Müsavat başqanından boykot xəbərdarlığı: "Seçki prosesindən çıxa bilərik"
“Bu seçkilərdə hədəfimiz hakimiyyəti dəyişdirmək deyil”
"Xeberinfo.com": Məlumata görə, Müsavat Partiyasının başqanı Arif Hacılı musavat.com-a müsahibə verib.
Müsahibədə o, partiyanın seçki hazırlığından, seçki mühitindən, həmçinin seçkidən sonrakı gözləntilərdən danışıb.
- Müsavat Partiyası seçkiyə necə hazırlaşır? Problemlər çoxdurmu?
- Müsavat Partiyası strukturlarında seçki işini mükəmməl bilən, seçki sahəsində mütəxəssis olan çoxlu adamlar var. Seçki kampaniyasında əsas işi bu adamlar aparır. Təbii ki, çətinliklərimiz həddindən artıq çoxdur. Çətinliklərimiz ilk növbədə Azərbaycan hakimiyyətinin yaratdığı problemlərlə bağlıdır. Çünki ölkədə normal seçkiqabağı demokratik şərait yoxdur, standartlara cavab verən qanunvericilik bazası, bərabər təbliğat imkanları yoxdur. Seçki kampaniyası aparılması üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılmır. Seçicilərlə görüşlər üçün ayrılan yerlər əsasən uğursuz məkanlardır. Belə problemlərin mövcudluğu təbii ki, işimizi çətinləşdirir. Amma Müsavat Partiyası hal-hazırda namizədlərinin qeydə alındığı 24 seçki dairəsi üzrə seçki kampaniyası təşkil edir. Təşviqat materialları bəzi dairələrdə artıq hazırdır. Eyni zamanda, seçicilərlə təmaslar, görüşlər keçirilir.
- 24 namizəd Müsavat kimi bir partiya üçün kiçik rəqəmdir. Niyə belə az?
- Bu, hakimiyyətin qeyri-qanuni siyasətinin nəticəsidir. Biz 70-dən artıq dairədə namizədlərimizi irəli sürdük. Namizədlərin hamısı qanunvericilikdə nəzərdə tutulan saydan daha artıq imzaları toplayaraq seçki dairələrinə təqdim etdilər. Ancaq müxtəlif bəhanələrlə, xüsusilə guya imza verən şəxslərin imtina ərizələrini almaq, guya bu müddət ərzində seçicilərin dislokasiya yerinin dəyişməsi və başqa gülünc iddialarla namizədlərin əksəriyyətini qeydə almadılar. Yalnız 24 namizədimiz qeydə alındı.
- Müsavat namizədlər üçün pulsuz efir vaxtı tələb edir. Tələbiniz cavablandırıldımı?
- Pulsuz efir vaxtı seçki kampaniyası üçün ən vacib məsələlərdən biridir. Çünki ictimai diskusiyalar olmadan seçki kampaniyası mümkün deyil. Bərabərhüquqlu təbliğat imkanları prinsipinin əsas şərtlərindən biri məhz ictimai diskussiyaların təşkil olunmasıdır. Azərbaycanın son tarixində ilk dəfə Azərbaycan hakimiyyəti bu seçkilərdə ümumiyyətlə efir vaxtını qadağan etmək qərarına gəldi. Xatırladıram ki, hətta 1990-91-ci illərdə, 92-ci ilin prezident seçkilərində, ondan sonrakı dövrlərdə həmişə televiziyalarda çıxışlar, debatlar təşkil olunub. Bütün dünyada seçki debatlarının, televiziya çıxışlarının təşkil olunması və bunun üçün pulsuz efir vaxtının ayrılması tamamilə aydın və inkarı qeyri-mümkün olan bir məsələdir. Ancaq Azərbaycan hakimiyyəti bu dəfə efir vaxtı ayırmaqdan imtina edir. Biz yenə də Mərkəzi Seçki Komissiyasına müraciət etmişik və bu yanlışlığın aradan qaldırılmasını Azərbaycan hakimiyyətindən qətiyyətlə tələb edirik. Bu gün mənim MSK sədri Məzahir Pənahova müraciətim göndərilib. Bu müraciətdə israrla seçki kampaniyası dövründə ictimai diskussiyaların təşkil olunması və İctimai televiziyada pulsuz efir vaxtının ayrılması tələb olunur.
- Bu seçki ərəfəsində də Seçki Məcəlləsində dəyişikliklər olmadı, normal seçki keçirilməsi üçün hakimiyyətin siyasi iradəsi də ortada yoxdur. Əhalinin aktivliyi də müşahidə olunmur. Müsavat Partiyası nəyə ümid edir?
- Biz bu seçkilərdə hədəfimiz parlament çoxluğu əldə etmək və ya hakimiyyəti dəyişdirmək deyil. İndiki siyasi vəziyyət buna imkan vermir. Biz siyasi mübarizənin davamlılığının təmin olunması, Azərbaycan cəmiyyətinin mübarizə gücünün qorunub saxlanması və artırılması məqsədi ilə seçki kampaniyasına qoşulmuşuq. Azərbaycan cəmiyyəti görməlidir ki, Azərbaycanda mövcud avtoritar rejimə qarşı mübarizə aparan siyasi qüvvələr var. Sadəcə olaraq Azərbaycan hakimiyyətinin zorakılığı, atdığı qeyri-qanuni addımlar bu müqavimətin real nəticələrinin olmasına imkan vermir. Eyni zamanda, bu seçki kampaniyasında iştirak etməklə Azərbaycan hakimiyyətinin hansı miqyasda saxtakarlıqlara və qanun pozuntularına yol verdiyini həm Azərbaycan ictimaiyyəti, həm beynəlxalq ictimaiyyət üçün açıqlayacağıq. Müsavat Partiyası kimi, NİDA, REAL kimi təşkilatlar, bəzi müstəqil namizədlər seçkilərdə iştirak etməsəydi, hakimiyyətin xüsusi saxtakarlıqlara, qanun pozuntularına yol verməsinə ehtiyac da qalmayacaqdı. 2008-ci ilin prezident seçkilərindən sonra demək olar ki, əksər beynəlxalq təşkilatlar bu seçkilərin nəticələrini müsbət dəyərləndirdi. Hətta bəzi yerli təşkilatlar da bildirirdilər ki, seçkilərdə iştirak edənlərin əksəriyyəti İlham Əliyevə səs verib. Çünki həmin seçkilərdə hər hansı real alternativ yox idi və prezident hakimiyyətinin faktiki olaraq beş il uzadılmasına müqavimət göstərilmədi. Mən hesab edirəm ki, biz o seçkilərdə iştirak etməklə nələrəsə nail ola bilərdik. Eyni zamanda, Azərbaycan cəmiyyətinin müqavimət gücünün qorunub saxlanması və artırılması məhz siyasi prosesdə iştirakdan keçir. Seçkilərin boykot edilməsi də siyasi bir aksiyadır və geniş yayılmış aksiyadır. Dünya praktikasında da belə hallar var. Ancaq seçkilərin boykot edilməsi seçki prosesindən kənarda dayanmaqla olmur. Seçki prosesinin boykot edilməsi o deməkdir ki, seçkilərin azad və ədalətli keçirilməməsinin qarşısını almaq üçün hər hansı bir mübarizə təşkil olunur, seçki qanunvericiliyində dəyişikliklərin olmasına, seçkiqabağı mühitin yaxşılaşdırılmasına heç olmasa cəhd edilir. Məsələn, 1998-ci ildə bizim prezident seçkilərini boykot etməyimizi o zaman da səhv addım hesab edirdim. Bu gün də fikrim dəyişməyib. Ancaq hər halda, 98-ci ildə biz ölkədə mövcud olan siyasi vəziyyəti dəyişdirməyə cəhd göstərdik. Müəyyən dəyişikliklərə nail olduq. Sərbəst toplaşmaq azadlığının genişlənməsi istiqamətində müəyyən addımlar atıldı, şəhərin bir sıra meydanlarında kütləvi aksiyalar keçirildi, şəhərin mərkəzi küçələrində yürüşlər təşkil etdik. Qanunvericilikdə müəyyən islahatlara nail olundu. O vaxt bu addımları atmaq üçün həm cəmiyyətin müqavimət gücü daha artıq idi, həm də müxalifətin resursları indi olduğundan daha çoxdur. Biz bu gün belə böyük bir hərəkatı təşkil olunması yolu ilə seçkilərin boykot edilməsinin qeyri-mümkün olduğunu bilirik və seçkiləri boykot edən təşkilatlar da bu istiqamətdə hər hansı uğurlarının, hətta bu istiqamətdə cəhdlərinin də şahidi olmuruq. Ona görə də indiki siyasi şəraitdə seçkiləri boykot etmək faktiki olaraq özünü siyasi prosesdən kənara qoymaq anlamına gəlir. Bu da uğurlu yol deyil. Ona görə də Müsavat Partiyası seçkilərdə iştirak qərarını qəbul edib. Bu, indiki şəraitdə ən qərardır. Ancaq biz seçki prosesindən çıxmaq ehtimalını da istisna etmirik. Seçki prosesinin hansısa mərhələsində Müsavat Partiyasının seçki prosesindən çıxması mümkündür.
- Bu, hansı mərhələdə ola bilər?
- Bilavasitə seçki günü ərəfəsində bu məsələ Müsavat Partiyası strukturlarında bir daha müzakirə olunacaq.
- Əksər ekspertlər bu seçkiləri ölkə tarixində ən sönük seçki prosesi kimi dəyərləndirirlər. Sizin seçkidən sonrakı vəziyyətlə bağlı proqnozlarınız necədir?
- Əgər ölkədə ciddi müqavimət təşkil olunmasa, Azərbaycan cəmiyyəti mövcud siyasi vəziyyəti dəyişdirmək üçün özündə təpər tapmasa, gələcək haqqında müsbət proqnozlar vermək çətindir. Çünki Azərbaycan hakimiyyəti artıq bütün tabuları aradan qaldırıb. Əvvəllər qadınlar təqib olunmurdu, indi siyasətlə məşğul olan xanımlar həbs edilir, əvvəllər siyasətçilərin yaxınlarına, qohumlarına toxunmurdular, indi əksinə, xüsusilə xaricdə olan siyasi xadimlərin, jurnalistlərin, siyasi fəalların yaxınlarına, qohumlarına qarşı repressiya kampaniyası başlayıb. Belə görünür ki, hakimiyyət dayanmaq fikrində deyil. Hakimiyyət hətta mümkün olsa, Azərbaycanda Şimali Koreyada olduğu kimi cəmiyyət qurmağa qədər getməyə hazır olduğunu nümayiş etdirir. Sadəcə olaraq, Azərbaycan cəmiyyəti, ilk növbədə Azərbaycanda fəaliyyət göstərən siyasi qüvvələr, ictimai təşkilatlar, jurnalistlər, ziyalılar, azad fikirli gənclər Azərbaycanın gələcəyini düşünən hər kəs Azərbaycan hakimiyyətinin bu siyasətini durdurmaq üçün özündə təpər tapıb fədakar mübarizəyə qalxmalıdır. Düşünürəm ki, Azərbaycan cəmiyyəti bunu edəcək. Çünki Azərbaycan cəmiyyəti öz inkişaf səviyyəsinə görə nəinki Şimali Koreya cəmiyyətindən, hətta Misir, Belorus, Ermənistan cəmiyyətindən xeyli fərqlənir. Öz inkişaf səviyyəsinə görə Azərbaycan cəmiyyəti təqribən Gürcüstan, Ukrayna cəmiyyətlərinin səviyyəsinə yaxındır. Bəlkə onlardan daha üstündür. Ona görə də hesab edirəm ki, Azərbaycan hakimiyyətinin apardığı bu siyasətin sonu yaxınlaşır.
- Beynəlxalq təşkilatlar Azərbaycanla bağlı sərt bəyanatlar verirlər. Məsələn, Avropa Parlamenti sentyabr ayında Azərbaycanla bağlı sərt qətnamə qəbul etdi. Ancaq ölkə başçısı dedi ki, bu, kağız parçasıdır. Sizcə, bu təpkilər ancaq bəyanat şəklində qalır?
- Azərbaycan hakimiyyətinin daxili, həm də xarici siyasəti bütövlükdə Azərbaycanın təcrid olunmasına gətirib çıxarıb. Bu siyasət təkcə hakimiyyətə yox, Azərbaycana ağır zərbə vurur. Təəssüf ki, Azərbaycan hakimiyyəti apardığı bu siyasətlə yalnız özünü yox, Azərbaycanı da uçuruma aparır. Bu siyasət durdurulmalıdır. Beynəlxalq birliyin qəbul etdiyi sənədləri kağız parçası hesab etmək olmaz. Bu, yanlışdır, səhvdir. Azərbaycan problemlər içində yaşayan bir ölkədir. Azərbaycan çox mürəkkəb geopolitik məkanda yerləşən bir ölkədir. Buna görə Azərbaycan hakimiyyətinin bu ritorikası ölkənin milli təhlükəsizliyi üçün ciddi təhdiddir və bu siyasət bütövlükdə dəyişməlidir.
- 2003-cü ilin 15 oktyabrından 12 il keçir. 12 ildən sonra necə düşünürsünüz, o zaman hakimiyyətə gəlməyiniz niyə mümkün olmadı?
- O vaxt Azərbaycan cəmiyyətinin müqavimət gücü indi olduğundan xeyli artıq idi. Ancaq bu güc istər yerli hakimiyyətin zorakılığını, eyni zamanda, beynəlxalq birliyin Əliyevlər rejimini dəstəyini üstələyərək qalib gəlmək üçün yetərli olmadı.
- Siz həbsinizlə bağlı Avropa Məhkəməsinə müraciət etmişdiniz. Nəticə necə oldu?
- 2003-cü il oktyabr hadisələrindən sonra qanunsuz həbsimlə bağlı Avropa Məhkəməsinə müraciət etmişdim. Mənim bu iddiam Avropa Məhkəməsi tərəfindən təmin edilib. Azərbaycanda 16 oktyabrla bağlı məhkəmənin yenidən keçirilməsi barədə qərar qəbul olunub, eyni zamanda, təzminat ödənilməsi barədə qərar çıxarılıb.