Arif Hacılı partiyanın seçkiləri boykot etməsindən danışdı
"Mərkəzi Seçki Komissiyasının irəli sürdüyü bu iddia tamamilə absurddur"
Xeberinfo.com: Məlumata görə, müsavat başqanı Arif Hacılı partiyanın seçkiləri boykot etməklə bağlı verdiyi qərarla əlaqədar “Qafqazinfo”nun suallarını cavablandırıb.
-Seçki mübarizəsini sona qədər aparmamağınız müzakirələrə səbəb olub. Bu barədə nə deyə bilərsiniz?
- Biz seçki kampaniyasında bu mərhələyədək iştirak etdik. Hakimiyyət qarşısında bir sıra şərtlər irəli sürmüşdük, ancaq Azərbaycan hakimiyyəti bizim təkliflərimizin heç birini qəbul etmədi. Ölkədə açıq hava görüşlərinin və qapalı görüşlərin keçirilməsi üçün yerlər həmişə olduğundan on dəfə az ayrıldı. Pullu efir vaxtının qiyməti bundan on il əvvəl olduğundan yüz dəfə artıq oldu. Pulsuz efir vaxtı isə, ümumiyyətlə ayrılmadı. Belə olan halda biz heç olmasa seçkidə iştirak edən partiyaların rəhbərlərinin debatlarının təşkil olunmasını təklif etdik. Hakimiyyət buna da razılıq vermədi. Son günlər Müsavat Partiyasının namizədləri tərəfindən seçki komissiyalarına məşvərətçi səs hüquqlu komissiya üzvü kimi təyin olunmuş şəxslərin, hətta müşahidəçilərin qeydiyyatı məsələsinə problemlər yaradılmağa başlandı. Belə olan şəraitdə artıq seçkidə iştirakın hansısa anlamı qalmır. Hesab edirəm ki, Müsavat Partiyası çətin siyasi şəraitdə, hakimiyyətin basqıları altında məhdud resurslarla əlindən gələni etdi. Ölkədə seçki qanunu pozuntularına və bütövlükdə bu qanunsuzluqların miqyası ilə həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyəti məlumatlandırdı. Biz seçki dairələrindən öz namizədliklərimizi geri götürmüşük, ancaq seçki günü də müşahidəni aparmaq və seçkidən dərhal sonra da prosesə ümumi qiymət vermək niyyətindəyik.
- Qeyd etdiyiniz problemlər sizə əvvəlcədən bəlli deyildi?
- Azərbaycan hakimiyyətinin azad və ədalətli seçki keçirməyəcəyi bizə əvvəlcədən bəlli idi. Ancaq pulsuz efir vaxtının ümumiyyətlə verilməyəcəyi, seçki komissiyalarına müşahidəçilərin, o cümlədən ATƏT-in müşahidə missiyasının Azərbaycana buraxılmayacağı və digər bu tipli pozuntuların olacağı bizə əvvəlcədən bəlli deyildi.
- Mərkəzi Seçki Komissiyası sizin namizədləriniz geri çəkilməsi ilə bağlı müraciətinizi təmin etmədi. Qeyd edildi ki, seçki kampaniyasına on gün qalmış bu qərar verilməli idi...
- Mərkəzi Seçki Komissiyasının irəli sürdüyü bu iddia tamamilə absurddur. Əgər namizəd seçkilərdə iştirak etmirsə, MSK-nın qərarı ilə onun iştirakını məcburi qaydada həyata keçirmək qeyri-mümkündür. Bülletenlərin çap olunması sadəcə boş və mənasız bəhanədir. Mənim iştirak etdiyim bir çox seçkilərdə dəfələrlə belə halların şahidi olmuşam ki, bülletendə adı olan namizədlərin adının üstündən əvvəlcədən xətt çəkməklə onlar seçicilərə paylanıb. Bu şəkildə namizədliklərini geri götürən namizədlərlə bağlı problemlərin həllinin dəfələrlə şahidi olmuşam. Hətta elə olub ki, seçkilərə bir gün qalmış, ya da seçki günü namizədliklərini geri götürən namizədlərin seçki bülletenində üzərindən xətt çəkilərək seçicilərə paylanıb.
- Elə namizədləriniz var ki, onlar təşviqat kampaniyasına hələ də davam edir. Onlarla bağlı qərar necə olacaq?
- Namizədlərimizin demək olar ki, hamısı namizədliklərini geri götürüb və düşünürəm ki, seçki günününə kimi bütün namizədlər öz namizədliklərini geri götürəcəklər.