Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İrəvanı qorxuya salan Azərbaycan və Pakistan FAKTORU:Pərdəarxasında NƏLƏR BAŞ VERİR?

 

İrəvanı qorxuya salan Azərbaycan və Pakistan FAKTORU: Pərdəarxasında NƏLƏR BAŞ VERİR?

Bütün hərbi təşkilatlar kimi ümumi müdafiə prinsipi əsasında qurulan Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatı (KTMT) son vaxtlar ən ağır dövrünü yaşayır. Prosesləri bizim üçün maraqlı edən amil isə təşkilat daxilində müşahidə olunan qarşıdurmanın bir tərəfində Ermənistanın yer almasıdır. Ermənistanın təşkilatda məhz təklənən tərəf olması isə prosesləri daha maraqlı hala gətirir.

Yenixeber.org: Saytımıza müsahibəsində politoloq İlqar Vəlizadə KTMT daxilində baş verən prosesləri və İrəvanın digər üzv dövlətlərlə qarşıdurmaya getməsinin səbəblərini şərh edib.

- Hazırda KTMT daxilində hansı proseslər baş verir, müşahidə olunan qarşıdurmanın səbəbləri hansılardır?

- Avqustda təşkilat daxilindəki ekspert qrupu bir təklif hazırladı. Təklif ondan ibarətdir ki, KTMT-də iki status yaradılsın: müşahidəçilik və partnyorlar. Bu statuslar KTMT-nin fəaliyyətini gücləndirməyə imkan yaradır. Digər tərəfdən isə təşkilata tərəfdaş ölkələri cəlb etməyə imkan verir. İndi dünyada qutbləşmə prosesi aktivləşib və müxtəlif hərbi-siyasi mərkəzlərin yaradılmasına başlanılıb və yeni formatlar əmələ gəlir. Bu proseslərə cavab olaraq KTMT-də də müəyyən dəyişikliklər baş verir. Struktur dəyişiklikləri təklifi ilə təşkilatın əsas üzvləri – Rusiya, Belarus və Qazaxıstan çıxış edir. Onlar başa düşürlər ki, digər hərbi-siyasi mərkəzlərlə rəqabət aparılması üçün təşkilatda bu dəyişikliklər vacibdir. Burada əsas məqsəd bu və ya digər şəkildə yeni üzvlərin, yaxud da müşahidəçilərin cəlb olunmasıdır.

- Belə çıxır ki, təşkilatda sözügedən dəyişikliklərə qarşı çıxan yeganə ölkə Ermənistandır...

- Partnyor və müşahidəçi statusuna bir neçə ölkə namizəd sayıla bilər. Bunlardan biri Özbəkistandır, həmçinin Pakistan və Azərbaycan istisna edilmir. Ermənistanı qıcıqlandıran məqam məhz budur. Burada maraqlı bir məsələ var. Hazırlanmış statuslar dövlət başçıları tərəfindən də təsdiq olunub. Yəni, belə statusları tətbiq etmək olar. Amma iş ondadır ki, Ermənistan veto hüququndan Azərbaycan, həmçinin Pakistana (Pakistan Ermənistanın müstəqilliyini tanımır –red.) qarşı istifadə edə bilər. KTMT-nin digər üzvləri prosedur qaydalarını dəyişmək, veto hüququnu aradan qaldırmaq istəyirlər. Pərdəarxasındakı mübahisələr elə bundan ibarətdir.

- Bu qarşıdurmanın perspektivini necə görürsünüz, böhranın hansı formada həll olunması gözlənilir?

- Məsələ ondan ibarətdir ki, Ermənistan KTMT üçün problemə çevrilib. Azərbaycanın adı hallansa, yaxud da KTMT-nin regional problemlərə qoşulmaqla bağlı fikirləri səslənsə, İrəvan dərhal reaksiya verir və bu da təşkilatın əl-qolunu bağlayır. Yaxud da əksinə, KTMT-ni təhlükəli məsələlərə qoşmaq istəyir. KTMT-nin Azərbaycan-Ermənistan müharibəsinə cəlb olunma cəhdləri artdıqca, bu, təşkilatın özü üçün, konkret olaraq Belarus, Qazaxıstan və Rusiyaya problemlər gətirir. Azərbaycan Xəzər dənizində Qazaxıstan və Rusiya ilə birgə təhlükəsizlik qaydalarının təmin olunmasında iştirak edir. Ermənistanın cəhdləri bu imkanları məhdudlaşdırır. Xüsusilə, Qazaxıstanın buna reaksiyası mənfidir.

- Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan bir neçə gün əvvəl bildirdi ki, KTMT ilə bağlı bəyanatlarına görə Belarus və Qazaxıstan liderlərindən hesabat tələb edəcək. Bu bəyanat özü ilə hansı nəticələri gətirə bilər?

- Bu, siyasi savadsızlıqdan irəli gələn məsələdir. Paşinyan axı kimdir ki, kimdənsə nəsə hesabat tələb etsin. O, Ermənisanın müdafiə və xarici işlər nazirlərindən nəsə tələb edə bilər, yaxud da Yuriy Xaçaturovdan nəsə tələb edə bilərdi. Baxmayaraq ki, Xaçaturov KTMT-nin rəhbəri idi, amma o, Ermənistan vətəndaşı idi. Paşinyan bunu müstəqil ölkələrin başçıları ilə bağlı edə bilməz. Paşinyan dərk etmir ki, belə bəyanatlar bu ölkələrlə uzunmüddətli böhrana aparır. O, bu böhrandan asanlıqla çıxa bilməyəcək. Ya üzr istəməli, ya da hansısa vasitələrlə öz səhvini etiraf etməlidir. Hesab edirəm ki, bu cür bəyanatlar gələcəkdə Belarus və Qazaxıstanla “soyuq müharibə”yə gətirib çıxaracaq, bu ölkələr Ermənistanla heç bir münasibət qurmaq istəməyəcəklər, çalışacaqlar ki, kənarda dursunlar. Ermənistan üçün bu ölkələrlə yeganə vasitəçi Rusiyadır. Rusiya da istəyir ki, Ermənistanın xarici siyasətində öz rolunu oynasın. Rusiya Ermənistanda ciddi sual altında olan nüfuzunu artırmaq üçün bu konfliktlərdən istifadə etməyə çalışacaq, çox güman ki, artıq çalışır.

- Yəni, Rusiyanın hazırda KTMT daxilində müşahidə olunan qarşıdurmaya münasibətdə susqunluq nümayiş etdirməsi konkret hədəfdən irəli gəlir?

- Əlbəttə, Rusiyada gözləyirlər ki, bu böhran daha da dərinləşsin. Məlumdur ki, Ermənistan böhranın həlli üçün sonda Rusiyaya müraciət edəcək. Axı iş KTMT ilə bitmir, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür. Ermənistana kreditlərin ayrılması məsələsi ittifaq çərçivəsində qalxsa, Belarus və Qazaxıstan buna veto qoya bilər. İrəvan məcbur olub Rusiyaya üz tutacaq ki, ona kömək etsin. Bu da Ermənistanın xarici siyasətində Rusiyanın nüfuzunu artıra bilər. Ermənistan onsuz da dalandadır və bu cür bəyanatla Ermənistanı daha çıxılmaz vəziyyətə salır.

- Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Belarusa səfər etdi. Səfər zamanı imzalanan sənədlərdən biri də “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsi arasında hava hücumundan müdafiə silah və texnikasının təchiz olunması sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu” oldu. Sənədə İrəvanın reaksiyasını necə qiymətləndirirsiniz?

- Bu məsələdə Ermənistan rəhbərliyinin savadsız mövqeyini bir daha görürük. Azərbaycan-Belarus hərbi əməkdaşlığı ən azı 2000-ci illərin əvvəllərində başlayıb və təxminən 15 ildən çoxdur davam edir. Bu müddət ərzində Belarusdan tanklar, atıcı silahlar və raket sistemləri almışıq. Ermənistan təxminən 10-12 il bu məsələyə dinc yanaşırdı. Azərbaycan "Polonez" raket sistemi alandan sonra Ermənistan narahat olmağa başladı. Bizim Belarusdan “Polonez” almağımız bu ölkə ilə 12 illik hərbi əməkdaşlığımızın nəticəsidir. Ermənistan da daxil olmaqla, kim olursa-olsun, başqalarına görə öz siyasətimizdə korrektələr aparmaq fikrində deyilik. Belarusla uzunmüddətli əməkdaşlıq ona gətirib çıxarıb ki, tərəflər o məsələnin astanasındadırlar ki, vahid texnologiyalar üzərində birgə müəssisələr yaradılsın. Bu barədə konkret danışıqlar gedir və planlar var. Bu planlar sırf Ermənistanla bağlı deyil. Başqa məsələlər var. Azərbaycan silah istehsalçılarından biridir və eyni zamanda öz silahlarını satmaq niyyətindədir. Burada Belarusla Azərbaycanın maraqları üst-üstə düşür. Azərbaycanın öz bazarı formalaşır, Belarusun öz bazarı var. Düşünürəm ki, hərbi-texniki əməkdaşlıq bu müstəviyə gəlib çıxıb, təkcə Dağlıq Qarabağ münaqişəsini deyil, digər məsələləri də həll etməyə yönəlib. Fikrimcə, gələcəkdə də ikitərəfli münasibətlərdə bu istiqamət ən perspektivli istiqamətlərdən biri olacaq.(publika.az)

Ömər Dağlı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam