Yenixeber.org: Yanvarın 28-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 4.5 bal, dərinliyi 60 km olub. Zəlzələ sahilyanı rayonlarda 3 bala qədər hiss edilib. Yeraltı təkanlar həm də Badamdar qəsəbəsində sürüşmənin aktivləşməsinə səbəb olub. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əraziyə baxış keçirərkən bildirib ki, burada sürüşmə hadisəsinin baş verməsi ilk dəfə deyil, ərazi sürüşməyə meyllidir.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov isə deyib ki, həmin ərazidə yaşayış evləri və iaşə obyektləri daxil olmaqla, 3 minə yaxın tikili var:
“Onların hər birinin ortalama 500 litr su işlətdiyini nəzərə alsaq, kanalizasiya xətti yoxdursa, bu su axını hara gedir? Torpağa axıdılır. Bu isə sürüşmə təhlükəsini artırır. Bir neçə dəfə burada sürüşmə olub və araşdırma aparılıb. Yaponyadan dəvət olunan mütəxəssislər əraziyə baxış keçirib və riskli zonadan əlavə yüklərin götürülməsi üçün terraslama prosesinin aparılmalı olduğunu bildiriblər. Bu proseslərə artıq çoxdan başlanıb, ərazidə bir qədər yuxarı qalxsanız, görülən işlər barədə sizdə təsəvvür yaranacaq”.
Belə bir vəziyyətdə ortaya iki sual çıxır: həmin ərazinin sürüşməyə meylli olduğu bilindiyi halda, bu qədər yaşayış evləri və iri obyektlərin tikintisinə niyə icazə verilib? Problemin həlli yolları nədir və ərazidən əhalinin təxliyyəsi ilə bağlı hər hansı qərar, hazırlıq varmı?
Səbail rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Anar Hüseynov köçürülmə prosesinin müvafiq dövlət orqanlarının rəylərindən sonra həyata keçiriləcəyini söylədi:
“Son baş verən hadisə ilə bağlı iki fərdi yaşayış evinin sakinləri təxliyyə edilib. Evlərə ziyan dəyməyib, sadəcə, təhlükəsizlik baxımından həmin ailələr ərazidən çıxarılıb. Yamacın yuxarısındakı fərdi yaşayış evinin sakinlərinə isə bildirişlər paylanıb. FHN-nin müvafiq qurumu baxış keçirəndən sonra müəyyən edəcək ki, burada yaşamaq olar, ya yox. Hələ ki belə bir rəy olmadığından, biz köçürülmə ilə bağlı hər hansı fikir söyləyə bilmərik. Onlar bizə bildirsələr ki, burada yaşamaq təhlükəlidir, o zaman tərəfimizdən müvafiq addımlar atılacaq”.
Yol-nəqliyyat üzrə ekspert İlqar Hüseynli bildirdi ki, həmin ərazi park və yaşıllıq yaradılması üçün daha münasib idi:
“Orada çox ciddi geodeziya işləri, seysmik araşdırmalar aparılmalı idi. Əslində o araşdırmalar var idi, sadəcə, Azərbaycanda baş alıb gedən korrupsiya şəhərsalma sahəsində də təzahür etdi. Ölkəmizdə hansı səmtə yönəlirsənsə, hara yaxınlaşmaq istəyirsənsə, korrupsiya ortaya çıxır. Badamdar, Bibiheybət, Bayıl ərazilərinin hamısı sürüşmə zonasıdır. Orada böyük tikintilərin həyata keçirilməsi iki mənada ciddi problem yaradır: birincisi, ərazinin süxurlarını bir daha dağıdır, nəticədə torpağın yumşalması baş verir. İkincisi, orada gedən tikintilər və iri obyektlərin qurulması ərazinin təkrar yüklənməsinə gətirib çıxarır. Bu mərhələ artıq geridə qalıb, tikinti həyata keçirilib, bitib. İndi biz burada konkret kimlərin, hansı şəxslərin günahkar olduğunu araşdırmırıq”.
Mülkiyyət hüququnun toxunulmazlığını diqqətə çatdıran ekspert insan hüquqları kontekstindən yanaşaraq qeyd etdi ki, ən ciddi qorunan hüquqlardan biri də şəxsin mülkiyyət hüququ olmalıdır:
“Əgər şəxs artıq orda torpağa, mülkiyyətə sahibdirsə və həmin tikililərə mülkiyyət hüququ əldə edibsə, təbii ki, bunun müqabilində qiymətləndirmə aparılmalıdır. Əgər sökülmə işləri baş verəcəksə, vətəndaşa dəymiş ziyanın ödənilməsi həyata keçirilməldir. Başqa variant odur ki, vətəndaşların heç birinin evinə toxunmursan, daha ciddi sürüşmə hadisəsində daha böyük bədbəxt hadisə baş verir. Yəni burada iki seçim var. Düşünürəm ki, vətəndaşların həyatını qorumaq baxımından onların köçürülməsi prosesi baş verməlidir”.
İqtisadçı ekspert Natiq Cəfərli bəyan etdi ki, Bakı şəhərində xaotik tikintilər ən böyük problemlərdən biridir:
“Təxminən 90-cı illərin sonundan başlayaraq son dövrə qədər bu xaotik tikintilər Azərbaycanda, xüsusilə Bakı şəhərində geniş yayılıb. Müxtəlif yerli icra hakimiyyətləri, Bakı Şəhər icra Hakimiyyəti, hətta bələdiyyələr belə heç bir təhlükəsizlik qaydalarına əməl etmədən, hər hansı bir sənədləşmə aparmadan, ciddi araşdırma etmədən sadəcə, torpaq satıblar. Və bu torpaq satışı nəticəsində də xaotik tikintilər olub, o cümlədən sürüşmə zonalarında. Badamdar da həmin sürüşmə zonalarından biridir. Burada heç bir ciddi araşdırma və ya bərkidilmə işləri aparılmayıb. Bunun icazəsini verən dvölət orqanlarıdırsa – fərqi yoxdur hansı dövlət orqanıdır – deməli, onun məsuliyyətini də həmin orqanlar daşıyır. Yəni bunun maddi məsuliyyəti dövlət tərəfindən ödənilməlidir”.
Ekspertin sözlərinə görə, vətəndaş müraciət edir və torpaq almaq istəyirsə, hətta bunun müqabilində rüşvət verirsə, vətəndaşın da burada məsuliyyəti yaranır. Amma əsas məsuliyyət o icazələri verən, həmin tikintilərin həyata keçirilməsinə göz yuman dövlət və nəzarət orqanlarıdır. Əgər belədirsə, dəymiş ziyanla bağlı məsuliyyət hökumət orqanlarının üzərinə düşür:
“Ədalət naminə onu da qeyd edim ki, son zamanlar xaotik tikintilərin qarşısı xeyli alınıb. Belə tikililərin sayı azalıb. Amma hər halda, indiyə qədər bu sahədə ciddi araşdırmalar aparılmayıb, günahkarlar cəzalandırılmayıb ki, digərlərinə dərs olsun”.(pressklub)
Ülviyyə Şahin