“Sabir Rüstəmxanlı gərək o sözü deməyəydi”
“Sabir Rüstəmxanlı ilə Eynulla Fətullayevin bir-birlərinə nə dediklərindən xəbərim yoxdu. Eyni zamanda, onlara çağırış etmək fikrində də deyiləm. Hər ikisi yetişmiş insanlardır. Biri hörmət etdiyim ağsaqqaldır. O birisi isə tanınmış jurnalistdir. Bunlar didişməməlidir. Sadəcə, etik qaydalara və qanunlara riayət etmək lazımdır”.
Xeberinfo.com: Məlumata görə, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Elçin Şıxlı son günlər mətbuatda “Sabir Rüstəmxanlı-Eynulla Fətullayev atışması”na münasibət bildirərkən deyib.
Elçin Şıxlı deyib ki, onların aralarında yaranan narazılıqdan xəbəri olmasa da, Sabir Rüstəmxanlı haqqında yazılan yazıya çox məyus olub.
“Sabir Rüstəmxanlı haqqında yazını oxudum. Düzü, çox pis təsir etdi. Eynulla Fətullayevin razılığı olmasa, o yazı saytda çap oluna bilməzdi. İnsanı tənqid etmək olar. Bu, təbiidir. Söhbət təhqirə keçəndə bunun əleyhinəyəm”.
E.Şıxlı deyib ki, yazıda patoloji səhvlər, yalanlar var.
“Sabir Rüstəmxanlının həyat yoldaşının nazir müavini olması yazılıb. Guya qardaşı butik dükanlarının yiyəsidir. Hansı qardaşı olduğunu tanımıram. Bu faktın özü də yalandır. Sabir Rüstəmxanlı nahaq mükaliməyə girir. Onları məhkəməyə vermək ən düzgün yoldur. Əgər məhkəmədə o faktları sübut edə bilərlərsə, bu o demək olar Sabir Rüstəmxanlı uduzdu”.
Elçin Şıxlı Sabir Rüstəmxanlının “icazəli deputat” sözünə də toxunub.
“Sabir Rüstəmxanlı özünə qara yaxır ki, “icazə olmasaydı, deputat seçilə bilməzdim”. Halbuki, o, ilk iki çağırış deputat seçilib.
85-ci və 90-cı illərdə heç bir icazə olmadan deputat seçilib. Bizim istiqlalımıza da səs verib.
Təbii, sonradan icazə olmasa, onu seçə bilməzdilər. Sadəcə, bunu Sabir Rüstəmxanlı ya deməyəydi, ya da icazəli seçkiyə getməyəydi. Yanlış bundan ibarətdir. Amma buna görə onu aşağılamaq, yerə vurmaq heç bir məntiqə sığmır.
Sabir Rüstəmxanlı böyük şairdir. Onun meydan hərəkatında gördüyü işləri yerə vurmaq olmaz”.
Qeyd edək ki, Eynulla Fətullayevin rəhbəri olduğu haqqın.az saytında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, keçmiş deputat Sabir Rüstəmxanlı kəskin tənqid olunub.
Yazıda o, əqidəsini dəyişməkdə, satqınlıqda ittiham olunub.
Bundan sonra isə Eynulla Fətullayev sosial şəbəkərlərdə sabiq deputatı edən status yazıb.