Ceyms Uorlik: “İşğal olunan torpaqlar... Azərbaycana qaytarılmalıdır”
İyulun sonunda ATƏT-in Qarabağ probleminin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri Azərbaycana gələcəklər.
"Xeberinfo.com": Moskvada 2 günlük işgüzar səfərdə olan qrupun ABŞ-dan olan həmsədri Ceyms Uorlik “Vedomosti”yə müsahibəsində belə deyib.
Ceyms Uorlikin sözlərinə görə, həmsədrlər durum dəyərləndirməsi üçün Azərbaycan və Ermənistan dövlət başçıları ilə görüşəcəklər. Həmsədr onu da bildirib ki, Vaşiqnton bu məsələdə Rusiya ilə işbirliyini gücləndirməyi planlaşdırır.
Ceyms Uorlikin “Vedomosti”yə müsahibəsini təqdim edirik:
- Cənab Uorlik, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun müavini Qriqori Krasinlə görüşlər nəzərdə tutulmuşdu. Həmin görüşlər baş tutdumu və müzakirələrdə hansısa nəticələr əldə edildimi?
- Çox təəssüf ki, nazir Lavrovla görüşmək imkanımız olmayıb. O, Vyanada İranla bağlı danışıqlardadır. Mən səbirsizliklə onu Moskvada gözləyirəm. Bu arada isə mənim digər həmsədrlərlə görüşüm olacaq. Hələlik Rusiya xarici işlər nazirinin müavini Qriqori Krasinlə görüşümüz olub. Biz Qarabağ məsələsinin nizamlanması üzrə növbəti addımlarımızı müzakirə etdik. Hər ikimiz bu fikirdəyik ki, həm Rusiya, həm Fransa, həm də ABŞ münaqişənin nizamlanması üçün yollar axtarmalı və dəqiq gündəlik tərtib etməlidirlər. Bununla yanaşı, biz səbirsizliklə bu il Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü gözləyirik. Təbii ki, bu görüşün uğurlu olması üçün biz diskussiya hazırlamalıyıq. Cənab Krasinlə görüşdə biz diskussiyaya mövzu ola biləcək məsələləri müzakirə etdik.
- Söhbət hansı məsələlərdən gedir? Bir qədər konkretləşdirə bilərsinizmi?
- Onlardan bəziləri 10 ildən çoxdur ki, müzakirə edilir. Bildiyiniz kimi, Rusiya Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda aktiv rol oynayır. Biz nizamlanmanın konkret prinsipləri və elementləri haqqında danışırıq. Bunların bəziləri hələ eks-prezident D.Medvedyevin dönəmindən gündəmdədir.
“Biz yeni məsələlər və yanaşmalar icad etmək fikrində deyilik”
Bu təkliflərin bəziləri o zaman irəli sürülüb. Biz yeni məsələlər və yanaşmalar icad etmək fikrində deyilik. Biz diskussiyanı o zaman əldə edilənlərin üzərində qurmağa çalışırıq. Ortada çox önəmli məqamlar var. Bu sırada Dağlıq Qarabağın ətrafındakı ərazilərin qaytarılması, Dağlıq Qarabağın statusu, qaçqınların durumu, təhlükəsizliyin təminatı məsələləri də var. İllərdir ki, bu məsələlər gündəlikdən düşmür və biz 23 ildir ki, Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu çərçivəsində nizamlanması işini bu kontekstdən yürüdürük. Hələlik real nəticələr deyəndə tərəflər arasında diskussiya və dialoqu göstərmək olar. Bayaq sadaladığım digər məsələlər isə çox təəssüf ki, hələlik açıq qalır.
Gerçəkdən də çox təəssüf doğrun haldır. Regionda yaşayan insanlar artıq 2 onillikdir ki, nizamlanmayan münaqişə şəraitində yaşamaq məcburiyyətindədirlər. Bundan başqa, əldə olunan atəşkəsə əməl edilmir. Bu, bizdə ciddi narahatlıq yaradır. Ancaq düşünürük ki, münaqişənin dinc yolla nizamlanması mümkündür. Ötən il Azərbaycan və Ermənistan prezidentlərinin 3 təkbətək görüşü olub. Vyanada keçirilən görüşü də bura əlavə eləsək, son 12 ayda dövlət başçıları 4 dəfə görüşüblər. Bu görüşlərdə gündəlikdəki bütün məsələlər haqqında danışılıb və hər görüş müsbət sonuclar verib. Düzdür, hələlik böyük razılaşma əldə edilməyib. Ancaq inanıram ki, bu, mümkündür. Məhz razılaşmanın əldə olunması inandırıcı olduğu üçün Vaşinqton və Moskva bu prosesdə iştirak edir. Ona görə də, biz bütün elementlərin və prinsiplərin toplandığı variantı axtarırıq.
“Neqativ məqam odur ki, bu təhlükəli və qanlı münaqişə istənilən an bərpa oluna bilər”
- Vaşiqnton regiondakı hərbi durumu necə dəyərləndirir? Arabir baş verən toqquşmalar genişmiqyaslı savaşa keçə bilərmi?
- 2014-cü il çox təhlükəli il idi - münaqişə bölgəsində həm hərbçilər, həm də dinc əhali arasında xeyli itkilər oldu. 2015-ci ilin yanvarı da son 20 ilin ən çətin, ən çox itki verilən dönəmi idi. Buna görə də, konfliktin genişlənə biləcəyi təhlükəsinin qaldığını söyləmək mümkündür. Qarşılıqlı hərbi əməliyyatlar savaşa səbəb ola bilər. Buna görə də, münaqişənin danışıqlar yolu ilə həlli, atəşkəs rejiminin qorunması üçün birgə işləməliyik. Neqativ məqam odur ki, bu təhlükəli və qanlı münaqişə istənilən an bərpa oluna bilər. Müsbət məqam isə odur ki, ABŞ, Fransa, Rusiya barış əldə edilməsi üçün ciddi səylər göstərir, tərəflərlə ardıcıl işləyir, onları atəşkəs rejiminə əməl etməyə, münaqişənin dinc yolla çözümünə çalışır.
- Azərbaycanın Rusiyadan və İsraildən böyük partiyalarla silah alması məsələsi Ağ Evdə necə qarşılanır?
- Hər iki tərəfin – həm Azərbaycanın, həm də Ermənistanın öz təhlükəsizliklərini təmin etmək hüquqları var. Bu mənada, biz hər iki ölkənin öz müdafiə gücünü artırmaq üçün müxtəlif ölkələrdən silah almaq ehtiyaclarını başa düşürük. Məsələ silahların yalnız sayında yox, həm də modifikasiyasındadır. Bayaq vurğuladığım kimi, bu, ciddi narahatlıqlar yaradır. Biz bu məsələ ilə məşğul oluruq. Əgər bir müddət öncə atəşkəs snayper güllələri və atıcı silahlarla pozulurdusa, son dönəmlər daha güclü silahlar işə düşüb. Bu, bizi rahatsız edir. Bizi hərbi balans məsələsi də narahat edir. Tərəflər arasında toqquşmaların sayı artmaqdadır. Ona görə də, hərbi gücün bu və ya digər ölkə üçün hər hansı üstünlük yaratmasını arzuolunan saymırıq. Elə bu səbəbə görə də Ermənistan danışıqlar prosesinə qatılmalıdır. Bütün hallarda getdikcə gərginləşən hərbi durum nəzarət altında saxlanmalıdır.
“Bizi hərbi balans məsələsi də narahat edir”
- Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ vilayətinə aid olmayan torpaqlarını boşaltması məsələsinə Vaşinqton necə baxır?
- İşğal olunan torpaqlar kompleks nizamlanma çərçivəsində Azərbaycana qaytarılmalıdır. Bu məsələdə nizamlanmanın hər hansı elementində, ya da hansısa prinsipin üzərində özəlliklə dayanmağa ehtiyac yoxdur. Torpaqlar qaytarılmalıdır. Ancaq unutmaq olmaz ki, başqa faktorlar da var. Buna görə də, biz hər zaman kompleks nizamlanmadan danışırıq. Hansısa aspekti götürüb, demək olmaz ki, münaqişənin nizamlanmasının əsası məhz budur. Münaqişə kompleks həll edilməlidir.
- Ermənistan və Dağlıq Qarabağ (rus jurnalist qondarma DQR-i tərəf kimi təqdim edir – red.) hesab edir ki, əgər onlar torpaqların bir hissəsini versələr, Azərbaycan həmin ərazilərdən Dağlıq Qarabağa hücum edəcək. Minsk qrupu bu məsələnin çözümünü necə görür?
- Təhlükəsizliyin təminatı regiona beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə təmin edilə bilər. Torpaqlar azad ediləndən sonra təhlükəsizliyin təmin edilməsi üçün oraya beynəlxalq sülhməramlılar yerləşdirilməlidir.
- Bu, ATƏT-in, yoxsa, BMT-nin sülhməramlılar olmalıdır?
- Bunu tərəflər öz aralarında danışıqlar yolu ilə müəyyən edə bilərlər.
“İşğal olunan torpaqlar kompleks nizamlanma çərçivəsində Azərbaycana qaytarılmalıdır”
- ABŞ hansı variantın tərəfdarıdır?
- Biz hər hansı variantı dəstəkləmirik. Tərəflər hansı variantı seçsələr, ABŞ həmin variantı dəstəkləməyə hazırdır. Hələlik biz bu məsələni müzakirə etmirik. Hələlik biz təhlükəsizliyin təmin edilməsinin hansı formada mümkünlüyünü müzakirə edirik. Hələlik sülhməramlı qüvvələrin necə formalaşdırılması məsələsinə gəlinməyib. Onu da vurğulayım ki, ATƏT-in tərkibində yüksək səviyyəli planlaşdırma qrupu var. Bu qrupun məqsədi məhz sülhün dəstəklənməsi variantlarının hazırlanmasıdır. Qrupdakı hərbçilərin hazırladığı çoxsaylı variantlar var. Bu məsələdə onların əməyindən yararlanmaq mümkündür.
- Bəs, Vaşinqton prosesin Ermənistan-Türkiyə münasibətlərinə görə dondurulması məsələsinə necə baxır?
- Türkiyə Sürix protokollarını imzalamadı. Türkiyə-Ermənistan sərhədi hələ də bağlıdır və biz ümid edirik ki, Türkiyə ilə Ermənistan münasibətlərini dalandan çıxarmağın yollarını tapacaqlar. Ancaq Minsk qrupunun işi Türkiyə-Ermənistan münasibətləri ilə məşğul olmaq yox, Dağlıq Qarabağ konfliktini nizamlamaqdır. Ümid edirik ki, hər iki tərəf irəliyə doğru hərəkət etməyin yollarını arayacaq.
“Təhlükəsizliyin təminatı regiona beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə təmin edilə bilər”
- Minsk qrupunun həmsədr ölkələri arasında münasibətlərin gərginləşməsi, fikir ayrılığının artması fonunda Dağlıq Qarabağ münaqişəsinin çözüm yolunu tapmaq mümkündürmü?
- Rusiya ilə ABŞ arasında münasibətlərə gərgindir. Ancaq bunun bizim işimizə aidiyyatı yoxdur. Bu sahədə Vaşinqtonun və Rusiyanın maraqları öncələrdə olduğu kimi üst-üstə düşür. Mən rusiyalı həmkarımla çox sıx əlaqədəyəm və bizim baxışlarımız eynidir. Xüsusən də qarşılıqlı etibarın güclənməsi, humanitar mübadilə üzrə proqramların hazırlanmasında mövqelərimiz ortaqdır. ABŞ və Rusiya bu məsələlərdə birgə fəaliyyətlərini davam etdirirlər. Biz ümid edirik ki, bizim ortaq çalışmalarımız gec-tez Cənubi Qafqazdakı münaqişələrin dinc yolla çözümünə gətirəcək.
- 2008-ci ildə Gürcüstanda beynəlxalq sülhməramlı qüvvələr vardı. Buna baxmayaraq, münaqişə daha da gücləndi. Əgər bu, Dağlıq Qarabağda da təkrarlansa və Rusiya əraziyə öz qoşunlarını yetirsə, Vaşinqtonun mövqeyi necə olacaq?
- Konfliktlərin hər biri fərqlidir və ayrı-ayrılıqda araşdırılmalıdır. Sizin söylədiyiniz ssenari bizim çox ehtiyat etdiyimiz variantdır – bu, konfliktin eskalasiyasıdır və sülh danışıqlarına ciddi təhlükə yaratmaq gücündədir. Ona görə də, Rusiya və ABŞ bu məsələ üzərində öncədən razılığa gəlməlidirlər ki, sonradan hər hansı gərginlik yaşanmasın. Ancaq “bu durum nəyə gətirə bilər” kimi hipotetik suala cavab vermək çətindir. Sadəcə, onu deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı biz Rusiya ilə münasibətlərimizdə hər hansı problem görmürük. Əksinə, bu, bizim nəticə əldə etmək üçün diplomatik yolla əməkdaşlıq etdiyimiz sahədir. Biz bu işi davam etdirəcəyik.