“Hökumət üzvlərindən MTN-nin təsiri altına düşənlər var”
Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılandan sonra MTN-nin bir sıra yüksək rütbəli məmur-zabitləri dəmir barmaqlıqlar arasına yollanmalı oldu.
Xeberinfo.com: Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq şefinin dövlət orqanlarında kök atmış şəbəkəsi Nazirlər Kabinetinin daha bir üzvünün - Əli Abbasovun rabitə və yüksək texnolgiyalar naziri vəzifəsindən getməsi ilə nəticələndi.
Qeyd edək ki, yerli mətbuat daha bir neçə nazirin “MTN” işinə görə çıxarılacağı barədə yazılar dərc edir.
Bəs hansısa nazirlikdə Eldar Mahmudovla əlaqələri olanlar hələ də qalırmı və işdən çıxarılmalar gözlənilirmi?
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc mövzu ilə bağlı Modern.az saytına danışıb.
Deputat öncəliklə dövlət başçısının hökumətin fəaliyyətinə qoyduğu tələbləri xatırladıb. O deyib ki, prezident nazirliklər qarşısında parlamentlə yaxşı əməkdaşlıq edilməsini, xalq qarşısında hesabat verilməsini, insanlardan gələn şikayətlərin araşdırılmasını tələb edir.
Zahid Orucun fikrincə, istənilən hökumət üzvləri arasında yaxşı əlaqələr olmalıdır. Lakin o, bunun qanuni tələbləri aşmamasının vacibliyini vurğulayıb:
“Etiraf etmək lazımdır ki, bütün dünyada kəşfiyyat orqanları vahimə saçır və başqa qurumlarda mövqelərə yiyələnirlər. Məsələn, Səhiyyə Nazirliyi, sosial müdafiə sektoru ilə bağlı qurumlar məxfi servislər deyil, onlar aşkarda fəaliyyət göstərirlər. Amma xəfiyyə orqanları daha çox gizli cəbhənin meydanında olurlar. Bunların başlıca məqsədi, təkcə internet resurslarına, telefon danışıqlarına nəzarət etməklə dövlətin və vətəndaşın mənafeyini qorumaqdan ibarət olmalıdır. Əgər kəşfiyyat əldə etdiyi informasiya kütləsini millətin mənafeyinə yönəltməyəcəksə, bundan vətəndaşların maraqlarına zərbə vurmaq üçün istifadə edəcək. Eldar Mahmudov MTN rəhbərliyindən gedəndən sonra gedişatlar onu göstərdi ki, bizim praktikda ikinci hal baş verib”.
Komitə üzvü hesab edir ki, bir nazirin digərinin əleyhinə fəaliyyəti kontekstində Əli Abbasov vəzifəsindən azad olundu.
Zahid Oruc qeyd edib ki, Azərbaycan hökumətinin üzvləri haqqında məlumatlar, kompromatlar, onların daim müxtəlif “ifşa kampaniyalarına” məruz qoyulmasında MTN-nin rolu olub.
“İndi bəlli olur ki, informasiya kütlələrinin müxtəlif dairələrə yönləndirilməsi hansı mənbələr hesabına baş verib. Lakin hökumətdə konkret olaraq kimlərin bu prosesə cəlb olunmasını təyin eləmək çox çətindir. Ancaq məlumatlara görə, təəssüf ki, bəzi başqa hökumət üzvlərindən də belə təsir altında olanlar və dırnaqarası hesablaşmağa vadar edilənlər olub”.
Deputat bildirib ki, həmin təsirə uğrayan, bəlkə də şantaj qorxusu altında hansısa diqtələri qəbul edən məmurlar dövlətin ali şəxslərinə bəllidir.