Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

AZƏRBAYCANSAYAĞI GEDİŞ, YOXSA...?

 

  

 

Prokurorluq orqanlarından istefa vermiş tanınmış hüquqşünas Mobil İsmayılov ilə müsahibə


    "Xeberinfo.com": Onun ömür yoluna hüquqşünaslıq yazılıb. Elə arzusu da belə olub. 37 il prokurorluq orqanlarında işlədi. Onun prokurorluqda keçdiyi yol ilk növbədə həyatı və insanları daha yaxından tanımaq baxımından böyük məktəbə çevrilmişdir. Prokurorluqda keçilən çətin və məsuliyyətli yol, geniş dünyagörüşü və zəngin həyat təcrübəsi onu yaradıcılığa gətirən başlıca amil olmuşdur. O, gənc yaşlarından həyatın burulğanlarında  möhkəmlənmiş və mətinləşmişdi. O, həm də artıq yetkin qələm sahibidir. Onda cəmiyyətdə baş verən mürəkkəb ictimai-siyasi proseslərin alt qatlarını, dərinliklərini görə bilmək, əsas inkişaf meyllərini düzgün dəyərləndirmək bacarığı vardır. Fəal vətəndaşlıq mövqeyi, cəmiyyət hadisələrinə aydın və cəsarətli münasibət  onun səciyyəvi xüsusiyyətləridir. 
    O, çox keşməkeşli həyat yolu keçib. Həyat onu sıxıb, sınaqlara çəkib, ancaq o, heç vaxt sınmayıb, əyilməyib.
Bu günlərdə onun prokurorluq orqanlarından öz ərizəsi ilə vaxtından əvvəl getməsi xəbərini eşidib çox məyus oldum. Dərhal onunla görüşməyə qərar verdim. Bundan əvvəlki görüşlərdə müsahibə təkliflərinə tərəddüdlə yanaşmışdı. 
...Mobil İsmayılov tanınmış simadı. Maraqlı həmsöhbətdi. Onunla görüşüb söhbətləşmək həmişə maraqlıdır. 
Mobil İsmayılovun keçdiyi həyat yolundakı uğurları çox sadalamaq olar. Amma biz “Mobil İsmayılov maraqlı adamdır. Mobil İsmayılov şəxsiyyəti” təqdimatı ilə kifayətlənmək istəyirik. Onunla bir dəfə həmsöhbət olmaq yetər ki, nə qədər maraqlı insan olduğu bilinsin. 
Beləliklə...

-Axır ki, sizi müsahibə verməyə razı sala bildim. Hər halda gec də olsa-6 aydan sonra bu baş tutdu...
-6 aydan sonra mən prokurorluqdan getdim (gülür). Bəzən susmaq daha faydalıdır. Belə deyimlər də var ki, susmaq özü də bir cavabdır. Və yaxud, elə şeylər var ki, cavabı elə cavabsızlığındadı... Belə də deyirlər ki, susmaq da bir növ danışmaqdır. Amma mən düşünürəm ki, müdriklik hər cür susmaq yox, ağıllı susmaqdır.

  -Mənim nə soruşacağımı sanki qabaqcadan hiss etdiniz. Prokurorluqdan getmək fikriniz nə vaxtdan yarandı?Lap əvvəldən, yəni Cəlilabad rayonunda xidməti fəaliyyətiniz bitən kimi getmək fikirləri ağlınıza gəlirdimi? 

 

-Çin mütəfəkkiri Lao Tsedunun belə bir nəsihəti vardır: “Heç vaxt tələsik hökm verməyə çalışmayın. O zaman sizin də başqalarından fərqiniz olmaz. Hətta ağıl, düşüncə hökm verməyə məcbur etsə də, siz təmkinli olun. Çünki “səyahət” davam edir. Bir yol qurtaranda, başqa bir yol başlayır. Bir qapı bağlananda, başqa bir qapı açılır...”.
Prokurorluq orqanlarından getmək fikrim Bakı şəhər prokurorluğuna təyin olunduqdan sonra yarandı. Həyatda hər şey heç də həmişə sakit, rəvan getmir. Taleyimizin elə gözlənilməz döngələri, dolanbacları var ki, çox zaman insanlar baş aça bilmirlər, dolaşıb qalırlar... İstəklə gerçəklik, reallıq əzəli və əbədi bir döyüşdədi...
Seçim insan üçün həm çox böyük rahatlıq, həm də çox dəhşətli bir əzab ola bilər. Mən getmək seçiminə üstünlük verdim.

-Burada ambisiya yoxdur ki...
-(Gülümsəyir) Əsla yox. Mən ambisiyalı adamlara pis baxmıram. Amma gərək ambisiya da adamın boyuna uyğun olsun. Əks halda gülünc vəziyyət yaranır.

-Niyə Bakı şəhər prokurorluğuna işə çıxmadınız? 
-Səhhətimdə problemlər vardı. Müayinə və müalicəyə kifayət qədər vaxt ayırmalı oldum.

-6 ay müddətində?...
-Həyat sınaq meydanıdı. İnsanlar son günə qədər sınaqlarla qarşılaşır, sınaqlardan keçirlər. Bir də ki, hər şeyə fərdi qaydada yanaşmaq lazımdır. Normal cəmiyyətdə hər bir insan öz şəxsiyyətinə və qabiliyyətinə uyğun həyat tərzi keçirməlidir. Təbii ki, peşə növü nəzərə alınmaqla. Çox təəssüf ki, heç də həmişə belə olmur. İnsan heç də həmişə hər şeydən razı qala bilməz. Bu bizim razılığımızdan asılı deyil. Mövcud şəraitdən asılıdır. Bu, həm də insanların həyata baxışı ilə olan məsələdir.

-Getmək qərarı verəndə ilk öncə nələri düşündünüz? 
-Təbii ki, insan müəyyən yaşlardan başlayaraq həyat həqiqətlərini tam dərk edir. Bu gediş taleyin zərbəsi ilə bağlı deyil. Mən taleyin zərbələrini də çox görmüşəm. Elə addımlar olur ki, bu addımları atarkən insan özünün daxili aləmini nümayiş etdirir. Bu-daxildən gələn bir addım oldu, sağlam düşüncənin nəticəsində baş verdi. Bir də ki, hər kəs öz fikrində, öz qərarında sərbəstdi. Mənim də düşündüklərim, atdığım addımlarım elə həmin o sərbəstliyin ifadəsidir. Düşünərək addım atmışam, hisslərə qapılıb verdiyim qərar deyil. Son anda öz-özümə dedim: Qətiyyətli ol, Mobil! Çünki belə anlarda qətiyyət, cəsarət, cəsurluq bədbinliyə qapılmaqla yox, gələcəyə nikbin baxıb yaşamaqla ölçülür. İnsan həmişə vəzifədə qalıb necə deyərlər, qəhrəman ola bilməz, ancaq həmişə insan ola bilər.

-Sizin bu addımınızı necə qiymətləndirmək olar? Azərbaycan sayağı gediş, yoxsa sivil qaydalara uyğun getmək oldu bu?... Bəlkə əsl, həqiqi səbəbi də deyəsiniz? 
-(Gülümsəyir, dərhalda ciddi görkəm alır). Hər şey insanın həyata baxışından asılıdır. Həyat burulğanları, təzadları ilə qarmaqarışıqdır. Belə təsəvvür yaranır ki, insanlar həqiqəti axtarır, ona nail olmaq istəyirlər. Amma əvəzində düzünü həmişə gizlədir, susur, ört-basdır edir, yaymaq istəmirlər. Məsələn, siz həmişə həqiqəti, fikirləşdiyinizi deyirsinizmi? Təbii ki, cavabınız inkar formasında olacaq. Axı, həqiqət çox acıdır. Mark Tvenin yaxşı bir aforizmi var: “Həqiqət- bizdə olan ən qiymətli şeydir, gərək onu ehtiyatla xərcləyək”.
İndi hər kəsin öz arşını var. Çoxları üçün meyarlar yoxdur. Çünkü meyarlar həm əhəmiyyətini itirib, həm də əslində heç bir ölçüyə malik deyil. Mənim də proseslərə öz fərdi, fərqli baxışım var. 

-Sizcə getmək qərarında bir qədər tələsmədiniz ki? 

     Getmək də vaxtında olsa, yaxşıdır. Ona görə də gecikmədim...

-Belə düşünürəm ki, harada işləməyinizdən asılı olmayaraq getməyiniz həmin təşkilat üçün birmənalı itki sayıla bilərdi. Prokurorluqdan vaxtından əvvəl getməyinizə isə lap çox təəssüflənirəm. Prokuror vəzifəsi sizə çox yaraşırdı...
-Bu peşədə ən böyük qazancım insanları tanımaq, dərk etmək oldu. Prokuror vəzifəsi həyatın gerçəkliklərini görmək, bilmək imkanı verdi. Özü də görünməyən gerçəklikləri. İnsanlıq düsturlarını daha yaxşı anlamağa başladım. İnsanların iç dünyasını, nə düşündüklərini, bütövlükdə reallıqları bəlkə də bu peşə sahibindən yaxşı bilən elə də çox olmaz. Həyatın pardokslarını dərk etmək indi mənim üçün sadədən sadədir. Bu vəzifə mənə dövlətçilik düşüncəsi, dövlətçiliyə sadiqlik prinsipləri aşıladı. Nəhayət, prokurorluq mənə yaşamağın fəlsəfəsini, ən başlıcası isə özümü dərk etməyi öyrətdi. 
Həyatda bütün bunlar indi çox vacibdir. 
Həyat onsuz da antik teatr tamaşalarındakı kimi maskalı oyundur. Bəzən insanlar rola elə girirlər ki, özlərinin nə oynadıqlarının belə fərqinə varmırlar.

-İşlədiyiniz rayonlarda siz həmişə “ağayana prokuror” titulunu qazanmısınız. Bu fikrə münasibətinizi bilmək istərdik...
-Əvvəlcə, siz bu “titula” münasibətinizi bildirin, yəni bəs siz necə düşünürsünüz!

-Mən də bu fikirdəyəm.
-(Gülür) Deməli, burda bir həqiqət var, yoxsa, niyə deyərlər?! Ona görə də istisna etmirəm, yəqin elə olmuşam. Deməli, mənasız yaşamamışam. Deyə bilərəm ki, bəxtim gətirməyib. Amma heç vaxt uğurlarımla öyünməmişəm.

-Tədricən mətləb üzərinə gəlib çıxdıq. Deməli, vaxtından əvvəl getməyinizin səbəbi elə bu “tituldur”, yəni ağayanalıqdır. Məgər elə deyil? 
-Əslində verdiyiniz suallara elə özünüz də əsasən cavablar verirsiniz. Əlavə edə bilərəm ki, kənardan hər şey düzgün və yaxşı görünür. Əksər hallarda ətrafdakıların fikirləri həqiqi olur. Mənim üçün bu cür “adlardan”, belə qiymət vermələrdən gözəl heç nə ola bilməz. Həyat yoluma nəzər salanda keçmişimlə bağlı hər zaman qürur duyuram.

-Gələcəyə  ümidlisinizmi?
-Ümidini itirən hər şeyini itirir.

-Axı, niyə getdiniz, Mobil İsmayılov?!...
-Sualınıza həyatımda yaşamaq prinsipim olan kredo sandığım Maksim Qarkinin çox sevdiyim bir fikri ilə cavab vermək istəyirəm:
“Ya alış yan, ya da sön!
Amma tüstülənmə! Tüstülənmək həyat deyil!”

-Nəhayət ki, bayaqdan gözlədiyim əsl cavabı aldım. Çox sağ olun! Sizə yaxşı əhvali-ruhiyyə, təbəssüm arzulayıram. Təbəssüm sizə çox yaraşır!... Elə prokuror vəzifəsi kimi!...

 

Ədalət Salman,

 

“Sözün işığı” jurnalının baş redaktoru


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam