Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Açılmayan Kəlbəcər yolu-PROBLEM

 

Üçtərəfli razılaşmalarda bölgədəki bütün kommunikasiyaların, nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutulursa, Azərbaycan niyə Kəlbəcərə getmək üçün dağ aşırımlarından istifadə etmək zorunda qalıb?

Yenixeber.org: Ötən həftə sosial şəbəkələrdə Kəlbəcərə gedən Azərbaycana aid yük maşınlarının Rusiya sülhməramlıları tərəfindən saxlanılması ilə bağlı yayılan video ciddi əks-səda doğurdu. Video Ağdərə-Kəlbəcər şosesinin Hadrut qəsəbəsi ərazisindən keçən hissəsində çəkilmişdi. Yaranmış vəziyyəti qeydə alan şəxs rusiyalı hərbçilərin onlara Rusiya dövlət nömrə nişanından istifadə etməyi tövsiyə etdiyini bildirirdi.

Hadisə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlara dair sualları yenidən gündəmə gətirdi. Həmin razılaşmalarda bölgədəki bütün kommunikasiyaların, nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutulur. Əgər Ermənistan Laçın dəhlizindən maneəsiz istifadə edirsə və qarşıdakı mərhələdə Azərbaycan ərazisi vasitəsilə Rusiya və İranla əlaqə yaradacaqsa, onda Azərbaycan dövləti öz ərazisi olan Ağdərə-Kəlbəcər şose yolundan niyə istifadə etməsin?

Məsələ indiyədək həllini tapmadığına görə, Azərbaycan Ordusuna məxsus hərbi nəqliyyat vasitələri Göygöl-Ömər aşırımı-Yanşaq-Kəlbəcər yolundan istifadə etməyə məcbur olur. Bu təhlükəli dağ yolu payız-qış aylarında keçilməz olur, qar, şaxta səbəbindən bəzən aylarla bağlı qalır. Mürəkkəb relyefə və sərt iqlim şəraitinə malik Murovdağ silsiləsinin çətin aşırımlarından (Ömər aşırımının dəniz səviyyəsindən hündürlüyü 3395, Qoşqar dağının hündürlüyü isə 3361 metrdir) keçən bu yol payızın ilk çağlarından yaza qədər gediş-gəlişə yaramır. Müharibənin bitməsindən bəri orada baş verən qəzalarda hərbçilər və mülki şəxslər həlak olub və yaralanıblar. Sonuncu belə hadisə yanvarın 28-də Ömər aşırımında baş verib. Hərbi avtomobilin qəzaya uğraması nəticəsində hərbi qulluqçularımız Ramiz Mustafayev və Alıxan Qaragözov həlak olublar.

Rəsmi məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov prezidentin tapşırığı əsasında Göygöl-Ömər aşırımı-Kəlbəcər yolunun tikintisi istiqamətində artıq fəaliyyətə başlayıb. Hətta eni 9 metr olacaq yolun Ömər aşırımına qədər olan hissəsində genişləndirmə və yatağın bərkidilməsi işləri başa çatıb. Yaxın vaxtlarda isə Ömər aşırımından Murovun Kəlbəcər üzrə yerləşən “Yol evi”nədək olan 5 kilometrlik hissənin işlənməsinə başlanacaq.

Ümumi uzunluğu 102 kilometr təşkil edən Göygöl-Ömər Aşırımı-Kəlbəcər-İstisu avtomobil yolu 3 zolaqlı olacaq. Yolun 3 zolaqdan ibarət olması çətin relyefə malik dağlıq ərazilərdə yük avtomobillərinin minik maşınlarına mane olmaması məqsədi daşıyır. Bundan başqa, Kəlbəcər rayonundan Laçın rayonuna da dairəvi avtomobil yolunun tikintisi planlaşdırılır.

Hadrutda baş verən hadisəni saytımıza şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Ağdərədə Azərbaycan maşınları karvan şəklində sülhməramlıların müşayiəti ilə keçir, geriyə də bu şəkildə qayıdır: “Karvanın hərəkəti əvvəlcədən təyin olunan vaxtda başlayır. Bu vaxta qədər hamı toplanır, daha tez gələnlər isə gözləyir”.

Ə. Verdiyevin sözlərinə görə, bu yolda hərəkəti ona görə sülhməramlılar tənzimlədilər ki, azərbaycanlıların maşınları ermənilər tərəfindən atəşə tutulurdu. Yaxud ermənilər şikayət edirdilər ki, azərbaycanlılar onlara problemlər yaradır. Ona görə razılaşma əldə olundu ki, Agdərə-Kəlbəcər şose yolunda hərəkətə sülhməramlılar nəzarət etsinlər.

Ə. Verdiyev qeyd etdi ki, məsələ sosial şəbəkələrdə təqdim edildiyi kimi deyil:

“Kolonların həmin yoldan istifadə etməsi üçün günlər müəyyənləşdirilib. Məsələn, həftənin ikinci, dördüncü, şənbə günləri bu yoldan Azərbaycana məxsus maşın karvanları keçəcək. Sülhməramlılar da onların təhlükəsiz keçidini təmin etməlidir. Sosial şəbəkələrdə yayılan videoda bir nəfər rus hərbçisinin sözünə istinad edib, iddia edir ki, Kəlbəcərə gedən maşınları buraxmırlar. O, səlahiyyət sahibi deyil, komandir deyil, bir sözdür deyib, bizimkilər də başlayıblar ki, bəs, bizi Kəlbəcərə buraxmırlar. Bəs, necə oldu buraxdılar? Sadəcə, bizim aidiyyəti qurumlar bu barədə çıxıb danışmırlar, vəziyyəti izah etmirlər. Yol qar uçqunu, buz tutma və s. səbəblərdən bağlana bilər, amma uzun müddət bağlı qala bilməz, çünki bu məsələ razılaşdırılıb”.

Təhlükəszilik məsələləri üzrə ekspert İlham İsmayıl isə bildirdi ki, yayılan videodan əvvəlki hadisələr yaddan çıxmayıb:

“Ağdərə yolunda Azərbaycana məxsus mülki maşın karvanının qarşısının kəsilməsi, Heyvalıda (Drmbon) ermənilərin Kəlbəcər yolunun və Vardenis istiqamətində dövlət sərhədinin açılması tələbi ilə çıxış etməsi, əks halda, bu yoldan Azərbaycanın istifadəsinə imkan verilməyəcəyi barədə təhdidlərini xatırlayaq. Gözləmək olardı ki, bu aqressiv hərəkətə adekvat cavab verməyən Rusiya sülhməramlıları ilə Azərbaycan tərəfi ciddi danışıqlar aparacaq və Laçın dəhlizinin, o istiqamətdə olan dövlət sərhədinin ermənilərin tam ixtiyarına verildiyini və əlavə yola ehtiyac olmadığını onların nəzərinə çatdıracaq. Eyni zamanda, öz ərazisində Azərbaycanla bu cür ultimativ dildə danışmağın yolverilməzliyi, mülki maşınların təhlükəsiz hərəkətinin təmin olunmasının isə sülhməramlıların missiyasına aid olduğu bir daha onların diqqətinə çatdırılmalı idi. Cəmiyyət belə bir danışıqların aparıldığının şahidi olmadı. Nəticəsi də budur ki, ermənilərin ultimatumu sülhməramlılar üçün keçərli oldu və ikinci dəfə belə bir yolkəsmənin şahidi olduq. Belə olan halda sual yaranır: sən necə sülhməramlısan ki, adi maşın karvanının təhlükəsizliyini təmin edə bilmirsən, daha doğrusu, təmin etmək istəmirsən? Ümumiyyətlə, Dağlıq Qarabağ yollarının bugünədək Azərbaycanın üzünə bağlı olması onu göstərir ki, müharibə bitəndən sonra Rusiya və Ermənistan hərbiçilərinin nəzarətində olan ərazilərimizdə suverenliyimizin bərpası istiqamətində bugünədək heç bir rəsmi mövqe ortada yoxdur”.

Ekspertin sözlərinə görə, məsələ yalnız yolların açılmasında yox, bütün qalan proseslərdə də özünü göstərir:

“Ermənistan silahlı qüvvələrinin çıxarılması, qaçqınlarımızın yurdlarına köçürülməsi, dövlət sərhədinin bərpası və sairə vacib məsələlər gündəmdə deyil. 10 noyabr bəyanatından sonra tərəflər toplaşıb bəyanatda öz əksini tapmayan bəzi məsələlərə detallı şəkildə düzəlişlər, əlavələr etməliydi. O cümlədən, qış mövsümündə Kəlbəcərə Murovdan deyil, Ağdərədən gedilməsi müzakirə olunmalıydı. Təəssüf ki, bu məsələlər ciddi şəkildə öz həllini tapmadığı üçün qış mövsümündə hərbçilərimiz məcbur olub Murovdan hərəkət edir, nəticəsi də göz qabağındadır. Belə getsə, Murovda bu, sonuncu ölüm hadisəsi olmayacaq”.

Ekspertin sözlərinə görə, sonuncu maşın karvanı ümumiyyətlə, buraxılmayıb və aparılan mallar Rusiya maşınlarına yüklənəndən sonra Rusiya bayrağı altında Kəlbəcərə yola salınıb.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam