Jurnalistika standartları -təqiblərə qarşı ən yaxşı müdafiə
Yenixeber.org: Martın 14-də bloger Mehman Hüseynov və ictimai fəal Ülvi Həsənli Abşeron rayonu ərazisində polis tərəfindən saxlanılıb və sorğu-sual edildikdən bir neçə saat sonra sərbəst buraxılıb. Martın 14-də daha bir bloger və siyasi mühacir Məhəmməd Mirzəlinin Fransada həyatına qəsd edilib. Naməlum şəxslər ona bir neçə bıçaq xəsarəti yetirib və qaçıb. Blogger ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Mirzəli bir neçə ildir sosial şəbəkələrdə Azərbaycan hakimiyyəti ilə bağlı sərt tənqidi reportajlar dərc etməsi ilə tanınır. Hakimiyyət onu susdurmaq üçün dəfələrlə cəhd edib, amma bu nəticə verməyib. Belə ki, üç il əvvəl onun atası qaçırılmışdı, bir həftə əvvəl isə bacısının şəxsi həyatı ilə bağlı bir video yayıldı. 2020-ci ilin oktyabrında da Mirzəlinin həyatına qəsd edildiyi bildirilir. Blogerlərə qarşı baş verənlər barədə media məsələləri üzrə ekspert, hüquqşünas Xalid Ağəliyev ASTNA-ya danışıb.
- Xalid bəy, son günlər Azərbaycanda və xaricdə yaşayan videoblogerlərlə bağlı hadisələr baş verir. Məhəmməd Mirzəlinin bacısının şəxsi həyatı ilə bağlı videolar yayıldıqdan sonra onun özünə qəsd edilir. Həmin gün Azərbaycanda videobloger Mehman Hüseynov saxlanılır və çəkiliş avadanlıqları əlindən alındıqdan sonra sərbəst buraxılır. Belə demək olarmı ki, blogerlərə qarşı hansısa kampaniyaya start verilib?
- Azərbaycanda medianın, jurnalistlərin, özəlliklə də tənqidçilərin fəaliyyəti üçün əlverişli mühit təəssüflər olsun ki, mövcud deyil. Bu sahədə uzun illərdir ki, ciddi problemlər mövcuddur. Ola bilsin ki, müəyyən zaman kəsiyində həbslər, məhkəməyə çəkilmələr kimi ciddi basqılar müşahidə olunmasın, ancaq bu, ümumilikdə mühitin sağlamlığı anlamına gəlmir. Müəyyən aralıqlarla olsa da belə hallar yaşanır. Bunu xüsusi kampaniyadan çox, uzun illərdir hakim olan mühitin xarakterik inikası adlandırmaq daha doğru olar. Media, jurnalistlərə qarşı belə münasibət təəssüfləndiricidir, ən doğrusu, hökumətin gərəkli araşdırmaları aparması, jurnalistlərə qarşı baş verən qanunsuzluqlara hüquqi qiymət verilməsidir.
- Sizcə, baş verənlərə görə məsuliyyəti kim daşıyır? Əgər bunu edənlər hakimiyyətdə olanlar deyilsə, onda bunu cəmiyyətə necə sübut etməlidir?
- Avropa Şurası məkanına daxil olan bütün ölkələrin hökumətləri öhdəlik götürüblər ki, jurnalistlərə, mediaya qarşı törədilən bütün qətl, o cümlədən zorakılıq, psixoloji basqı hallarını təxirəsalmadan araşdırsınlar, günahkarları aşkar etsinlər və ədalətli mühakimə önünə çıxarsınlar. Sualınızın cavabı bu öhdəliyə necə əməl edilməsindədir. Effektiv araşdırma, günahkarların müəyyən edilməsi bütün kölgələri aradan qaldırır. Bunlar edilmirsə, istər-istəməz hökumətə yönəlik şübhələr, iradlar ortaya çıxmış olur.
- DİN açıqlamasında Mehman Hüseynovun qanunsuz dron əldə etməsinə görə saxlandığını bildirib. Dron saxlamaq və dronla çəkiliş etmək qeyri-qanunidirmi?
- Əksər ölkələrdə dron jurnalistikası artıq özünə yer edib. Bu, mediaya, jurnalistlərə, eləcə də cəmiyyətin keyfiyyətli və dəqiq bilgiləri almaq haqqının daha effektiv təmin edilməsinə xeyli əlavə imkanlar qazandırır. Təəssüflər olsun ki, Azərbaycanda dron jurnalistikası deyilən anlayış özünə yer tuta bilməyib. Başlıca əngəl dronlara çatımdır. Prinsipcə, jurnalistlərin dronlar əldə etməsi qanuni baxımdan mümkünsüz deyil, sadəcə olaraq, hüquqi prosedurları keçmək lazımdır. Hökumətin kontrolunda olan xüsusilə, yayım mediası təqdim edilən məzmundan görünür ki, dronlardan istifadə edə bilir. Ancaq təcrübədə siyasi mövzuda yazan tənqidçilərin, müstəqil jurnalistlərin, araşdırmaçıların bu prosedurları adladıb, drona sahib olması mümkünsüz kimi görünür və olmayıb. Dron saxlamaq və istifadə etmək üçün yaradılmış qanuni mexanizmlər ayrıseçicidir, çətin keçiləndir, tənqidçilər, araşdırmaçılar üçün mümkünsüz kimidir. Bunu doğru saymaq olmaz, Avropa Şurası məkanının ümum qəbuledilmiş hüququnun işığında baxdıqda, bu, hüquqi deyil, jurnalistlərə daha effektiv çalışma imkanı yaradan vasitələrə çatımı əngəlləmək ifadə azadlığı hüququnun təməl prinsiplərinə uyuşmur.
- Bloger Məhəmməd Mirzəlinin həyatına Fransada qəsd edilib. Dəfələrlə ona qarşı bu kimi hallar baş verib. Bir dəfə tapança ilə vurulub. Niyə bunları gözə alıb, onun həyatı təhlükəsizliyi qorunmayıb?
- Daha əvvəl qeyd etdiyimiz kimi Avropa Şurası məkanına daxil olan ölkələrin jurnalistlərə qarşı basqıları, hədə-təhdidləri araşdırmaq, günahkarları ədalət mühakiməsi önünə çıxarmaq öhdəliyi var. Bu öhdəlik, həm də onların təhlükəsizliyinin təmin olunmasına aiddir. Hər hansı jurnalist, blogerlə bağlı real təhdidlər mövcuddursa, hökumətlər onun qorunması üçün gərəkli addımları atmalıdır. Təhdid, təhlükə olubsa, əlaqəli qurumlar bundan xəbərdar olublarsa, bununla belə, təhlükə ağır nətəcələrə gətiribsə, əlaqəli qurumların qoruma ilə bağlı tədbirlərinin effektiv olmadığını söyləmək olar.
- Xalid bəy, əslində Məhəmməd Mirzəli və xaricdə yaşayan videoblogerlərin fəaliyyəti media etikasına, standartlarına və prinsiplərə uyğun olmadığına görə peşəkar media mənsubları tərəfindən təqdir olunmur. Amma hər bir halda onu susdurmağa cəhd söz azadlığının pozulması deyilmi?
- Avropa Məhkəməsinin qərarlarında deyildiyi kimi, ifadə azadlığı hüququ təkcə müsbət qəbul edilən, yaxud zərərsiz sayılan və ya laqeydliklə yanaşılan məlumat və ya ideyaları deyil, həm də təhqiramiz, şoka salan və ya narahatlıq doğuran məlumat və ya ideyaları müdafiə edir. Üstəlik, siyasilərin, ictimai fiqurların tənqidinin dairəsi daha genişdir. Ancaq bu, jurnalistləri etik olmaq, şərəf və ləyaqəti aşağılamaqdan çəkinmək yükümlülüyündən azad etmir.
- Baş verənlər arasında bir məsələ də var. Özünü videobloger kimi təqdim edən Ata Abdullayev həbs olunub. Sizcə, onun həbsinin digər videoblogerlərə baş verənlər arasında hansısa yaxından uzaqdan əlaqəsi ola bilərmi? Onun həbsinə söz azadlığı kontekstində yanaşmaq düzgündürmü?
- Məzmunun keyfiyyətindən asılı olmayaraq, davamlılıq, sürəklilik jurnalistin statusunun müəyyənləşdirilməsi məsələsində önəmli şərtlərdəndir. Hər hansı bir şəxs davamlı, sürəkli olaraq, medianın maraqları çərçivəsində olan mövzularda məzmun yaradır, toplayır, yayırsa, burda söz azadlığı məsələsinin gündəmə gəlməsi qeyri-adi deyil. Ancaq jurnalistlər də hamı kimi hər hansı ictimai təhlükəli əməl törətmək perspektivindən sığortalı deyil. Belə əməllərə yol verisə, məsuliyyət daşıyır, söz, ifadə azadlığı hüququ xilas rolu oynaya bilməz.