Elnur Kərimov Rövşanə Bektaşi haqda:Bunu Rusiyada aparıcı desəydi, onun başı kəsilərdi - FOTO
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimovla müsahibəni təqdim edirik:
Yenixeber.org:
- Yeni film və seriallara dəvət alırsınızmı? Çalışdığınız teatrda sizin də ifanızla premyera gözlənilirmi?
- Xeyr, dəvət almamışam. Teatrda isə fəaliyyətim davam edir. Yeni premyeralarda isə yoxam. Onu da qeyd edim ki, bu yaxınlarda Kalmıkiya Respublikasında keçirilən “Keeda” adlı uşaq və gənclər milli tamaşalar festivalından geri döndük. İzləyicilərin xahişi ilə festival çərçivəsində ilk dəfə olaraq bizim tamaşamız iki dəfə oynanıldı.
Mən həmin ölkədə Konstantin Stanislavskinin 150 illiyinə həsr olunmuş tədbirdə “Stanisilavski medalı”nı aldım. Amma Azərbaycana qayıdanda mənə “O nə medaldır? Kalmıkiya verib də” dedilər. Halbuki bunu həmin ölkədən Teatr Xadimləri İttifaqına göndərirlər və Rusiya Federasiyası bunu təsdiqləməsə, heç kimə o medal verilə bilməz. Rusiyanın özündə elə aktyorlar ki, hələ də o medalı almayıblar.
- Uzun müddət aparıcı kimi fəaliyyət göstərmisiniz. Artıq bu peşə ilə məşğul olmursunuz. Aktyorluqla yanaşı, aparıcılıq etmək çətindir, yoxsa bununla bağlı təklif gəlmir?
- Xeyr, çətin deyil. Mən əvvəl hazır layihələrə dəvət olunurdum. Özüm sonradan teatr, kino, premyerlaradan sonra yaradıcı insanlarla görüş və s. mövzuları əhatə edən layihələr hazırladım, lakin təsdiq olunmadı. Dedilər ki, reytinq verməyəcək. Şou olmasını istədilər. Əslində, ora da bir az şou əlavə edib, rubrikalarla bəzəmək olardı.
- Teleaparıcı Rövşanə Bektaşinin “Səhər-səhər” proqramında teatrla bağlı dediyi fikirlərə sosial şəbəkə vasitəsilə sərt münasibət bildirdiniz. Buna aydınlıq gətirməyinizi istərdik...
- Teatr elə bir məfhumdur ki, buna səthi yanaşmaq olmaz. Əgər bir şey haqqında düzgün danışılmır və buna cavab verilmirsə, sabah bundan da artıq danışılacaq və uçurum yaranacaq. 90-cı illərə qədər Azərbaycan teatrı inkişaf edirdi. Həmin illərdən sonra baş verən məlum hadisələr – müharibə illəri, 20 Yanvar faciəsi və s. teatrların inkişafına da öz mənfi təsirini göstərdi. Daha sonra müstəqillik qazandıq və yavaş-yavaş bu sahə də irəliləməyə başladı.
Aparıcı ilə bağlı məsələyə gəlincə isə, bəzən tənqidlə təhqiri ayıra bilmirlər. Tamaşaçı bilmir axı, bu xanım tamaşalara gəlmir, teatrın fəaliyyətindən xəbərsizdir. Mənə ən çox təsir edən məqam Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik teatr kimi təqdim olunması idi. Biz bu il 90 illiyimizə hazırlaşırıq. 90 nəfərlik truppası olan və böyük sənətkarlar yetişdirən teatr haqqında bu sözləri necə demək olar? Bizdə Cənnət Səlimova, Bəhram Osmanov kimi sənətkarların böyük tamaşaları da nümayiş olunur. Bu teatrda, eyni zamanda, uşaq nağıllarından ibarət tamaşalar səhnəyə qoyulub və gənc nəsil bununla yetişməyə başlayıb.
O ki qaldı Şuşa və İrəvan Teatrları ilə bağlı aparıcının “Qaçqın teatrlar nəyə lazımdır, bağlansınlar” deməsinə, Şuşa Teatrı musiqili dram teatrıdır, orada çalışan aktyorlar bütün musiqili alətlərdə ifa etməyi bacarırlar, çox istedadlıdırlar. Şuşa Azərbaycanın mədəniyyət ocağıdır. Həmçinin İrəvan Teatrı haqqında da bu fikirləri demək olar.
Mən düşünürəm ki, əgər bu cür sözlər Rusiyada bir aparıcı tərəfindən verilişdə səslənsəydi, onu asardılar və ya ona iş kəsilərdi.
Verilişdə Yadigar müəllim aparıcıya bir söz deyir: “Mən sizi indi tanıdım. İllər əvvəl verilişdə “qaçqın teatrı” sözünüzə görə, proqramınızı tərk etmişdim”.
Mən xanımla kişinin mübahisəsini özümə yaraşdırmıram. 17 ildir ki, teatrda çalışıram. Düşünürdüm ki, məndən də təcrübəli həmkarlarım aparıcının bu fikirlərinə münasibət bildirəcəklər. Amma belə olmadı. Mənim çalışdığım teatrla, ümumiyyətlə, Azərbaycan teatrı ilə bağlı qərəzli söz deyən hər kəs qarşısında məni görəcək!
Axı sən niyə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının adını çəkirsən? İllər ərzində biz onu qoruyaraq, bu pilləyə gətirib çıxarmışıq. Guya bizim teatrda problem yoxdur? Əlbəttə ki, var. Amma bunu işıqlandırmaq lazım deyil. Biz bunun çıxış yolunu tapacağıq. Lazım olan məsələ tamaşaçıların teatrı sevməsi və tamaşaların nümayişlərində iştirakıdır. Qoy, onların vətəndaş olaraq yetişməyində bizim də rolumuz olsun. Biz cəmiyyətdə baş verən hadisələri tamaşaçılara güzgü kimi göstəririk.
Aparıcı Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar müəllimə sual verir ki, “Son dövrlərdə İrəvan Teatrında baş verən hadisələrə münasibətiniz necədir?” O da cavabında deyir ki, yaradıcı prosesdir, başqa teatrda nə baş verirsə, bu, məni maraqlandırmır. Teleaparıcı cavabında “Mən istədiyim cavabı sizdən ala bilmədim” deyir. Burada sadalayacaq məqamlar çoxdur. Sən Şuşa Teatrının direktorundan İrəvan Teatrında baş verənləri niyə soruşursan? İrəvan Teatrında baş verənləri saytlar yazdılar, məsələyə nazirlik də qarışdı. Nəticədə nə oldu? İrəvan teatrı öz tamaşaçısını itirdi.
Aparıcı deyir ki, teatrlar bağlansın, bir böyük teatr yaradılsın. Bu, necə ola bilər? Hər teatrın fəaliyyəti fərqlənir. Biz övladlarımızı o ruhda böyüdürük ki, gün gələcək Şuşaya qayıdacağıq, teatr da orada faəliyyət göstərəcək.
Mən istəyirəm ki, o aparıcı ilə üzbəüz oturub, ona teatrın tarixi, orada baş verən hadisələrdən danışım. Əgər sən teatrdan danışırsansa, ümumilikdə, sənin bu barədə anlayışın olmalı, ən azından teatrşünasları tanımalı, teatrın fəaliyyəti haqqında danışmalısan.
Düzdür, teatrda məvacib çox azdır, amma bizi ora bağlayan nəsə var. Bu, müqəddəs hisslərdir.
- Deyirsiniz ki, məvacib azdır, bəs aktyorlar necə dolanırlar?
- Seriallara çəkilir, oradan qonorar alırlar.
- Axı siz çəkilmirsiniz, sizə çətin deyil?
- Çox çətindir. Çünki kirayədə yaşayıram, uşaqlar böyüyür, amma ruzini verən Allahdır. Serialdan təklif gəlir, amma sənətə yeni başlayan aktyorlara təklif olunan məbləğ təqdim olunur. Mən bunu özümə təhqir sayıram. İndiki gənc nəsil teatrdan seriala çıxış kimi istifadə edir.