Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

"Riskli vəziyyətdir, manatı saxlamaq mümkün olmayacaq"

 

“1 dollar azı 500 manat olacaq. Bu, artıq iqtisadiyyatın dağılması deməkdir”

“Dövlət idarələrində və hüquq-mühafizə orqanlarında çalışanların sayı 2 dəfə aşağı salınmalıdr”

"Xeberinfo.com":  Azərbaycanın milli valyutasının kəskin devolvasiyası haqqında Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral qərarıdır. İqtisadçılar, siyasətçilər, politoloqlar və nəhayət, media da bu məsələ üzərində köklənib.Şərhlər müxtəlifdir, göstərilən çıxış yolları da. Meydan TV bu dəfə mövzunu 1996-cı ildən ABŞ-da mühacir həyatı yaşayan Milli Məclisin sabiq spikeri Rəsul Quliyevlə müzakirə obyektinə çevirib.  “AzPolitika.info” həmin müsahibənin manatın devolvasiyasının səbəblərinə və bunula bağlı gələcəkdə baş verə biləcək  proseslərə həsr olunan hissəsini təqdim edir.

-Rəsul müəllim, söhbətimizi cəmiyyətdə şok yaradan Mərkəzi Bankın (MB) manatın devolvasiyası haqqında qərarından başlayaq. Qərardan bir neçə gün əvvəl MB İdarə Heyətinin sədri Elman Rüstəmov devolvasiyanın tədricən gedəcəyini demişdi. O cümlədən, prezident İlham Əliyev yanvarın 15-də keçirdiyi müşavirədə manatın dayanaqlı olduğunu və heç bir təhlükə gözlənilmədiyini söyləmişdi. İqtisadçılar bu barədə şərh veriblər, ancaq sizin yanaşmanızı bilmək istəyirik…
-Mənim üçün maraqlıdır, iqtisadçılar nə deyirlər?

- Yəqin ki, oxumusunuz.
-(gülür). İstənilən hadisənin şok yaratmasının əsas səbəbi Azərbaycan cəmiyyətinin qapalı olmasından irəli gəlir. Qapalı cəmiyyət nədir? Hökumət daxilində hansı proseslərin getdiyi, nələrin olduğunu hətta nazirlər də tam detalları ilə bilməkdən məhrum olurlar. Yəni bir nazir bilirsə, o biri nazir xəbərsiz olur, çünki proseslər gizli gedir. Ona görə istənilən hadisə şok təsiri bağışlayır, səbəb bir daha deyirəm: qapalı cəmiyyətdədir. Əgər cəmiyyət qapalı olmasaydı, ağlı başında olan, qəzet oxuyan, hesabata diqqət yetirib nəticə çıxarmağı bacaran adamlar artıq 2014-cü ilin noyabrından nələr gözlənildiyini hiss edərdilər. Həmin tarixdən Azərbaycanın ehtiyat valyuta fondu hər ay yarım milyarddan başlayaraq, 1 milyard və 1 milyard yarım olmaqla itkiyə məruz qalırdı. Ümumiyyətlə, Azərbaycanda maaşların 500-600 manat olması ancaq təbii xammalın hesabınadır. Əgər təbii xammal olmasaydı, maaş orta hesabla 100 manat olmalıydı. 2012-ci ildə neftdən gələn valyuta ehtiyatları pik həddə çatdı və elə həmin ildən ehtiyatlar azalma xətti ilə enməyə başladı. Hökumət o qədər izafi xərclər həyata keçirmişdi ki, artıq vəsait çatmadığından valyuta ehtiyatından istifadə edirdilər. Amma neftin qiymətinin birdən-birdən kəskin düşməsi mənzərəni dəyişdi. Büdcəmizdə də neftin qiyməti 1 barrelə görə 90 dollar nəzərdə tutulub. Təsəvvür edin, neftin qiyməti 50 dollara enəndə hər barreldə 40 dollar itirildi, bununla da xərclə büdcəyə daxil olan vəsait arasında çox böyük fərq yarandı. Bu fərq ehtiyatda olan valyutanın hesabına aradan qaldırılırdı.
İndi gələk sualına, nəyə görə hökumət manatın dayanaqlı olduğunu daim deyirdi, obrazlı deyək, manat yıxılmayıb, amma manatın kursu getdikcə düşəcək, 21 fevraldan sonrakı səviyyədə də saxlamaq mümkün olmayacaq. Məsələ ondadır ki, Azərbaycan rəsmiləri Putinin söylədiklərinə arxalanıb həmin bəyanatları səsləndirirdilər. Yəqin Putinin “neftin qiyməti 80 dollara düşsə, dünya iqtisadiyyatı dağılacaq” açıqlamasını eşitmisən. Bu, çox səfeh bəyanat idi. Çünki belə vəziyyətdə büdcəsi neftlə yüklənən ölkələrin iqtisadiyyatı dağıla bilər, nefti olmayan ölkələrdə isə inkişaf gedəcək.
Rusiyada neftin qiymətinin enməsini müvəqqəti hesab edirdilər, özünün proqnozu olmayan Azərbaycan rəhbərliyi də Moskvanın dediklərini həqiqət kimi qəbul etdiyindən ehtiyat valyuta hesabına manatın kursunu saxlayırdı. Neftin qiyməti isə qalxmadı və dünya neft bazarının 18 faizini verən Səudiyyə Ərəbistanı təhlilini yayıb göstərdi ki, hasilatı aşağı salmayacaqlar. Səbəb də odur ki, ABŞ-ın kəşf etdiyi yeni texnologiya hesabına çıxartdığı neft bazarı tutacaq. Ona görə ərəblər neftin qiymətinin qalxmağa imkan verməyəcəklərini bəyan etdilər. Ondan sonra hökumət anladı ki, ümidə yer yoxdur, hələ indiki səviyyədə qalsa, böyük şeydir. Məncə, neftin qiyməti 10 dollar da enəcək. Belə olanda, hökumət tədbir görməliydi, başqa çıxış yolu yox idi, axı hər ay manatın kursuna görə 1,5 milyard itirirdi. Hökumət anladı ki, neftin qiyməti bu cür qalsa və hər ay itkiyə getsə, il yarımdan sonra ehtiyat fondunda heç nə qalmayacaq və 1 dollar azı 500 manat olacaq. Bu, artıq iqtisadiyyatın dağılması deməkdir.

