Yenixeber.org: Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi ordumuzun şanlı qələbəsi ilə başa çatdı. Ancaq düşmən bu müddət ərzində hərbi əməliyyatlar zonasına daxil olmayan yaşayış obyektlərini, mülki insanları raket atəşinə tutdu. Gəncə, Bərdə, Tərtər şəhərlərinin və kəndlərimizin atəşə tutulması nəticəsində 92 vətəndaşımız hərbi cinayətlərin qurbanı oldu. Həyatını itirənlər arasında uşaqlar da var idi.
Bəs, bu hadisələrdən sonra uşaqların keçirdiyi psixoloji sarsıntılar necə aradan qaldırıla bilər? Böyüklərin psixoloji durumu nə vəziyyətdədir?
Psixoloq Fərqanə Mehmanqızı deyir ki, müharibə hər birimizə həm psixoloji, həm də mənəvi təsir etdi:
“Amma hər kəsin psixologiyası müxtəlif olduğuna görə, bu, müxtəlif cür təsir edə və özünü müxtəlif cür göstərə bilər. Bir qrup insanlar var ki, onların uşaqlığı müharibə dövrünə düşüb. Və o dövrdən də aldığı müxtəlif növ psixoloji travmalar var ki, həmin travmalar uşaqlıqda şüuraltı qalıb, artıq yetkin insan olduqda İkinci Qarabağ savaşı onlara daha böyük travma yaşatmış oldu. Sanki onların uşaqlıq travmasını daha da böyütdü. Bu kimi insanların keçirdiyi travmalar daha ağır oldu. Bir qisim insanlar var ki, onların psixologiyası daha həssasdır. Müharibə onlara daha çox təsir etmiş oldu”.
Psixoloq xatırlatdı ki, pandemiya və karantin dövründə biz həm də arxa cəbhədəki “düşmən”lə savaşırdıq:
“Çətinliklərimizdən biri də iki cəbhədə savaşmağımız idi. Biri ön cəbhədə düşmənə qarşı Qarabağ savaşı, digəri arxa cəbhədə COVİD-19-la savaş. Bu dönəmdə böyüklü-kiçikli nə qədər zərər çəkənlər oldu? Bu barədə söhbət açarkən bir nüansa diqqət yetirmək lazımdır: uşaqlar nəinki hər hansı virus, müharibə, müəyyən bir hadisə, ümumiyyətlə, hər bir şeyə böyüklərin o hadisəyə münasibətinə uyğun olaraq yanaşırlar. Yəni savaşı bu gün böyüklər ah-nalə ilə, ölüm-itim kimi qəbul etsələr, o zaman uşaqlar da müharibəyə ölüm qorxusu, fobiyalarla yanaşacaqlar. Əgər biz böyüklər savaşa bir qalibiyyət, mənəviyyatımızın yüksəlişi, milli dəyərlərin, özünəgüvənin bərpası kimi baxsaq, uşaqlarımız da bu mövqedən çıxış edəcəklər. Ona görə də, hər hansı hadisəyə – istər ailə münaqişəsi olsun, istərsə də müharibə kimi böyük miqyaslı bir hadisə olsun – valideynlər necə münasibət bəsləyirsə, necə reaksiya verirsə, övladı da o cür reaksiya verəcək. Uşaq reaksiya verməyi də, hadisələri də böyüklərindən və ətrafından öyrənir. Şükür ki, bu müharibə bizim qələbəmizlə bitdi. Bu qalibiyyət bizə şəhidlərin qanı hesabına nəsib oldu. Bunu da uşaqlarımıza məhz qəhrəmanlıq kimi aşılamaq lazımdır”.
Bu dönəmdə uşaqların keçirdikləri qorxu və stressi dəf etməyə gəldikdə isə psixoloq hesab edir ki, bu, daha çox məktəblərin, məktəb psixoloqlarının, QHT-lərin üzərinə düşür:
“Məktəblərin, ictimai yerlərin fəaliyyəti bərpa olunduqdan sonra QHT-lər, psixoloqlar müəyyən layihələr hazırlayar, təhsil müəssislərinin fəaliyyəti bərpa olunduqdan sonra məktəblərdə direktorlar məktəb psixoloqlarının uşaqlarla daha sıx işləməsi üçün mümkün qədər şərait yaradarlar. Düşünürəm ki, həm valideynlərə, həm də uşaqlara seminarlar, seanslar, digər müxtəlif üsullarla dəstək göstərə bilərlər. Amma sabah nə olursa olsun, ermənilərin bizim başımıza gətirdikləri oyunları – Xocalı faciəsini, ruhlar şəhəri olan Ağdamı heç vaxt unutmamalıyıq. Və unutdurmağa imkan verməməliyik. Amma bütün bunları yazıqlıq, bədbinlik formasında təqdim etməməliyik. Biz artıq bu acizlikdən qurtulduq, qələbə qazandıq”.(pressklub)
Ülviyyə Şahin