Türk politoloqu: "Azərbaycan Rusiya ilə hədsiz dərəcədə yaxınlaşsa, öz müstəqilliyini itirəcək"
Rusiya-Türkiyə münasibətlərindəki gərginlik hələ də saxlanmaqdadır. Keçən həftə isə Ermənistan Azərbaycanla atəşkəs rejimi haqda sazişin sona çatdığını açıqladı ki, nəticədə yeni bölgəsəl müharibənin başlanacağı xüsusunda əndişə yaranıb.
Xeberinfo.com: Türk politoloqu Oqtay Vətənsevərin bu kontekstdə müsahibəsini oxuculara təqdim edirik:
Daily Sabah: Rusiya-Türkiyə münasibətlərinin gələcəyini necə dəyərləndirirsniz? Bu günki gərginlik qalacaqmı?
Oqtay Vətənsevər: Hər bir böhranın müxtəlif mərhələləri var. Əvvəlcə şok, sonra güclənmə, daha sonra güclənmənin üzərində nəzarətin təşkili və nəhayət, sabitləşmə. Hesab edirəm ki, güclənmə mərhələsini keçmişik. Rusiya bu güclənməni bir çox sahələrdə maksimuma çatdırdı. Türkiyə öz növbəsində ona güzəştə getməyə çalışdı. Adi şəraitdə böhranın birinci mərhələsi artıq bitməlidir və gözlənilməz nəsə baş verməsə, düşünmürəm ki, yeni gərginlik yaranacaq. Lakin çox sürətli nizamlama gözləmək də lazım gəlməyəcək. Güman edirəm ki, bu cür gərginlik prezident seçkilərinin baş tutacağı mart ayına qədər sürəcək. Məncə, Putin sağ güclərin səslərini almaq üçün bu gərginlikdən istifadə edəcək və bu niyyətlə Rusiya millətçiliyini hərəkətləndirəcək. Rusiyanın qəbul etdiyi bütün qərarlardan sonra daha heç nə etmək olmaz, çünki iqtisadiyyatın bir həddi var. Beləliklə, ehtimal edirəm ki, yazdan başlayaraq böhran ağıllı dialoq əsasında həll ediləcək. Lakin onun nizamlanması ikitərəfli münasibətləri 2014-ü ilədək mövcud olmuş səviyyəyə qaytara bilməz. Aydındır ki, Rusiya Türkiyə ilə sıx münasibətlər siyasətindən imtina edəcək.
- Hesab edirsinizmi ki, Rusiya Türkiyə ilə indiki gərginliyin gedişində orta perspektivli və uzaq perspektivli strategiyasına uyğun hərəkət edir?
- Düşünmürəm. Mənə elə gəlir ki, o, diqqətini daha çox prezident seçkilərinə cəmləyib. Vurulmuş təyyarə Rusiyanın nüfuzunu xeyli zəiflətdi. Rusiyanın reaksiyası önəmlidir və Putun öz imic və nüfuzunu qorumalıdır. Görünür, Putin bu hadisədən daxili siyasi hədəflər üçün yararlanır.Əlbəttə, digər xeyli yönlər də var, lakin onlar daha çox idarə ediləndir. Türizmin kəsiləcyini gözləmək qeyri-realdır.
- Ermənistan-Azərbaycan sərhəddində artıq iki ildir münaqişə davam edir. Hesab edirsinizmi ki, atəşkəs rejiminin dayandırılması haqda Ermənistanın açıqlamasından sonra yeni münaqişələr, hətta müharibə törəyə bilər? Bu durumu necə dəyərləndirirsiniz?
- Son ayların toqquşmasında hər iki tərəfin itkiləri nəzərdən keçirilsə, aydın olur ki, heç bir atəşkəs yoxdur. Lakin sülhün olmamasının müharibə demək olduğunu iddia etmək, düzgün olmazdı. Düşünürəm ki, bunu Rusiyanın Azərbaycana təsiri gücləndirmək cəhdi kimi şərh etmək lazımdır. Amerika ilə münasibətlərin yenidən nəzərdən keçirilməsilə bağlı Azərbaycan parlamentinin yanlış hesab etdiyim bəyanatı, Bakının Moskva ilə yaxınlaşacağından xəbər verir. Görünür, Rusiya Azərbaycanı Qərbdən, ABŞ-dan və Türkiyədən aralamağa cəhd edir və bunun üçün erməni kartından istifadə olunur. Lakin düşünürəm ki, Azərbaycan öz münasibətlərində "Gürcüstan nümunəsi" üzrə balansı gözləyəcək.
- Bu, Azərbaycanla Türkiyənin münasibətlərinə, xüsusən də TANAP layihəsinə necə təsir edəcək?
- Mənə elə gəlir ki, bu səviyyədə heç bir dəyişiklik olmayacaq. Azərbaycanın energetika və xarici siyasəti ondan Qərblə münasibətləri saxlamağı tələb edir və o bu münasibətlərin qorunmasında maraqlıdır. Azərbaycan Rusiya ilə hədsiz dərəcədə yaxınlaşsa, öz müstəqilliyini itirəcək, Azərbaycan cəmiyyəti isə bununla barışmayacaq. Azərbaycanlıların əsas bölümü Qərbə meyillidir. Lakin bəzi məsələləri tarazlaşdırmaqdan ötrü balanslaşdırılmış siyasət yürüdürlər. Onların Qərblə müəyyən problemləri yaranarkən, Rusiyaya tərəf dönürlər və əksinə.
- Bu hadisələr Türkiyə, Azərbaycan və Ermənistanla həmsərhəd və Rusiya ilə problemli münasibətləri olan Gürcüstana necə təsir edəcək?
- Gürcüstan indiki anda manipulyasiya və təsir üçün açıqdır, çünki daxili siyasi münaqişələrlə üz-üzədir ki, bunlar da Rusiyaya lazımdır. Keçən il bir neçə nazirin istefası ilə aydın oldu ki, bu ölkə daxili siyasi sabitsizlikdən əziyyət çəkir. Lakin Gürcüstanın siyasi mədəniyyətinə nəzər salsaq, görərik ki, o, əsasən, Rusiyaya qarşıdır. Rusiya yeddi il öncə Gürcüstana soxuldu və bu gün də gürcü xalqının iztirabları yaddan çıxmayıb. O, nəticə etibarilə aşkarca məsafə saxlayacaq. Sizə məlum olduğu kimi, Gürcüstan Avropa Birliyi ölkələrinə vizasız gediş hüququ qazanıb və bu, böyük nailiyyət kimi qeyd edildi. Bu ondan xəbər verir ki, Gürcüstan bundan sonra da qərbyönlü ölkə olacaq. Hesab edirəm ki, o öz siyasətində ardıcıl olacaq.
- Neftin aşağı düşən qiymətlərinə görə Rusiyanın keçmiş Sovetlər Birliyi kimi bir neçə kiçik dövlətə bölünəcəyi haqda şərhlər meydana çıxıb. Bu cür açıqlamaları realist hesab edirsiniz?
- Bu şərhlər qeyri-realdır, çünki Sovetlərlə Rusiyanın quruluşu arasında fərqlər var. Sovet respublikalarının müstəqllik elan etmək hüquqları var idi. Rusiyanın başçılığı ilə bir qrup respublika öz müstəqilliyini car çəkdi və buna görə də İttifaq buraxıldı. Rusiyanın əyalətləri bu gün bu cür hərəkət edə bilməz. Bundan başqa, qeyri-rus bölgələri azlıq təşkil edir. Düşünmürəm ki, bu şayiələr realdır. Sovet İttifaqı ideoloji dövlət idi, onun qalan dünya ilə münasibətləri isə, olduqca spesifik şəkildə qurulmuşdu.
- Mərkəzi Asiya ölkələrində rəngi inqilablara və ərəb baharına bənzəyən ictimai iğtişaşlar gözləyirsinizmi?
- Xeyr, gözləmirəm. Bu, qeyri-real perspektivdir. Bu ölkələrdəki rəhbərlik çox güclüdür və müxtəlif problemlərin həllində çeviklik və praqmatizm sərgiləyir. Yeganə problem Rusiyaya da təsir edən enerji qiymətlərinin düşməsidir. Uzunmüddətli perspektivdə iqtisadi amillər üzündən cəmiyyətdə reaksiyalar doğa bilər, lakin biz gördük ki, ərəb ölkələrində də ictimai iğtişaşlar nəticəsində sabitsizlik yarandı. Dünya bunu mənfi şəkildə qarşıladı. Terrorla mübarizəyə gəlincə, Mərkəzi Asiyada və xüsusən də, Əfqanıstandakı radikal yönlü bəzi terrorçu qurumlar bütün dünya üçün təhlükədir. Beləliklə, bu ölkələrdə demokratikləşmə prosesi yuxarıdan aşağı mümkündür, lakin indiki anda bu hətta müzakirə də olunmur. Bu ölkələr Rusiya ilə Qərbin arasında ilişib qalsa, olduqca ciddi problem yarana bilər. Onlar hazırda Rusiya, Çin və Qərb arasında balanslaşır, liderləri isə, demokratikləşmənin müəyyən səviyyəsinə nail olmağa cəhd edirlər.