Yenixeber.org: Əksər ölkələrdə, eləcə də MDB məkanındakı böyük şəhərlərdə parklanma ilə bağlı problemlər çoxdan həllini tapıb. Yəni böyük parklanma ərazilərini, hətta küçələrdə, evlərin və müxtəlif inzibati binaların ətrafında olan park yerlərini vahid bir informasiya sistemində birləşdiriblər, pullu və pulsuz olanları fərqləndiriblər. Məlumatlandırma və monitorinq sistemləri qurublar.
Bəs, Azərbaycanda vəziyyət necədir?
Mediada və sosial şəbəkələrdə paytaxtda ictimai nəqliyyatın fəaliyyəti daim tənqid olunur. Yol infrastrukturuna daxil olan əksər sahələrdə – işıqlandırmada, hərəkət nişanlarının qoyulmasında, qovşaqlarda, keçidlərdə, avtobus dayanacaqlarında çatışmazlıqlar var. Avtomobillərin parklanması ilə bağlı vəziyyət isə bərbaddır. Çünki hazırda onu tənzimləyən heç bir norma, tarif mövcud deyil. Sahibləri açıqlanmayan şirkətlər Bakıda pullu xidmət təşkil edirlər, Bakı Nəqliyyat Agentliyi BNA) onun qanunsuz olduğunu deyir, amma heç bir tədbir görülmür.
Bu qədər problemə baxmayaraq, BNA şəhərdə quraşdırdığı müşahidə kameraları və səyyar xidmətlə avtomobilləri qanunsuz parklanmaya görə cərimələyir. Paytaxtda hər il minlərlə avtomobilə bu səbəbdən cərimə yazılır.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz nəzərə çatdırır ki, uzun müddət keçməsinə baxmayaraq, parklanma problemi həllini tapmır. Ekspert xatırladır ki, prezidentin 2018-ci il 6 iyul tarixli fərmanı ilə Bakı Nəqliyyat Agentliyinə (BNA) parklanmaya nəzarət, idarəetmə və daxil olan vəsaitdən istifadə ilə bağlı qaydalar müəyyən etmək tapşırılıb:
“Ötən müddət ərzində Bakı şəhərində xeyli parklanma yerləri müəyyən edilib. Lakin vahid bir sistem ortada yoxdur. Qəribə də olsa, indiyədək əksər parklanma yerlərindən yığılan pulların BNA-ya aidiyyəti yoxdur. Ümumiyyətlə, agentlik bildirir ki, parklanmadan yığılan pullar tam qanunsuzdur. Bütün səlahiyyətlər, yığılan vəsaitlər hansısa bir “X” şirkətinin kontrolundadır”.
1. Gündüz səbəb kimi hökumətin saat hesabı parklanma tariflərini 4 ildir müəyyən edə bilmədiyini göstərir:
“BNA rəsmisi dəfələrlə bildirib ki, prezident fərmanının icrası ilə bağlı parklanma yerləri üçün qanuni prosedurların və tariflərin müəyyən olunması məqsədilə Nazirlər Kabinetinə müraciət edilib. Hökumət göründüyü kimi, uzun müddətdir bu problemi həll etmək istəmir. Elə yerlər var ki, səhər kim tez yuxudan dursa, parklanma yerlərinin idarəedicisi o hesab olunur. Bəzən müşahidə etmək olur ki, kimsə dövlətə məxsus olan ərazilərə şlaqbaum yerləşdirir”.
Ekspert hesab edir ki, bütün parklanma yerlərini vahid bir sistemdə birləşdirmək, vahid tariflər müəyyən etmək, bununla bağlı mobil tətbiq hazırlamaq və normal bir ödəniş sistemi qurmaq zamanı çoxdan çatıb:
“Görünür, hazırda parklanmaya kimlər nəzarət edirsə, hökumətə təsir imkanları yetərincə güclüdür ki, BNA rəhbəri Vüsal müəllim 4 ildir qanunvericiliklə ona verilən səlahiyyəti icra edə bilmir”.
1. Gündüz bir maraqlı məsələyə də diqqət çəkir:
“BNA parklanmanın tariflərini həll edə və normal informasiya sistemi qura bilməsə də, qanunsuz parklanma ilə bağlı videomüşahidə sistemini, yəni cərimə sistemini həll edə bilib. BNA təkcə ötən il Bakı şəhərində qanunsuz parklanma hallarının qarşısının alınması məqsədilə videomüşahidə sisteminin qurulması üçün SİNAM şirkətinə 6 milyon manat ödəyib. Son zamanlar Prezident Administrasiyası tərəfindən dövlət nəzarətinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılır. Ümid edək ki, cari ildə nəhayət, bu problem də öz həllini tapacaq”.
Hüquqşünas Hafiz Həsənov parklanma qaydaları mövcud olmadığı halda cərimə tətbiqinin qanununverciliyə uyğun olub-olmaması ilə bağlı bildirdi ki, əslində hüquqi olaraq hər kəs öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Sonra bu öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət tədbirləri tətbiq edilməlidir:
“Yəni əvvəlcə parklanma üçün yerlər təmin edilməlidir və sonra nəqliyyat vasitələrinin parklanma yerlərində saxlanılmadığına görə məsuliyyət təbirləri tətbiq olunmalıdır. İndiki halda bir tərəf öz öhdəliklərini yerinə yetirməyib, yəni zəruri yerlərdə parklanma yerlərini təmin etməyib. Əvəzində nəqliyyat vasitələrini müəyyən yerlərdə saxlamağa məcbur olan sürücülər cərimə olunurlar. Hesab edirəm ki, belə bir vəziyyət hüquqi deyil və bu cür cərimələr ədalətli hesab edilə bilməz. Yəni bir tərəf öz öhdəliklərini tam olaraq yerinə yetirmirsə, digər tərəfi necə məsuliyyətə cəlb edə bilər? Heç kəs bilərəkdən cərimələnməni gözə alıb, öz avtomobilini parklanma qadağan edilən yerlərdə saxlamaq istəməz, insanlar sanki buna məcbur edilirlər. Görünən budur ki, bu məsələdə bir tərəf üçün hüquqlar müəyyən edilib, digər tərəf üçün vəzifələr”.
1. Həsənov qeyd edir ki, ümumilikdə Bakı şəhərində parklanma yerləri ilə bağlı məsələ uzun müddətdir, problem olaraq qalır:
“Hesab edirəm ki, bu problemin həllinə sistemli yanaşılmalı və problemin həllində cərimələmə sonuncu tədbir olmalıdır”.(pressklub)
Turqut