Generaldan DTK-nın və Putinin dəhşətli sirləri haqqında açıqlama
“DTK-nın laboratoriyasından bolqarlara zəhər verildi, sonradan həmin zəhərdən çətir vasitəsilə istifadə olundu”
“Bu barədə mənə sual verəndə deyirəm ki, gedin Putinin arvadından soruşun…”
"Xeberinfo.com": Məlumata görə, DTK general-mayoru Oleq Kaluqinin tabeliyində çalışmış, 1995-ci ildən ABŞ-da yaşayan polkovnik Vladimir Mednis öz xatirələrini Azadlıq radiosunun rus bölməsinə danışıb. Kaluqin isə Mednisin fikirlərini şəhr etməyə və radio müxbirinin suallarına, o cümlədən, Rusiyanın hazırkı prezident Vladimir Putinin məxfi xidmətləri barədə suallara cavab verməyə razılaşıb.
DTK-nın Kanadadakı keçmiş rezidenti (O, Monrealda sovet konsulu çətiri altında fəaliyyət göstərib) Vladimir Mednisin 84 yaşı var. O, Moskvanın cənub-qərbində adi mənzildə yaşayır. Mendis məşhur rus filmi «Vida işi»ndəki ölümə məhkum olunmuş Vladimir Vetrovun sələfi olub. Vetrov da Monrealda rezident postunda çalışıb.
SAXTA KONSUL
Mednis sovetlərin dövründə kəşfiyyatda çalışmağın çətinliklərindən, xüsusilə də konsul «çətiri altında» işləməyin çox vaxt apardığından danışmağı xoşlayır – xüsusən də Kanada polisinin Monrealda onu avtomobil qəzasına salması məsələsindən. Bu əməliyyatın məqsədi onun avtomobilində axtarış aparmaq olub.
Özünün danışdığına görə, onun xidmət karyerasında kritik an 1972-ci ildə yaşanıb. O vaxt Mednis məlumat əldə edib ki, SSRİ-nin yüksək çinli bir dövlət xadimi Qərb ölkələrindən birinin kəşfiyyatına işləyir. O, dərhal özünün birbaşa rəisi olan Oleq Kaluqinə xəbər verib. Mednisin təəccübünə rəğmən, heç bir reaksiya baş verməyib. Siyasi Büronun üzvü Arvid Pelşenin sayəsində Mednis guya, Yuri Andropovun «özünə çıxa bilib». Bundan sonra da heç bir reaksiya olmayıb, üstəlik Mednisi operativ işdən kənarlaşdırıb, arxiv işinə göndəriblər. Onun sözlərinə görə, xarici əks-kəşfiyyatın Şimali Amerika istiqaməti üzrə rəisi, birbaşa tabeliyində olduğu Oleq Kaluqin hətta ona özünün «ölüm şəhadətnaməsi»ni də göstərib.
Artıq 20 ildən çoxdur ki, ABŞ-da yaşayan Oleq Kaluqin Mednisi yaxşı xatırladığını və onu real ölümdən qurtardığını deyir. Çünki Mendisin özünü düşmən ölkələrə işləməkdə şübhəli bilirdilər. Yeri gəlmişkən, SSRİ DTK-sının o vaxtkı sədri Vladimir Kryuçkov isə Kaluqinin özündən şübhələnmişdi.
AzPolitika.info keçmiş DTK generalı Oleq Kaluqinlə çox maraqlı müsahibənin tərcüməsini müəyyən ixtisarla təqdim edir:
- Beləliklə, Vladimir Mednisin versiyası aşağıdakı kimidir: Mednis ya Siyasi Büro üzvünün, ya da ki, Andropovun özünün ətrafında olanlardan birinin qərbin kəşfiyyat orqanlarına işləməsi barədə məlumat əldə edib. Amma DTK rəhbərliyi buna əhəmiyyət verməyib…
– O, Aleksandr Yakovlevi nəzərdə tutur – Siyasi Büronun üzvünü.
- Mednis şübhələndiyi şəxsin soyadını çəkməkdən imtina edir, «o qaniçən kloun» deyir. Guya ki, raport yazan zaman onu fiziki baxımdan aradan götürməklə qorxudublar və bunu məhz Siz etmisiniz…
– Tam yalandır. Mən heç vaxt kimi isə hədələməmişəm, ümumiyyətlə, öldürən heç vaxt açıq deməz ki, səni öldürəcəm – sadəcə, öldürər, vəssalam. Mednis mənim xatirimdə operativ işə yarayan təşəbbüskar bir işçi kimi qalıb. O, sadəcə, məndən inciyib. Ondan şübhələnmişdilər. Mən isə Andropova dedim ki, Mednisin heç bir günahı yoxdur. Andropov isə cavab verdi ki, əgər biz onu geriyə – Monreala öz işinə qaytarsaq, Allah bilir, nə baş verə bilər. Qoy elə evdə otursun.
- Deyəndə ki, 1980-cı illərdə DTK-nın yuxarı eşalonlarını korrupsiya sarmışdı və bu, sovet sisteminin sonunun başlanğıcı oldu, Mednis nə qədər haqlıdır?
– Əşi, yox… Andropov əksər məsələlərdə nöqsansız bir adam idi. O, nümunəvi işçi idi, partiya sıralarından yüksəlib, DTK sədri olmuşdu. Sistemi yaxşıca öyrənmişdi və onu böyük məsuliyyətlə idarə edirdi – keçmiş «KQB üsullarından» istifadə etmədən. Belə bir epizod xatirimdədir. Mən Andropovun kabinetində idim – vəzifəmə uyğun olaraq ona birbaşa «çıxışım» var idi. Bolqarıstan rəhbərliyinin belə bir təklifi müzakirə olunurdu ki, Bolqarıstan prezidentinin qızının aşnasını aradan götürmək lazımdır. O zaman Kryuçkov kəşfiyyat rəisi, mən isə xarici əks-kəşfiyyat rəisi idim. Bax, o zaman biz ikimiz də Andropovun kabinetinə gəldik. Bolqarıstan DTK-sı xahiş edirdi ki, biz həmin şəxsi aradan götürməkdə köməklik göstərək. Georgi Markov – onun adı və soyadı belə idi. O, prezidentin qızının aşnası olmuşdu, sonra isə onu atıb hara isə qaçmışdı…
- Georgi Markov ümumiyyətlə, yazıçı və dissident olub…
– Hə, yazıçı. Biz Andropovun yanına gəlib, məsələni açanda, o, belə dedi: «Mən siyasi qətllərin əleyhinəyəm». Kryuçkov isə dedi ki, Yuri Vladimiroviç, necə yəni, müraciət edən Bolqarıstan DTK-sının sədridir və əgər biz ona yox desək, Bolqarıstan prezidenti inciyər ki, yanımızda onların heç bir hörməti yoxdur. Nəticədə, bolqar sədi vəzifəsindən kənarlaşdırarlar, biz isə Sofiyada etibarlı adamımızı itirmiş olarıq. Andropov belə dedi: «Yaxşı, həmin şəxsi aradan götürmək üçün nə lazımdırsa, verin onlara, amma bütün hallarda birbaşa iştirakdan çəkinin – mən qadağan edirəm…». DTK-nın laboratoriyasından bolqarlara zəhər verildi, sonradan həmin zəhərdən çətir (zontik) vasitəsilə istifadə olundu.
Yeri gəlmişkən, burada muzeydə (Vaşinqtondakı Beynəlxalq Casusluq Muzeyi) həmin çətir saxlanılır. Çətirin ucunda quraşdırılmış kapsulda milliqram qədər zəhər yerləşdirilib. Çətir açılan zaman həmin o nəsnə 3-5 metr məsafəyə uçur. Bu da kifayətdir ki, istənilər adamı «iynələsinlər». Bax, belə olmuşdu. Londonda qatil Markovun yanından keçərkən, çətiri açıb, Markov səksənən kimi olub, sonra da yoluna davam edib. İki gündən sonra isə keçinib.
- 2013-cü ildə Markovun öldürülməsi ilə bağlı iş bağlandı və heç kim cəzalandırılmadı. Hər necə olsa da, bu əməliyyatda DTK-nın iştirakı olub.
– Birincisi, DTK zəhəri onlara verib, ikincisi isə məsləhətlə kömək edib. Yeri gəlmişkən, bir dəfə məni Markovun işi ilə bağlı Londonda həbs edib, türməyə salıblar. O zaman dedim ki, heç bir suala cavab verməyəcəm, amma bəyanat verəcəm: «Mən öldürməmişəm, ancaq məlumatlı olmuşam ki, bu qətli necə hazırlayıblar. Buna görə, məni həbsə atmaq istəyirsiniz?» İngilislər məni bir həbsdə saxladılar, növbəti gün isə mən aclıq elan etdim. Sovet səfirliyindən nümayəndə gəldi, məni azad etdilər. Mən Rusiyaya qayıtdım və bir də Britaniyaya getmədim. Getməyəcəm də. Dəvət də etdilər – Litvinenkonun işi ilə bağlı.
