 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsində yaşanan durum DİN-nin rəhbər şəxslərinin diqqətini cəlb edəcək və bu qurumda rəis vəzifəsini icra edən Qulu müəllimin hərəkətlərinə, məhz hüquqi müstəvidə “hüquqi qiymət”in verilməsinə də səbəb olacaq.
Çünki, artıq neçə illərdir ölkə rəhbəri cənab İlham Əliyev cəmiyyətimizi eybəcərləşdirən hər cür amillərə, əyintilərə, ələlxüsus rüşvətxorluğa qarşı mübaricə tədbirlərini gücləndirir, 11 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsində isə, bu yöndə verilmiş tapşırıqları, atılan addımları heç bir halda saya salmırlar. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.(milletinsesi.info)
P.S. Hörmətli oxucular! Yaxın vaxtlarda hər kəsi 11 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsində yaşanan bəzi qanunsuzluqlarla da məlumatlandırmağa çalışacağıq.