Emin Əmrullayev nəyi dəyişir? Köhnə təhsil, yeni qaydalar... - TƏFƏRRÜATLAR
Yenixeber.org: İllərlə kreslosunda kök salmış, vəzifəsindən özü öz xoşuyla getmək istəməyən rüşvətxor, korrupsioner bir məmuru dəyişib, yerinə “rüşvətə yox” deyən, xaricdə təhsil almış, daha cavan, perspektivli bir kadrı təyin edəndə, dərindən nəfəs alıb, “Allah, sənə çox şükür” deyirik. Ümid edirik ki, bəlkə bu ondan yaxşı olar…
Allah tərəfi danışaq, elə Emin Əmrullayev də nazir təyin olunanda Prezident qarşısında videoformatda çıxışında bu sözləri demişdi: “Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir”.
Dövlət başçısı da bildirib:“Bu gün siz təhsil naziri vəzifəsinə təyin olunursunuz. Sizə çox böyük etimad göstərilir. Bu etimadı siz öz işinizlə doğrultmalısınız. Siz gəncsiniz, sizin təyinatınız, eyni zamanda, gənclərə göstərilən etimadın növbəti təzahürüdür”.
Bəli, özündən əvvəlki nazirlərə sağlığında rəhmət oxutduran Emin Əmrullayev fəaliyyətə başlayan kimi “islahatlar” da başladı… Pandemiya ilə əlaqədar distant təhsil sisteminə keçirildiyindən çox hadisələr də onlayn baş verir. Şəxsən kimin-kimə nə verdiyini, nə qədər verdiyini görən olmasa da, yeni təyin olunan məktəb direktorlarının hikkəsindən, tələbindən hiss olunur ki, yuxarılara əvvəlkilərdən qat-qat çox “şirinlik” veriblər. Axı Emin müəllimi “rüşvət” adı gələndə allergiya tutur, heç vaxt heç kimdən heç nə almır, olsa-olsa şirinlik ala bilər, ağzını şirin etmək üçün…
Sözümüzün məğzi var… Təhsilimiz onsuz da bərbad gündə idi, pandemiya da gəldi, vurdu gözünü çıxartdı. Emin Əmrullayevin islahatları işə yaramadı. Onlayn təhsillə beyninə bir şey girməyən tələbə imtahanlarda da birtəhər çulunu sudan çıxarır. Çıxa bilməyənlər yenə köhnə “dədə-baba, görüm-baxım” üsulundan istifadə edir. Savad, bilik, elm, gələcəyin mütəxəssisi məsələsi unudulub artıq. Tələbələr pis-yaxşı diplom alacaqlar, sadəcə diplom…
Bəs 1-ci sinfə getməyə hazırlaşan körpə balalar? Onlar da distant oxuyacaq? Qələmi düz tutmağı kim öyrədəcək onlara, valideynləri? Valideynlər onsuz da 1-ci siniflərə qəbul məsələsində Təhsil Nazirliyinin yaratdığı problemlərdən cana doyub. Sevinə-sevinə məktəbə getməyə hazırlaşan körpə fidanlar ata-analaraının onlayn qəbul məsələsində necə əziyyət çəkdiklərini başa düşmürlər. Ancaq valideynlərin narazılığı davam edir.
Onlayn qəbul internet üzərindən baş tutan bir prosesdir. Lakin bu təklifi irəli sürən nazirlik nəzərə almayıb ki, hər kəsin evində və ya telefonunda internet olmaya bilər, hamının elektron qəbul məsələsindən başı çıxmaya bilər, ucqar kənd yerlərində işıq sönə də bilər, olmaya da bilər və sair.
Övladını 1-ci sinfə qoymağa hazırlaşan valideynlərdən biri ilə həmsöhbət olduqdan sonra eşitdiklərimiz şok yaratdı. Demə, qeydiyyatın haradadırsa, orada da məktəbə gedə bilər övladın. Qeydiyyatı Xırdalanda olan ailə hazırda işi ilə əlaqədar Badamdar qəsəbəsində yaşayır. Yaşasyış yerinə yaxın ərazidə yerləşən məşhur məktəblərdən birinə müraciət edən valideyn get-gələ salınandan sonra birtəhər direktoru razı salır. Bağçada rus bölməsində hazırlıq keçən uşağı məktəbdə də rus bölməsinə yerləşdirmək istəyən ana “yox” cavabı alır. Təhsil Nazirliyindən tanış-biliş taparaq direktora minnətçi də düşür. Lakin direktor yenə “dirəşib” və 5 min manat şirinlik istəyib, belə az istəməyinin səbəbi də vasitəçinin tanış olması olub. Pulu tapa bilməyən valideyn məcburiyyətdən övladını Azərbaycan bölməsinə qoymalı olub.
Narazılığı bitib-tükənməyən tək bir valideyn deyil, bu dərddə, bu sıxıntıda olan ata-analar çarəni susmaqda görürlər. Övladlarının gələcəkdə məktəbdə sıxışdırılacağından ehtiyat edən valideynlər Emin Əmrullayevin dövlət başçısının etimadını nə cür “doğrultduğunu” sadəcə seyr etməklə kifayətlənirlər. Etiraz etmək, haqsızlıqları dilə gətirmək, məktublar ünvanlamaq yəqin ki, naziri silkələyər və lazımi tədbirlər görülər. Ümid sonda ölür, təhsilimiz isə hər gün…(konkret.az)
Xuraman Həmidova