“Hadisələr təkcə iş adamlarının dindirilməsi və ya həbsə atılması ilə bitməyəcək”
"Xeberinfo.com": Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc uzun müddətdir gündəmi zəbt edən iş adamlarının həbsi ilə bağlı Modern.az saytına müsahibə verib
- Zahid müəllim, artıq bir neçə gündür ki, iri iş adamlarının istintaqa cəlb olunması gündəmi zəbt edib. Oliqarxların həbsi ilə bağlı böyük çoxluğun ehtiyatla danışdığı məqamda siz kəskin çıxış edən az sayda deputatlardansınız. Bilmək istərdik etdiyiniz çıxışlara görə hər hansı narahatlıq keçirdinizmi və ya bununla bağlı sizə hər hansı təzyiqlər oldumu?
- Reallaşan həbslər sıradan bir hadisə deyil. Bu səbəbdən də həbs dalğası ilə bağlı gedən diskussiyalarda parlament üzvlərinin yanaşmasını göstərmək gərəklidir. Başqa tərəfdən paradiqmalar kimi yeniləşən dövlət-vətəndaş münasibətləri üçün sonuncu hadisə xüsusilə də iqtisadi sistemdə mühüm dəyişikliklərə yol açacaq. Problem öz-özlüyündə təkcə hansısa vəsaitlərin kredit resursu kimi götürülməsindən və onun müxtəlif istiqamətdə sərf olunmasında deyil. Eyni zamanda vəziyyət göstərir ki, maliyyə-bank sektorunda mühüm addımlar atmağa ehtiyac var. Hesab edirəm ki, baş verənlər müəyyən mənada hökumətin fəaliyyətinə, yeniləşməsinə yol açacaq. Hadisələr təkcə bank sektorunda, onların çevrəsində ayrı-ayrı adamların dindirilməsi və ya həbsə atılması ilə bitməyəcək, eyni zamanda gələcək dövrdə iqtisadi həyat üçün dövlətin mühüm qərarlarına da yol açacaq. Ona görə də bunu həm mətbuatın sorğularına cavablarımızda, həm parlamentin iclaslarında, həm də Mərkəzi Bankla bağlı qəbul olunan qanunda irəliyə sürülmüş dəyişikliklərin nədən vacib olduğunu göstərməyə çalışdıq. Bu məsələyə görə heç bir təzyiqdən, kəskin reaksiyadan söhbət gedə bilməz. Əksinə çıxışlarımıza dəstəklər gəldi. Çünki parlament üzvü kimi öz missiyamı yerinə yetirməyə çalışmışam, özəl niyyətim olmayıb.
- Müəyyən qruplar sizin kəskin çıxışlarınızı bir çox deputatlar kimi biznesinizin olmaması ilə əlaqələndirirlər. Yəni Zahid Orucun qorxacaq bir yeri yoxdur...
- Faktiki olaraq qanun deputatın bizneslə məşğul olmasını qadağan edir. Sabiq parlamentarilər sırasında hökuməti hansısa işinə görə qınayanların əlində bir-birinə zidd olan üç ticari-iqtisadi sahibkarlıq fəaliyyəti var. Onlar bu gün obyektiv mövqe sərgiləməyə çalışırlar. Mən o dövrdə də, indi də xüsusi biznes dövriyyəsinə sahib olmayan deputatlardanam. Digər tərəfdən qorxu amilindən daha çox dövlət mənafeyi məsələlərini qabartmaq tərəfdarıyam. Hətta müxtəlif dolayı vasitələrlə iqtisadi struktura himayəçiliyim olsaydı belə, mən bu yerdəki müşahidələrimdən, məlumatların təhlilindən geri durmazdım. Çünki, burda önəmli niyyətimiz kredit resursunun problemli məsələ olaraq gözqamaşdıran sosial tələ kimi insanların qarşısında olduğunu göstərməkdir. İnsanların 50 min manat kredit götürərkən ondan 3-4 qat artıq girov qoymasına, bəzən isə bazarın ağır şərtləri daxilində borcunu geri qaytara bilmədiyinə görə məhkəmə instansiyalarının həmin işəxslərin girov qoyulan evini əlindən almasına şahidlik etmişəm. Onların problemlərinin çözülməsi üçün də xeyli çalışmışam. Belə çıxır ki, götürdüyü kreditin rəqəmi 100 mini aşmayan insanlar üçün qanunun sərt üzünü göstərməliyik, amma milyonlarla kredit götürənlər üçün tamam fərqli ölkə bərqərar olmalıdır? Mənim olaya reaksiyam dediyim məsələləri nəzərə almaqdan irəli gəlirdi. Mən hesab edirəm ki, biznes fəaliyyətinin olması fəxarət yeri deyil, olmaması da kədər və qınaq mövzusuna çevrilə bilməz.
- Bir çoxları iddia edir ki, Zahid Oruc sifarişlə danışır...
- Parlament üzvü müəyyən komanda içərisində olursa, onun eyni zamanda həmin komandanın mənafeyindən çıxış etməsi gərəkdir. Başqa tərəfdən millətin də maraqlarını vəhdət şəklində birləşdirməyi bacarmalıdır. Digər tərəfdən sifariş sözünün mənfi və müsbət konteksti var. Konkret olaraq bu məsələ ilə kimsə bizi tezislərlə silahlandırıb yönləndirmir. İlk il deyil ki, siyasi həyatdayam. Artıq 3-cü çağırış dönəmdir ki, parlamentin üzvüyəm, dövlət quruculuğu prosesinin strategiyasını dərk edirik.
Buna qədərki dövrdə atılan addımlar Azərbaycanın yenilənməsi, beynəlxalq əlaqələrin qurulması məntiqinə uyğun mövqelərdən çıxış edirəm. Əgər bu kimlərdəsə mənim sifarişlə danışmağım mənzərəsini yaradıbsa, ona təəssüf edirəm və onlara “məntiq”lərində bir az dairəli gedib söyləsələr ki, kim tərəfindən verildiyini söyləsələr onlar özlərini pis vəziyyətə qoyurlar. Bu məsələlərin heç bir əsası yoxdur. Söylədiyimiz fikirlərin, qaldırdığım məsələlərin dəyərləndirilməsini bir kənara buraxıb şəxsiyyət üzərindən gəzişmələrə keçmək heç də yaxşı üslub deyil.
- Həbs edilənlər içərisində sizə sürpriz olan adlar oldumu, ümumiyyətlə, həbs dalğasının davam edəcəyini gözləyirsinizmi?
- Düşünmürəm ki, hökumətin, yaxud hüquq-mühafizə orqanlarının konkret hədəfi kimlərinsə həbsidir. Niyyət bu ola bilməz. Dövlət çalışır ki, bütün insanlarla, xüsusilə də iri burjuaziya ilə ittifaqda olsun. Çünki, onların çevrəsində özünəməxsus dairələri var. Düzü hazırda həmin kompaniyaların Ümumi Daxili Məhsulda (ÜDM) nə qədər yer tutduğu barədə məlumatlara tam malik deyiləm. Odur ki, sözügedən şəxslərin adı mənim üçün sürpriz olmasa da, konkret bir məsələyə xidmət etdikləri qənaətindəyəm. Alınmış vəsaitlər geri qaytarmalıdır. İnsan aylıq öhdəliyi ödəyə bilmədiyi halda “vaxt tamam olanda bir dəfəyə ödəyəcəyəm” kimi öhdəliyə malik ola bilməz. Məsələni abstraktlaşdıranda “ölkədən böyük pulların axını baş verəcək”, “xarici investorlar Azərbaycanda iş qurmaqdan imtina edəcək” və s. kimi hədələyici tona keçirməklə, yaxud həmin insanların müdafiəsinə qalxıb siyasi səmərə gözləməklə iş bitmir. Məsələ bu qədər sadədir: götürdüyünüz vəsaitləri geri qaytarın! Dünyanın heç bir yerində səmərəsi əsaslandırılmamış layihələrə vəsaitlər verilmir. Hətta çox ciddi texniki əsaslandırılmış proqramlara vəsaitlər yönləndirilərkən sonradan təyinatından yayındırılıb tamam başqa istiqamətlərə gedib. Göstərin görək dünyanın hansı yerində belə bir hal var? Ona görə də məsələyə nə qədər fərqli siyasi yozumlar edilsə də, o qədər də əsl mətləbdən yayınmış olacağıq. Başlıca niyyət həbslərə yönəldilməməlidir. Heç bir imtiyazlı təbəqə olmayan cəmiyyət qurulmalıdır. Mən iqtisadi sferada da müəyyən dəyişikliklərin olması tərəfdarıyam və bunu çox arzulayıram. Məsələ yalnız bir bankın nəzarət olunmayan vəsaitlərlə çıxış etməsindən getmir. Əgər onların sərəncamlarındakı vəsaitlər İqtisadi İnkişaf Nazirliyinkindən 5-10 dəfə çoxdursa, paralel strukturlarla işləməyin dövlət üçün əlverişli olub-olmaması barədə düşünmək lazımdır...
- Necə düşünürsünüz, baş verənlər də günah tək tərəflidirmi?
- Bildiyiniz kimi, mən bu işi aparan qurumun yaxud komissiyanın təmsilçisi deyiləm. Düşünürəm ki, dövlət gələcəkdə problemli kreditlərlə bağlı komissiya yaratmalı, bütün bunların səbəbləri geniş şəkildə aydınlaşdırılmalıdır. Çünki, əhali və hüquqi şəxslər arasında belə öhdəlikləri olanlar çoxdur. Bu məsələ iqtisadi aktivliyə, təşəbbüskarlığa, yaxşı təkliflərin meydana çıxmasına, yeni iş yerlərinin yaradılmasına bu və ya digər formada mənfi təsir göstərir. Ona görə də cazibədar ölkə kimi qalmaq və uğur inkişafını davam etdirmək naminə problemli kreditlər məsələsində xüsusi dövlət komissiyasının formalaşmasına rəvac verilməlidir. Hələ 90-cı illərin ortalarında “qarşılıqlı borclar” deyilən reallıq vardı. Hansı qurumu dindirirdin birinin o birinə mütləq borcu vardı. Müxtəlif mənimsəmələr həmin borcların içərisinə daxil olur və ölkənin imicinə də zərbə vururdu.
- Zahid müəllim, baş verənlərdən sonra Mərkəzi Bank rəhbərliyinin bu sahədəki problemlərin həll edilməsi üçün ciddi addımlar atacağını gözləyirsinizmi?
- Əminəm ki, bu baş verəcək. Çünki, Mərkəzi Bank baş verənləri mütəhərrik şəkildə izləməkdədir, beynəlxalq prosesləri yaxşı bilir. Dolların mövqeyinin möhkəmlənməsi fonunda onlarla ölkənin milli valyutası dəyər itirir, bu isə avtomatik iqtisadi sektorda tanınmış şirkətlərin mövqeyinin dəyişməsinə, əksəriyyətin iflasa uğramasına səbəb olur.
Mərkəzi Bankın edilən dəyişikliklərə rəğmən real qanunlar çərçivəsində prosesə müdaxilə etməyə kifayət qədər səlahiyyəti var. Bank sisteminin birinin də olsa çöküşü mənfi təsirdir. Çünki, orada çox sayda insan çalışır, kifayət qədər depoziti olan əhali var, hansısa planlar qurulub. Bir maliyyə strukturunun sıradan çıxması təkcə o sahəyə deyil, bütövlükdə bütün sferalara da mənfi təsir edir.
Müxtəlif dairələr iri iş adamlarının məlum məsələyə görə dindirilməyə çağırılmasından Azərbaycanın əleyhinə istifadə etməyə çalışır. Halbuki, dünənə qədər deyirdilər ki, dövlət nəyə görə onları bu qədər himayə altında saxlayır, başqalarının belə əlçatan imkanları yoxdur? Deməli insanlar üçün bərabər şərtlər yaratmaq lazımdır, tenderlərə gedilməli, mühit dəyişilməlidir.