“Ölkə başçısı mətbuatda qaldırılan problemləri izləyir”QHT sədri:
Yenixeber.org: İlk olaraq mətbuatımızın dünənini dəyərləndirən Cəsarət bəy qeyd etdi ki, bu yaxınlarda Azərbaycan milli mətbuatının yaranmasının 142 ili tamam oldu. Bu 142 illik tarixin əsası "Əkinci" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulub. Azərbaycan mətbuatının dünəninin formalaşmasında Həsən bəy Zərdabi ilə yanaşı, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov və başqa ziyalıların böyük xidmətləri olmuşdur. Mətbuat tariximizdə "Kaspi" qəzeti və "Molla Nəsrəddin" jurnalı mühüm əhəmiyyətə malikdir. Həmin dövrdə milli məfkurənin yaranması və inkişafında Əlimərdan bəy Topçubaşov, Əlibəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemanzadə , Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi böyük maarifçilərin rolu olmuşdur. Bu insanlar dövrünün fədakarları və böyük ziyalıları idi. Bu tarixi şəxsiyyətlərin Azərbaycanın yeni ictimai fikrinin, eyni zamanda milli mətbuatımızın formalaşmasında və inkişafında müstəsna xidmətləri olmuşdur.
Milli mətbuatımızın bu günü və yeni inkişaf mərhələsinin əsas mənbəyi, heç şübhəsiz Ümummilli lider Heydər Əliyevin mətbuatda senzuranı ləğv etməsi, Azərbaycanda söz və mətbuat azadlığının əsasının qoyulması ilə bağlıdır. 1998-ci il, avqustun 6-da imzalanan bu sərəncam mətbuatın inkişafında yeni mərhələnin başlanğıcı oldu. Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də cəmiyyət həyatında kütləvi informasiya vasitələrinin rolunu yüksək qiymətləndirərək demokratik, müstəqil KİV-lərin inkişafına əlverişli şərait yaradılmasını öz siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu siyasətin həyata keçirilməsində əməli addımlar ataraq, ölkənin sosial -iqtisadi inkişafı fonunda mətbuatın da inkişafına yönəlik müxtəlif proqram və layihələr həyata keçirilməkdədir.
Cəsarət bəy dedi ki, Azərbaycan mətbuatı yaranandan onun əsas ideyası və ana xəttini maarifçi və demokratik ideyalarını təbliğ etmək, elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasına çağırışlar etmək, qadın azadlığı və qadın təhsili ideyasını təbliğ etmək, dini mövhumata, xurafata və cəhalətə qarşı mübarizə aparmaqdır.
Milli demokratik mətbuatın "Əkinçi" qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri - maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, hadisələrin obyektiv işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl daşları rolunu oynadı. Bu gün də milli mətbuatımız üçün illərlə formalaşan prinsiplər öz dəyərini qorumaqdadır. Eyni zamanda yeni prinsiplər də meydana gəlmişdir. Bu gün dövlətçilik və azərbaycançılıq ideyaları cəmiyyət üçün əsas prinsiplər sayılır.
Müharibə şəraitində olan ölkə mətbuatı uzun müddət idi ki, müəyyən məqamlarda informasiya azadlığı və hərbi sirlərin yayılması kimi məsələlərdə bir ortaq nöqtə tapa bilmirdi. Lakin 2016-ci ilin aprel döyüşlərində bütün qüvvələr kimi, mətbuatımız da öz yeni prinsiplərini müəyyən etdi. Müharibə dövrünün qaydalarını və milli maraqları ön plana çəkən mətbuatımız informasiya müharibəsində təmkinli olmaqla yanaşı, beynəlxalq aləmə də informasiyaların ötürülməsi istiqamətində fəaliyyət göstərdi. Əlbəttə söz və mətbuat azadlığının təmin olunması fonunda, digər qrup insanların şərəf və ləyaqətinin qorunması, qanuni mənafelərinin müdafiəsi də prioritet məsələ olmalıdır. Bu məsələ vəhdət təşkil edir.
Bu gün söz azadlığının hüquq təminatı istər, Azərbaycan Respublikasının Konstitusiyası, istərsə də "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda və digər qanunvericilik aktlarında təsbit olunmuş hüquqdur. Bu hüquqlar kütləvi informasiya azadlığı, senzuranın yolverilməzliyi, kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ və digər formalarda təsbit olunub. Bu səbəbdən bu və digər formada jurnalistlərin öz fikirlərini ifadə etmək imkanlarının hər hansı formada məhdudlaşmasından söhbət gedə bilməz.
Qeyd edim ki, hal-hazırda dövlətin mətbuata maddi dəstəyi iki formada həyata keçirilməkdədir.
Birincisi, Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu müxtəlif mətbuat orqanlarına müsabiqə yolu ilə qrant vəsaiti ilə və müsabiqədən kənar birdəfəlik yardım edir.
İkincisi, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onlara mənzillərin verilməsi və fərdi yazı müsabiqələri ilə jurnalistlərə mükafatların verilməsidir.
Hamımız yaxşı bilirik ki, hər iki dəstəkdən yararlanan mətbuat orqanları və jurnalistlər var ki, mütəmadi olaraq bəzi dövlət qurumları və onların rəhbərləri ilə bağlı tənqidi materiallar hazırlayaraq yazırlar. Bu və digər formada dövlət dəstəyinin söz azadlığına təsir imkanları olsaydı, onda həmin mətbuat orqanları gərək ya fəaliyyətlərini korrektə etməlidilər və yaxud dövlətin dəstəyindən məhrum olmalıydılar. Göründüyü kimi bunun heç biri baş verməyib. Mənim fikrimcə dövlətin mətbuata dəstəyi müsbət mənada söz azadlığının təmin olunmasına tövhə verir.
Beləki, yuxarıda sadaladığımız dəstəyin olmadığı şəraitdə müəyyən mətbuat orqanlarının fəaliyyətinin məhdudlaşması, eyni zamanda bəzi jurnalistlərin jurnalistikadan uzaqlaşması proseslərinin baş verməsi gözlənilən olardı. Bu gün istər dövlət, istərsə də cəmiyyət o qüvvələrə dəstək vermir ki, həmin qüvvələr müxtəlif mübarizə üsullarında anti-milli və anti-dövlət xətti tutublar. Hansı qüvvə Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması ilə bağlı proseslərə maneə törətmək istəyər? Yaxud bu fəaliyyəti tənqid edə bilər? Əlbəttə ki, anti-milli qüvvələr. Bu gün dövlətdən dəstək alan mətbuat orqanları və jurnalistlər var ki, müstəqil sürətdə öz tənqidi mövqelərin bildirirlər. Lazım gələndə dövlət məmurlarını da tənqid edirlər. Əlbəttə bu söz və mətbuat azadlığının təmin olunmasının əyani təzahürüdür. Bu təminatın hüquq aspektləri müvafiq qanunvericilikdə əks olunduğu kimi, praktikada da, ən yüksək formada dəfələrlə ölkə başçısı tərəfindən nümayiş olunub.
Sosial şəbəkələrin gündəmi zəbt etdiyini, günümüzün reallığı və bu reallıqdan qaçmağın mümkün olmadığını bildirən Cəsarət Hüseynzadə sosial şəbəkələrə qarşı hər hansı qadağaların tətbiqinin də əlehinə olduğunu bildirdi. Sözsüz ki, Azərbaycanın müharibə şəraitində olduğunu nəzərə alsaq, hərbi məsəllər ilə bağlı müəyyən məhdudiyyətləri çıxmaq şərti ilə bu fikrimdə qalıram. Sosial şəbəkələrin, internet istifadəsi, informasiyaya asan yolla çatmaq şansı insanların həyatlarını inkişaf etdirməklə birlikdə, mənfii təsirləri də mövcuddur. Bu gün mətbuata alterativ mənbələr sırasında sosial şəbəkələr də var. Mətbuat da bu rəqabətə uyğun alternativ ideyalar ilə çıxış etməldiri ki, öz oxucu auditoriyasını saxlasın. Hər bir yeniliyin müsbət və mənfi cəhətləri olduğu kimi sosial şəbəkələrin də bu xüsusiyyətləri mövcuddur. Bu xüsusiyyətlərin təsirlərini cəmiyyətimizə eləcə də mətbuatımıza aid etmək olar. Sosial şəbəkələrdən istifadə edərək mətbuat orqanları öz xəbərlərini daha geniş auditoriyaya bir neçə dəqiqəyə çatdıra bilir. İnformasiya ani olaraq yayılır və bəzən böyük ajiotaja səbəb olur. Eyni zamanda informasiyanın ani yayılması, həmin mətbuat orqanının məsuliyyətini də artırır. Yoxlanılmamış informasiya bu və ya digər formada mənfi fəsadlar da törədə bilir. Eyni zamanda kontekstdən çıxarılan informasiyalar da bu gün eyni ajiotajı yaradır. Belə demək mümkünsə, sosial şəbəkə "qığılcım" rolunu oynayır, "alışma" baş verərsə "yanğının" qarşısını almaq mümkün olmayacaq. Həmçinin, bu gün mətbuatımız sosial şəbəkələrdən informasiya mənbəyi kimi də istifadə edir. Sosial şəbəkə istifadəçilərinin, xüsusən də tanınmışların statusları informasiya mənbəyi rolunu oynayır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir