Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Məmurların övladları Avropaya oxumağa gedib qayıtmır"

 

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı “Qafqazinfo”ya müsahibə verib.

 

"Xeberinfo.com":  Həmin müsahibəni təqdim edirik: 

 

-Sabir bəy, bu yay istirahətinizi necə keçirdiniz?

- Mənim istirahətim yazı-pozudur. Əgər gündəlik həyatdan, partiyanın işindən vaxt tapıb öz işimlə, yazı yazmaqla məşğul ola bilirəmsə, mənim üçün ən böyük istirahət odur. Yayın  əvvəlində “Şair və şər” adlı romanım çıxdı. Hazırda bir yazı üzərində işləyirəm. Amma fürsətdən istifadə edib Altay Respublikasına getdim. Altayın El Qurultayının sədri mənim 30 illik dostumdur. Onun dəvəti ilə getdim, dağlarda gözəl istirahət etdim. Yeni  yazımı davam etdirdim. Məncə, Altayda 10 gün qalmaq insana elə bir enerji verir ki, bir neçə yay istirahətə getmədən işləmək olar.

- Nə barədə yazırsız?

- Onu indi deyə bilmərəm. Müasir mövzudur, insanlığı fəlakətə aparan faciələrdən biri haqdadır. Amma Altay haqda da bir kitabça yazmaq fikrim var.

- İstirahət mövsümü artıq bitir və işlər başlayır. VHP də qurultaya hazırlaşır. Qurultayı nə vaxta planlaşdırırsız?

- Əgər seçkilərdə iştirak üçün partiyaların qurultayını keçirməsi şərt olarsa... Məncə belə bir şərt yoxdur, amma seçkilərdən əvvəl də keçirə bilərik. Amma əsas niyyətimiz odur ki, qurultayı seçkilərdən sonra, ilin axırında keçirək. Bizim partiyada seçki ilə bağlı məsələləri Siyasi Şura həll edir, ona da görə seçki üçün qurultaya ehtiyacımız yoxdur. 

- Qurultaylar yenilənmə kimi qəbul edilir. Bu qurultayda VHP-ni hansı dəyişikliklər gözləyir?

- Səmimi deyirəm, mən partiya sədrliyindən getmək istəyirəm. Çox vaxtımı alır. Həm də mənim üzərimdə DAK, Dil Qurumu, millət vəkilliyi və yazıçılıq  yükü var.  Zaman keçdikcə  hiss edirəm ki, mənim işim əslində qələm işidir. Buna görə də mən partiya işini cavanlardan birinə tapşırmaq istəyirəm. Amma partiya üzvləri hələ ki, ciddi şəkildə buna müqavimət göstərirlər. Bu məsələyə aydınlıq gətirilməyib, güman ki, bunu qurultay həll edəcək. Mən Vətəndaş Həmrəyliyi Partiyasının siyasi mühitimizdə yaşamasını və öz siyasi xəttini daşımasını istəyirəm.

- Sədrin dəyişməsindən sonra VHP-ni Müsavatın qurultaydan sonrakı taleyi gözləyə bilərmi?

-  Həmişə dəyişikliklər gözlənilməz problemlər ortaya çıxarır. Mənim burada olmağım bəlkə də partiyanı və bir sıra üzvləri yanlış addımlardan qoruyub. Sonra necə ola bilər, onu deyə bilmərəm. Şübhəsiz ki, siyasi partiyalarda ideyadan başqa həm də liderin  ciddi təsiri olur. Liderin mövqeyi partiyanın mövqeyinə təsir edir. Hesab edirəm ki, VHP-də böyük parçalanma olmaz, amma  silkələnmə olmalıdır. Mənim komandam təkcə məni yox, bir-birini sevən insanların komandasıdır.

- 2010-cu ilin dekabrında Gənclər Təşkilatının konfransında partiyadakı yerinizi gənclərə vermək istədiyinizi və namizəd olmayacağınızı bildirdiz. Gənc sözünə görə mediada məsələ bu formada müzakirə edildi ki, Sabir Rüstəmxanlı öz yerinə Samir Əsədlini gətirəcək. Bu fikir nə qədər doğrudur?

- Əgər bu illər ərzində Samiri bu işə tam hazır hesab etsəydim, qurultayı çoxdan keçirərdim. Samir hələ öz üzərində işləməlidir. O çox yaxşı təşkilatçıdır, amma təşkilatçılıq bəs etmir. Hadisələri düzgün qiymətləndirmək və müəyyən nəzəri hazırlıqlar da vacibdir. Mənim ətrafımda VHP sədri yükünü daşıya bilən çox adam var. Fəzail İbrahimli, Rafiq Manaflı, Əlövsət Əliyev, Nurəddin Mehdixanlı  və s.

- VHP seçkilərdə iştirak qərarı verdi. Bu dəfə də parlamentin “ana müxalifət partiyası” olmağa iddialıdırmı?

- Biz əslində ana müxalifət rolunu oynamadıq. Çünki 125 deputatın içində 3 nəfərlə böyük müxalifətçilik davası etmək olmaz, amma hər halda sözümüzü demişik. YAP-dan olan bəzi deputatlar mənə zarafatla deyirlər ki, sənin dediklərinlə razıyıq, amma biz bunu deyə bilmirik. Amma biz əlbəttə istəyərik ki, parlamentə öz mövqeyimizi qoruyub saxlayaq. 

- Partiya təxminən neçə dairədən seçkiyə qatılmağı hədəfləyir?

- İndi namizədlərin müəyyənləşdirilməsi prosesi gedir. Nəticə bundan sonra bəlli olacaq.

- Milli Şura öz üzvü olan VHP-çiləri deputatlığa namizəd kimi irəli sürərsə necə olacaq?

- Mümkün deyil. Bizim dostlarımız ora gediblər, amma o vaxt mən demişdim ki, Milli Şurada yox, Milli Məclisdəyəm.Orada bir neçə hörmət etdiyim adamlar var. Milli Şura yarananda öz narahatlığımı bildirmişdim. Bu cür qurumlar təbii doğulmalıdır. Amma birdən-birə hökümətlə problemi yaranan adamın gəlib müxalifətçilik həvəsinə düşüb ətrafına adamlar yığmasını mən ciddi qəbul etmirəm. O da sonradan çıxıb getdi. İndi isə bu yükü daşımaq təzyiqlərlə üz-üzə qalmasını istəmədiyim Cəmil Həsənlinin boynuna düşüb. Mən Milli Şuranın ciddi bir uğur qazanacağına inanmıram. 

- Müxalifətin hazırkı durumunu necə qiymətləndirirsiz?

- Kimsə deyir ki, müxalifət yoxdur, amma var. Xalqın bir hissəsi müxalifət partiyalarını dəstəkləyir. Amma partiyalar pərakəndə vəziyyətdədir. Qarabağ məsələsi həll olmadan biz niyə belə parçalanmış halda olmalıyıq? Ən azı Qarabağ məsələsini bir yerdə müzakirə etməliyik. Hakimiyyət dəfələrlə deyir ki, müxalifətin Qarabağ problemini həlli  bağlı aydın bir fikri yoxdur, məncə müxalifət bu haqda ümumi platformasın bəyan edib mövqeyini daha aydın bildirməlidir. KXCP-nin qurultayındakı bəzi çıxışlarda gördüm ki, müəyyən şəxslər hələ də 20 ildən bəri gəlməyib. Şüarçılıqla, əsası olmayan söhbətlərlə bir-birimizi aldatmalı deyilik. 

- Müxalifətlə iqtidarın müqayisəsini necə aparardınız?

- Bir yazımda yazmışdım ki, indiki iqtidar mənim qədrimi müxalifətdən çox bilir. İqtidardan o qədər tənqid, soyuqluq görməmişəm, nəinki müxalifətdən. Müxalifətdə bəzi adamların düşüncəsi elədir ki, mənim kimi düşünmürsənsə, düşmənsən. Güc baxımından isə güc hakimiyyətin əlindədir. Bu gün güc ortadadır, kim camaata bir tikə çörək verirsə, güc də odur. İqtidarın içində kifayət qədər ziyalı, ağıllı dövləti düşünən adamlar var. Prezident özü o adamlardan biridir, ətrafında da belə adamlar var. Mən 20 il öncə  Respublika sarayında Heydər Əliyevin apardığı  bir tədbirdə çıxışımda  Məmməd Arazdan misal çəkmişdim “Bir ağlın budağından asılıb, neçə-neçə ağlı dayaz yaşayır”. Onda demişdim, hərdən arzulayıram ki, cənab prezident  silkələnsin,  qoy çürük armudlar tökülsün qol-budağından. İndi də hörmətli  prezidentə demək istəyirəm ki, ildə bir dəfə silkələnin, qoy ölkəyə şöhrət gətirməyən, görülən işləri kölgədə qoyan adamlar tökülsün.

 

- Sabir Rüstəmxanlı “siyasi proseslərin daha vacib olan sahəsi ilə məşğul olmağa” hazırdırmı, yoxsa yenidən deputatlığa namizəd olacaq?

- Mən bunu deyəndə DAK-ı nəzərdə tuturdum. Deputatlığa namizəd olub-olmayacağımı isə hələ qərarlaşdırmamışam.

- Bu qədər qərarsız olmağınızın səbəbi nədir?

- Mənim düşündüyüm müəyyən variantlar var. O variantlar baş tutsa, mən seçkiyə getməyəcəyəm. Baş tutmasa, özüm gedəcəyəm.

- Mediada sizin deputatlığınızla bağlı belə bir variant irəli sürürlər ki, bu dəfəki seçkilərdə sizin əvəzinizə Tənzilə xanım namizəd olacaq. Bu variant mümkündürmü?

- Tənzilə xanım deputatlığa tam layiqli və hazır şəxsdir. Ancaq bunu deyə bilərəm. Təəssüf ki, bir ailədən iki nəfər olmur. Ya o namizəd olmalıdır, ya mən. 

- Proqnoz da o formadadır ki, ya siz gedəcəksiz, ya Tənzilə xanım...

- Bu təkcə mənim qərarımdan asılı deyil, partiyada razılaşdırılmalıdır. Amma səmimi deyirəm ki, Tənzilə xanım deputatlığa layiqdir. 

- Sabir bəy, sizi mediada tez-tez “Ziya Məmmədovun qudası” kimi təqdim edirlər. Parlamentin son sessiyasında deputat həmkarınız da bu məsələnin üzərində dayandı. Sizi hazırkı durumu heç də xoşagələn olmayam nəqliyyat sisteminə görə Ziya Məmmədovu tənqid etməməkdə ittiham edirlər. Naziri tənqid etməməyiniz səbəbi nədir?

- Ziya Məmmədovun  tənqid etmək niyyətində deyiləm, imkan düşəndə mən onu tərifləyirəm. Çünki baxın, Azərbaycan son illər ən inkişaf etmiş sahələrdən biri yoldur. Biz ümumiyyətlə yolsuzluq şəraitində olmuşuq. Yol çox vəsait və vaxt istəyir, çətin bir sahədir. Mən sevinirəm ki, nəhayət yollarımız düzəlir. 

- Daha çox marşrut avtobusları məsələsinə görə tənqid edilir...

- Marşrut düzələn işdir. Mən Ziya Məmmədovun qardaşı ilə cəmi 3-4 ildir quda olmuşam. Ziya Məmmədov dəyərli  insandır, bir ziyalı, ədəbiyyatı şeiri sevən, milli mənəviyyata bağlı bir adamdır. Mənim müşahidəm belədir.  Mən onu hakimiyyət komandasının içində ən layiqli  adamlardan biri hesab edirəm. Və bilirəm ki, ona yönəlmiş tənqidlərin bir hissəsi qərəzlidir.  Təbii ki, əgər yolla bağlı gördüyüm bir nöqsan varsa, onu da çəkinmədən deyərəm. Ziya Məmmədovun öz işləri, mənim öz işlərim var. Biz ildə 3-4 dəfə məclislərdə, tədbirlərdə görüşürük. Bu ölkədə hamı bir-biri ilə qohumdur və hamının övladları var. Niyə məhz Ziya Məmmədov hədəf seçilir. Ümumiyyətlə,  vəzifə sahiblərinin özlərinə görə övladlarının hədəf seçilməsi  doğru deyil, məsələn əgər hörmətli Kəmaləddin Heydərovun və ya Ziya Məmmədovun  övladları  xaricdəki əlaqələrindən istifadə edib , respublikanın  xeyrinə çalışırlarsa, imkanlarını yaxşı işə sərf edirlərsə buna xoş niyyətlə yanaşmaq lazımdır.Bizim bir çox məmurların övladları, hətta müxalifətçilərin nə qədər uşağı Avropaya oxumağa gedib qayıtmır. İndi kiminsə övladı göz qabağındadır, nəsə bir iş görür deyə, daim tənqid olunmalıdırlar?! Kimin kiminləsə qohum olması ailə məsələsidir.  Cavanlarımızı qorumalıyıq, nə qudurğan olsunlar, nə də  haqsız həbsə atılsınlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam