"Aprelin 20-dən sonra-karantini ləğv etmək tezdir"
TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksion xəstəliklər üzrə uzman həkim Vasif Əliyevin müsahibəsi:
Yenixeber.org: - Azərbaycanda xüsusi karantin rejiminin başa çatmasına 4 gün qalıb. Sizcə, biz ölkə olaraq karantindən necə çıxmalıyıq?
- Azərbaycanda vəziyyət stabildir. Bizdə silsiləli artım müşahidə olunmur. Bir ara 104, 105 yoluxma halı oldu. Sonradan isə 50,60,40 civarında yoluxma halı davam etdi. Mən hesab edirəm ki, aprelin 20-dən sonra karantindən çıxmaq tez ola bilər. Bu məsələ Operativ Qərargahla da dəqiqləşdiriləcək. Ola bilər ki, müddət uzadılsın. Çünki bu dəqiqə karantindən çıxmaq yoluxma hallarının da olduğunu nəzərə alanda fikrimcə, tezdir. Belə olsa, təkrar ikinci bir dalğanı yaşaya bilərik. Bu vaxtı ən azı ayın sonuna kimi uzadıb gedişata görə qərar vermək lazımdır. Ani, düşünmədən addım atmaq sonradan bizə baha başa gələr.
- Ötən gün brifinqdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirdi ki, Operativ Qərargaha təqdim etmək üçün yeni qaydalar üzərində işləyirlər. Sizin bu qaydalardan məlumatınız varmı? Proses necə tənzimlənəcək?
- Qaydalar üzərində işlənilir. Amma bu qaydaları dövlətə təqdim etmədən danışmaq hələ tezdir. Bu qaydalar tam işləndikdən və dövlət tərəfindən qəbul edildikdən sonra ictimaiyyətə açıqlana bilər.
- Bu sahənin mütəxəssisi kimi, necə hesab edirsiniz, karantin qaydaları nə zamandan sonra yumşaldılmalıdır?
- Yoluxma hallarının təkcə bizdə yox, eyni zamanda, dünyada da gedişatına baxmaq lazımdır. Yəni xəstəliyə səbəb olan virusun yoluxma qabiliyyətinin zəifləməsi kimi hallara baxılmalıdır. Təbii ki bu, bir çox səbəblərdən asılıdır. Məsələ havaların istiləşməsi ilə bağlı deyil. Görsək ki, yoluxma hallarında azalma var və xəstəliyi keçirən insanlar daha yüngül formada bunu keçirirlər və belə vəziyyət dünya ölkələrində də baş verir, o zaman qaydalar mütəmadi şəkildə yüngülləşdirilə bilər.
- Belə fikir səsləndirilir ki, 1 il ərzində bu virus məsələsi gündəmdə olacaq. Bu nə dərəcədə əsaslıdır?
- Bunlar xəstəliyin gedişatına bağlı olan məqamlardır. Heç kim bilmir ki, xəstəlik bundan sonra hansı formada seyr ediləcək və ya nə zaman bitəcək. Bu sadəcə təxminlərdir. Çünki hər bir ölkə keçirmiş olduğu pandemiyanı təkrar ikinci bir dalğa ilə də keçirə bilər. Yoluxmayan insanlarda da bir qığılcım yarana bilər. Yəqin ilin sonuna kimi bəzi məhdudiyyətlər ola bilər. Bu da dediyim kimi, xəstəliyin gedişatına bağlıdır. Xəstəlik yüngül formaya keçərsə ictimai iaşə obyektlərinə və insanların kütləvi toplandığı yerlərə, ictimai nəqliyyata bəzi məhdudiyyətlər qoyula bilər.
- Bizimlə qonşu olan ölkələrdə vəziyyət ürəkaçan deyil. Məsələyə yəqin bu kontekstdən də baxılmalıdır...
- Amerikadakı, Avropadakı vəziyyəti görürsünüz. İranda proses davam edir. Türkiyə hələ deyərdim ki, xəstəliyin pik nöqtəsini keçməyib. Orada, eləcə də İranda hər gün 90-100 civarında insan vəfat edir. Hələ ki belə aktiv bir vəziyyət olduğu halda, karantin rejiminin bitməsi ilə bağlı vəziyyət düşünürəm ki, doğru deyil. Yəqin ki, karantin rejiminin uzadılması daha məntiqli olar.
- Son olaraq, bizdə bu xəstəliyin pik həddinin gəlib keçdiyini demək olarmı?
- Ola bilər ki, 104, 105 nəfərin yoluxması halı olanda pik səviyyəsinə doğru keçdiyimizi deyə bilərdik. Amma yenə də bunu konkret demək olmaz. Çünki bunu həftələrlə müşahidə etmək lazımdır. Aprelin sonuna kimi tam fərqli gedişat ola bilər. Ola bilər may ayında tam fərqli gedişat olsun. Əgər yoluxma artmağa doğru gedərsə, pik səviyyəsinin hələ də irəlidə olduğunu düşünmək olar. Hələ ki, konkret pik səviyyəsini keçib keçməməyimizlə bağlı bir şey demək olmaz. (Qafqazinfo)