-Amma prezident bildirib ki, 21 fevral qərarını Azərbaycan xalqını mümkün risklərdən qorumaq üçün qəbul etdilər…
-Axı, siz özünüz də 21 fevrala qədər başqa şeyləri xatırlatdınız.

-Daha doğrusu, rəsmilərin dediyin xatırlatdım…
– İndi də onlar deyir. Mən hesab edirəm ki, manatı saxlamaq mümkün olmayacaq və istər-istəməz qiymətlər də artacaq. Başqa çarəsi yoxdur. Məsələ ondadır ki, Azərbaycana ildə 12-13 milyard dollarlıq xaricdən mal gətirilir, bu malı manatla almaq olmaz. Deməli, ildə 12-13 milyard dollar lazımdır ki, xaricdən mal gətirsinlər. Onun yarısını neftin satışından gələn dollarlarla ödəyirlər, yerdə qalanı isə ehtiyat valyutadan. Mənim danışdıqlarım iqtisadiyyatın çox bəsit formasıdır, bunu bilməmək ayıbdır.

-Demək istəyirsiniz ki, baş nazir, MB İH sədri, nazirlər danışdıqlarınızdan xəbərsizdirlər, yoxsa başqa variantları olmayıb?
– Manatın məzənnəsinin dəyişməsində onların heç bir variantı yox idi. İkinci, manatın kursu yenə düşəcək, ona qarşı da variantları yoxdur. Çünki büdcənin 80 faizi neft gəlirləri əsasında formalaşıb. Əgər neftin qiyməti iki dəfə düşürsə, deməli, büdcəyə daxilolmalar da o qədər azalacaq. Və bunların nəticəsində büdcədən maaş alan 3 milyon vətəndaşın sosial durumu ağırlaşacaq. Bu, “bir üstə gəl bir bərabərdir iki” kimi hesablamadır. Ümid yalnız “bəlkə də qaytardılar” fikrinədir, yəni neftin qiymətinin artmasına. Məsələn, sabah Rusiya neftinin satışına qadağa qoydular və qiymət qalxdı, bax, hakimiyyətdəkilər bu cür şeylərə ümid edirdi. Bir daha bilin, manatın kursunun düşməsinin qarşısını heç fələk də ala bilməz.

-Amma prezident 2006-cı ildən Azərbaycanda pul islahatının getdiyini deyib. Bu barədə nə deyə bilərsiniz?
-Pul islahatının nə böyük əhəmiyyəti ola bilər? Sadəcə, həddən artıq çoxlu pul kütləsi buraxılır, onu azaltmağın naminə dəyərini 10, 20, yaxud 100 dəfə aşağı salırlar. Axı, bu faktiki olaraq heç bir şeyi dəyişmir. Hansı normal iqtisadiyyatı olan ölkədə pul islahatı olur? Heç bir ölkədə. Ona görə pul islahatının iqtisadiyyatın sağlamlaşdırılmasında heç bir rolu yoxdur. Bu, qısa müddətdə ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıyır. SSRİ-də 20 dəfə pul islahatı olub, nə olsun?! Sabah Rusiya 1 dollara bərabər olan 70 rublunu islahat edib 1 rublu 1 dollara bərabər edəcək, bunun heç bir təsiri olmayacaq. Yalnız yeganə pul kütləsini azalda bilər, vəssalam!

-Çıxış yolunu göstərin, hökumət hansı addımlar atmalıdır?
-İndiki vəziyyətdə çıxış yolu yoxdur. Valyuta ehtiyatları qurtarana qədər hökumət düşünməlidir ki, idxal etdiyi malları, məsələn, 12 milyarddan 2 milyarda necə salmaq olar, daxili bazarda hansı məhsulların istehsalını artırmaq mümkündür? Yaxud polisin, deputatın maaşı orta əməkhaqqından 2-6 dəfə çoxdur, normal ölkələrdə belə şey olmur. Və onların əksəriyyəti də rüşvət alır. Bax, hökumət bu barədə düşünməlidir. Ona görə dövlət idarələrində və hüquq-mühafizə orqanlarında çalışanların sayını 2 dəfə aşağı salmalıdr. Üçüncü, hərbi müdafiəyə xərclənən 3,5 milyardı 1,5 yarıma endirməlidirlər. Onsuz da 3,5 milyardlıq hərbi xərclə Rusiyanın qarşısında dayana bilməyəcəklər, necə ki, Ukrayna dura bilmir. Baxmayaraq ki, ukraynlılar azərbaycanlılardan 50 dəfə çox döyüşkəndirlər. İldə 6 milyard dollar təmir-tikintiyə sərf olunurdu, hamısı da izafi, halbuki, bunların heç biri lazımlı deyildi. Təcili surətdə bunlar dayandırılmalıdır. Amma elə-belə saxlamaq da mümkün deyil. Çünki tikinti obyektlərində yüz minlərlə adam işləyir və bu tikintilər dayananda işsizlər ordusu yaranacaq. Neçə illərdir ki, hökumət istisadi islahatlar etməyib, ümidini neftə bağladığından özünü elə bir dalana salıb ki… Bu dalandan “şok terapiya” olmadan çıxmaq şansı yoxdur. “Şok terapiya”nın millət tərəfindən necə qarşılanacağını da demək mümkün deyil. Düzdür, bizim millət dözümlüdür, amma onunla yanaşı xaotik çıxışlar da millətimizə xasdır.

-Neftin qiymətinin enməsindən sonra Bakı Vergilər Departamenti ləğv olundu, Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri bölüşdürüldü, amma ardı gəlmədi, proses dayandı…
-Gərək davam etdirəydilər. Ancaq əvvəlcədən departamentlərin, nazirliklərin, komitələrin vəziyyətini, nə qədər işçi olmasını, büdcəsini hesablamalıydılar. Yəni bu qurumları bağlamaqla büdcə xərcləri nə qədər azalacaqdı?! Bunların büdcədən xərcləri heç 0,5 faiz də deyil. Ona görə fundamental ixtisarlar getməlidir, bu, o deməkdir ki, dövlət aparatında işləyənlərin sayı 2 dəfə azaldılmalıdr. Konkret olaraq, Prezident Administrasiyasında 3 dəfə ixtisar olmalıdır, orda sovet dövründəki kimi o qədər şöbə kimə lazımdır?! Nazirlər Kabineti, nazirlər elə prezidentin aparatıdır da, onlardan əlavə Prezident Administrasiyası nəyə lazımdır? Məsələn, Nəqliyyat Nazirliyi, bu nazirlik nəqliyyatın meneceri kimi çıxış edir…

-O zaman, böyük işsizlər ordusu yaranmırmı?
-Ona görə dedim ki, riskli vəziyyət yaranıb. Onsuz da işsizlik yaranacaq, ağıl tələb olunur ki, aşağı maaşla çox iş yeri açılsın.

-Deməli, ötən əsrin 30-cu illərindəki Amerikanın depressiya dövrünü yaşamalı olacayıq?
-Mən 1998-ci il Rusiyasının defoltunu daha çox görürəm, bu, daha uyğun gələr.

-Ancaq bu il Bakıda Avropa Olimpiya Oyunları, parlament seçkiləri və başqa beynəlxalq tədbirlər keçiriləcək. Hökumət bunları hesablamamışdımı?

-Əgər hökumət manatın kursundan arxayıncasına danışıb, sonra 21 fevralda başqa qərar qəbul edirsə, yəni 3 gün qabağı görə bilmirlərsə, 1 il qabağı necə görəcək?! Əslində, Olimpiyada bizə lazım deyildi, o cümlədən, bu yarışla bağlı təmir-tikintilərə ehtiyac yox idi, milyardlar gedəcək, sonra nə olacaq, heç nə! “Avrovision” yarışması ilə əlaqədar milyonlarla dollarlıq təmir-tikinti işləri gördülər, indi həmin obyektlər nə gəlir gətirir?! Sözsüz, bunların hamısı izafi xərclərdir. Parlament seçkisini idman yarışı ilə bir sıraya qoyma.

-Məgər, seçkilərə maliyyə ayrılmayacaq?
-Yeri gəlsə, qəpik-quruş da xərcləyərlər, istəsələr heç onu da ayırmazlar. Yalnız seçki bülletenlərini çap etdirər və “gedin işinizin dalınca” deyərlər. Elə danışırsan, sanki Azərbaycanda parlament seçkiləri böyük prosesdir. Gözə kül üfürmək üçün proses adı verirlər, əvvəldən kimin deputat olması bilinirsə, seçki prosesini sadələşdirilmiş formada da keçirmək olar. Amma olimpiya yarışı çox ciddi hadisədir, çünki ölkənin izafi xərclərini qat-qat artırır. İndiki zamanda bu yarışın keçirilməsi iqtisadiyyata vurulan ən ağır zərbələrdən biridir.

-İqtisadçılar çıxış yolu kimi idxal üzərində inhisarçılığın aradan qaldırılmasını, sahibkarlara normal idxal üçün şəraitin yaradılmasını, gömrük ödənişlərinin azadılmasını və ya müəyyən müddətə vergilərdən azad edilməsini təklif edirlər. Bu təkliflər nəzərə alınsa, prosesin ağrılı mərhələsini normal şəkildə keçmək olarmı?
-İqtisadçıların təklifləri normaldır, amma sözdür. O mənada ki, hökumətin biznesmenin fəaliyyətinə müdaxilə etməməsi barədə təklifi çoxdan reallaşmalıydı. İndi də gec deyil, bu istiqamətdə təcili addımlar atılmalıdır. Amma vergiyə gəlincə, fermerlər üçün bunu tətbiq etmək olar. Bunları həyata keçirmək üçün gərək Azərbaycan Ümumdünya Ticarət Təşkilatından çıxsın…

-Azərbaycan həmin təşkilata hələ üzv də deyil…
-Mən elə bilirdim üzvdür. Allahın Rusiyası üzv oldu, amma Azərbaycan hələ olmayıb. İqtisadçıların təkliflərinin nəzərə alınması üçün hesablama aparılmalıdır, bu isə makroiqtisadiyyatdan, dövlət büdcəsindən başlayır. Birinci, hesablasınlar ki, insan acından ölməmək üçün gündə nə qədər yeməlidir? İflasa uğrayan dövlət üçün hesablasınlar ki, minimum dövlət büdcəsinə nə qədər pul lazımdır? İndiki kimi 19 milyard yox, 4 milyard lazımdır və bunun əsasında verilən təkliflərin həyata keçirilməsi müəyyənləşməlidir. Vergilər aşağı salınmalıdır, gömrükdən başlanmalıdır, konkretləşməlidir, hansı mallar üçün nə qədər vergi aşağı salınmalıdır və bunun büdcəyə təsiri necə olacaq? Bunlar hesablanandan sonra qərar qəbul edilməlidir.

-Bəs məmur oliqarxiyası, inhisarçılıq və korrupsiya?
-Bunları gərək dünən aradan qaldıraydılar. Korrupsiya, inhisarçılıq cinayətdir, bunu biz yox, qanunlar deyir. Sadəcə, cinayətin qarşısını almaq lazımdır, yeni şey yazmağa ehtiyac yoxdur. Azərbaycan qanunvericiliyində yazılmayıb ki, filan məhsulu inhisara almaq olar, ya da korrupsiyaya yol vermək mümkündür. Monopoliyanın aradan qaldırılmasının bir yolu var: dövlət biznesmenin işinə müdaxiə etməsin. Bizdə belədir: iş adamı iş qurmaq istəyirsə, mütləq idarələri, komitələri, nazirlikləri rüşvət verə-verə keçməlidir. O da imkan versələr, çünki nazirin biri deyir ki, yox, bu, onun biznesidir, çəkil kənara. Bunların üzərindən xətt çəkilməlidir.

-Hökumət dediyiniz xətti çəkə biləcəkmi?
-Məncə, yox. Çünki hökumət özü yaradıb monopoliyanı da, korrupsiyanı da. Hökumət özü doğduğu uşağı öldürə bilərmi? Mən bunu bilmirəm.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam