Yenixebr.org: Ön cəbhədə gedən döyüşlərlə bərabər arxa cəbhədə də informasiya savaşı gedir. İnformasiya təminatı, saxta xəbər və iddiaların təkzib olunması, dünya ictimaiyyətinin obyektiv məlumatlandırılması baxımından bu işin çox böyük əhəmiyyəti var. Lakin ölkəmizdə internet problemi davam etməkdədir. Sürət zəifləyib və sosial şəbəkələrə blok qoyulub. Problem nə zaman həll olunacaq?
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova bildirdi ki, müharibə şəraitində olduğumuzdan nazirlik kibermühitdə təhlükəsizliyimizi qorumaq üçün tədbirlər həyata keçirir:
“İnterneti sadəcə, məhdudlaşdırmışıq. Heç kəs internet tamamilə yoxdur deyə bilməz. Mən də sizin kimi Azərbaycan vətəndaşıyam. İnternet var, bu, sadəcə müəyyən şəbəkələrdə qeyri-dəqiq, kiminsə şəxsən çəkdiyi hansısa bir videonun, yaxud foto-montajın və sair lazımsız çəkilişlərin yayılmasının qarşısını almaq üçündür. Kibermühitdə Azərbaycanın hazırkı mövqelərini qorumaq üçün biz bu önləmi almışıq. Amma nə zamana kimi davam edəcək sualını verirsinizsə, mənim yerimə olsanız, bu sualı cavablandıra bilərsinizmi?! Təbii ki, xeyr. Ona görə də, mən də bu suala cavab verə bilməyəcəm”.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də qeyd etdi ki, ölkədə müharibə gedirsə, hərbi vəziyyət elan olunubsa, bəzi məqamları bir qədər anlayışlı qarşılamaq lazımdır:
“Ola bilsin ki, bizdə bəzi məsələlərlə bağlı məlumat yoxdur, baş verənləri real olaraq dəyərləndirə bilmirik. Biz düşünürük ki, sosial media, internet başdan-başa açıq olsa, daha yaxşı olar, amma belə deyil. Bu baxımdan hərbi vəziyyət olduğuna görə, qanunun tələblərinə uyğun olaraq belə bir addımın atılması normaldır. Bu, indi qanuni bir addımdır”.
Bununla yanaşı, ekspertin sözlərinə görə, hazırda döyüş yalnız ön cəbhədə getmir, beynəlxalq arenada Azərbaycan əleyhinə işləyənlər, informasiya müharibəsi aparanlar da var:
“Məhz anti-Azərbaycan təbliğatı aparanlara qarşı mübarizə aparmaq, mövqe ortaya qoymaq üçün müəyyən əlavə imkanların yaradılmasının tərəfdarıyam. Media, ekspertlər, beynəlxalq mühitdə işləmək bacarığı olanlar üçün hansısa şərait yaratmaq, mərkəzlər qurmaq lazımdır. Onlar üçün əlavə girişlərin və s. verilməsi labüddür. Düşünürəm ki, hökumət buna baxsa, yaxşı olar. Çünki anti-Azərbaycan cəbhəsi qarayaxma, doğru olmayan informasiyalar, böhtanlar yayır. İmkanı olanlar VPN-dən istifadə edib, onların cavabını verməlidirlər, peşəkarlar üçün isə əlavə şərait yaradılsa, yaxşı olar”.(pressklub)
Ülviyyə Şahin