Yenixeber.org: Qlobal iqtisadi böhran fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlılığını təmin etmək, əmanətçilərin bank sisteminə etimadını gücləndirmək məqsədilə 2016-cı il 19 yanvar tarixində “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. 5 aprel 2021-ci il tarixindən bu qanunun müddəti başa çatıb və “Əmanətlərin sığortalanması haqqında” qanun yenidən qüvvəyə minib.
Qanunvericiliyə əsasən manatla illik 12, xarici valyutada 2,5 faizə qədər (bu faiz dərəcələri də daxil olmaqla) yerləşdirilən əmanətlər Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən sığortalanır. Sığorta hadisəsi baş verdikdə, yəni bank bağlandıqda həmin əmanətlər üzrə kompensasiya ödənişi həyata keçirilir. Lakin bir bank üzrə kompensasiyanın məbləği 100 min manatdan çox ola bilməz. Əgər əmanət dollarla saxlanılıbsa, maksimum kompensasiya məbləği 58,82 min dollar olacaq.
Bundan əlavə, “Əmanətlərin sığortalanması haqqında” qanuna edilmiş əlavəyə əsasən:
a) banklarda fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitlərinin 20 min manat hissəsi kompensasiya kimi dərhal əldə edilə biləcək. Nəticədə kiçik və orta sahibkarların maliyyə vəsaitlərinin qorunması təmin ediləcək;
b) notariusların depozit hesablarında olan, fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya həmin vəsaitlərin 100 faizi həcmində ödəniləcək. Belə ki, fiziki şəxslər tərəfindən notariat əməliyyatları zamanı (alqı-satqı və digər əməliyyatlar) notariusların depozit hesablarına yerləşdirilmiş vəsaitlər konkret təyinat üzrə olduğundan (yəni əmlakın alqı-satqısı, borc müqaviləsi və digər) və qısa zaman ərzində notariusun depozit hesabında qaldığından, şəxsə məxsus həmin vəsaitlər qorunan əmanətlərə aid olunacaq və bankda sığorta hadisəsi baş verdikdə bu cür vəsaitlər tam kompensasiya ediləcək.
İqtisadçı eskpert Rəşad Həsənov saytımıza açıqlamasında 2016-2020-ci ildə müvəqqəti dövr üçün nəzərdə tutulan qanunu nəzərə almasaq, əvvəlki qanunla müqayisədə bu qanunun daha mütərəqqi olduğunu bildirdi:
“Burada əmanətlərin sığortalanan hissəsinin yuxarı limiti artırılaraq 100 min manat olub. Əvvəl otuz min idi. Hökumət də açıqlayır ki, bu gün banka yerləşdirilən əmanətlərin təxminən 99 faizi 100 min manata qədər olan əmanətlərdir və bu qanun da onu əhatə edir”.
İqtisadçının sözlərinə görə, bağlanan bankların təcrübəsi göstərdi ki, bu proses əksər hallarda sahibkarlıq subyektləri üçün çox ciddi itkilərə gətirib çıxarır, xüsusilə də kiçik sahibkarlıq subyektlərinin müvafiq maliyyə itkiləri qarşısında likvidlik problemləri yaranır:
“Bunu da qismən həll etmək üçün iyirmi min manata qədər depozitlərin sığortalanması mexanizmi formalaşdı. Bu, yeni bir alətdir, əvvəlki qanunda yox idi. Daha yaxşı olardı ki, bu məbləğ hansısa nisbət formasında tətbiq olunsun və bütün sahibkarlıq subyektlərini əhatə edə bilsin. Amma bir məqamı da qeyd etmək lazımdır ki, vətəndaşla müqayisədə sahibkarlıq subyektlərinin maliyyə bazarını araşdırması, bankların maliyyə göstəricilərini təhlil etməsi, seçim etməsi imkanları daha genişdir, onlar daha peşəkardırlar”.
Həsənovun fikrincə, bankların ləğv edilməsi qərarının ani şəkildə qəbul edilməsi bir sıra hallarda notariuslar vasitəsilə həyata keçirilən əməliyyat hesablarında yerləşmiş vəsaitlərin itkisinə gətirib çıxarırdı:
“Burada notariusun ciddi bir günahı yoxdur. Vətəndaşın isə ümumiyyətlə, heç bir günahı yoxdur. Çünki notariuslar vətəndaşları işlədikləri banklara yönəldirlər. Belə olduqda isə vətəndaş birmənalı şəkildə zərərçəkən tərəfə çevrilir. Və bu problemin aradan qalxması mövcud olan nöqsanın bir hissəsinin aradan qalxmasına gətirib çıxarır”.
Ekspert qeyd etdi ki, maliyyə bazarlarının mövcud vəziyyətini, xüsusilə də post-işğal dövründə iqtisadiyyatın bərpası və Qarabağın yenidən qurulması üçün passiv yığımların iqtisadiyyata cəlb edilməsi zərurətinin artdığını nəzərə alsaq, maliyyə-bank sektorunda sağlamlaşdırma prosesi daha əhatəli olmalıdır:
“Bank sektoruna güvən səviyyəsi daha da artırılmaldır. Müşahidlərimiz onu da göstərir ki, əhalinin yığımları da əriməyə başlayıb. Belə bir şərtlər daxilində daha güclü alətlərdən istifadə edilməli və ya təminat mexanizmləri olmalıdır ki, həmin vəsaitlər banklara, dolayısıyla da iqtisadiyyata cəlb edilə bilsinlər. İkinci Dünya müharibəsindən sonra Almaniyanın sürətli bərpasının kökündə dayanan əsas amillərdən biri həmin passiv yığımların iqtisadiyyata cəlb edilməsi idi. Azərbaycan da bu alətdən istifadə etməlidir”.
İqtisadçı hesab edir ki, indiki vəziyyətdə sözügedən qanunun əhatəliliyini başa düşmək olar:
“Bu məsələlərə daha çevik münasibətin ortaya qoyulması zərurəti var. Tələb yarandığı təqdirdə, çevik şəkildə bu qanunların çağırışlara uyğunlaşdırılması yolu ilə bank sektorunun dayanıqlılığının təmin edilməsi və dolayısıyla həmin passiv yığımların iqtisadiyyata cəlb edilməsi alətindən istifadə edilməlidir”.
Qeyd edək ki, Milli Məclis “Əmanətlərin tam sığortalanması haqqında” qanunu 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul etmişdi. Məqsəd Azərbaycan manatının 2015-ci ildəki ikili devalvasiyasından sonra banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. 2019-cu il martın 4-də qanunun qüvvədə olma müddəti 1 il, ötən il martın 13-də daha 9 ay, ötən il dekabrın 18-də isə daha 4 ay uzadılmışdı.(pressklub)
Ülviyyə Şahin