- Mednis təsdiq edir ki, Markov üçün hazırlanan zəhəri it üzərində sınaqdan keçiriblər: «Bax, həmin o gün, Kaluqin ölümüm haqqında şəhadətnaməni mənə göstərəndə, onlar Andropovla birlikdə zəhərin sınağın təşkil etmişdilər. İti «iynələdilər, o isə ölmək bilmirdi – hamı mat qalmışdı ki, zəhər təsir etmir…»
– Bax, bunu bilmirəm, məlumatım yoxdur. Mən böyük rəis idim və bütün təfərrüatları bilməsəm də olardı. Mənim işim göstərişlər vermək, problemin həlli yollarını axtarmaqdan ibarət idi.
- Çətir bircə nüsxə idi, yoxsa bir anbar belə çətir var idi?
– Bircə dənə idi. Ən adi bir əşya idi. İndi muzeydə belə bir yazı altında saxlanır: «Bu çətir Makovun öldürülməsində istifadə olunub». Kütləvi olmasa da, seçmə sovet qətlinin nümunəsi idi. Yeri gəlmişkən, Stepan Banderanı da 1959-cu ildə oxşar üsulla o dünyaya göndərmişdilər. Polonium isə daha müasir üsuldur.
- Siz xatırlatdınız ki, Litvinenkonun işi ilə bağlı sizi şahid qismində Londona dəvət etdilər…
– Bəli, şahid qismində məni çağırdılar, amma mən rədd etdim. Mən BBC ilə söhbətdə dedim ki, artıq bir dəfə Londonda olmuşam və məni türməyə salıblar. Bu səbəbdən də bir daha İngiltərəyə getmək fikrim yoxdur. Vaşinqtonda Marina Litvinenkonu qəbul etmişəm – biz ictimaiyyətlə görüş təşkil etmişik. Saşa Litvinenko DTK-ya işə Putinlə birlikdə qəbul olunub və onun barəsində çox şey bilib. Putinin barəsində internetdə yazılar yazıb. Londonda olanda mən ona zəng vurdum və dedim: «Sən nahaq yerə şəxsi həyat barədə elə şeylər yazırsan…» Sonra o dünyasını dəyişdi – mənim xəbərdarlığım gecikmişdi…
- Hesab edirsiniz ki, onu satqın kimi qətlə yetiriblər?
– Putinin şəxsi həyatının layiq olmayan tərəflərini faş edən adam kimi. Məndən Putin barədə belə şeyləri soruşanda, cavab verirəm ki, gedin onun arvadından soruşun, onlar 30 il birgə yaşayıblar.
- İndi FTX-nin zəhər laboratoriyası mövcuddur?
– Mənim bildiyimə görə, DTK-da 217 nömrəli polonium laboratoriyası var idi. Rusiyada isə artıq 20 ildir ki, olmamışam, dəqiq deyə bilmərəm. Mən ABŞ-a 1996-cı ildə gəlmişəm. Həm də mən heç burada qalmaq fikrində deyildim. Putin məni satqın adlandırdı, mən isə onu – hərbi cani. Mən dedim: «Məhkəmə araşdırması olmadan Siz məni necə cani adlandırırsınız? Siz ki, hüquqşünassınız. Bəs necə hüquqşünassınız? Siz tam avantüristsiniz, bundan başqa Siz – hərbi sanisiniz. Çeçenistanda etdiklərinizə görə, nə vaxtsa Sizi beynəlxalq məhkəmə mühakimə edəcək». Bax, bizim aramızda beləcə açıq fikiri mübadiləsi oldu.
- Putin – məşhur təşkilatdan çıxmış adam kimi…
– Hə, hə, amma o, yalnz mayor olub.
- Podpolkovnik də olmayıb?
– Yox, mayor olub və onun maksimal «tavan»ı podpolkovnik olub. Başqa sözlə, o, təxminən bir il sonra podpolkovnik rütbəsi ala bilərdi, amma ala bilmədi.
- Bəs, nə üçün Putin podpolkovnik olduğunu deyir?
– Çünki potensial olaraq, podpolkovnik rütbəsinə yüksələ bilərdi. Necə ki, mən potensial olaraq, general-leytenant ola bilərdim, amma olmadım.
- Belə bir versiya gəzir ki, 1990-cı illərdə DTK-nın Leninqrad idarəsindən fərqli olaraq, Moskva idarəsinə «əl gəzdiriblər». Nəticədə, oradan çıxanlar ölkə rəhbərliyinə gəldilər…
– Həqiqətdir. Moskva idarəsində Viktor Alidin adlı birisi var idi – özündənrazı, həyasız, Brejnevə birbaşa çıxışı var idi. Hamı onu necə aradan götürmək barədə düşünürdü. Mən indi xatırlaya bilmirəm, nə baş verdisə, biz ondan can qurtara bildik. O, Andropov barədə də danışıb: «Nə olsun ki, Andropov belə deyib?» Bununla belə, Leninqrad idarəsinə toxunmadılar, çünki idarə yetərincə təmiz idi. Bax, məsələn, FTX-nin indiki rəhbəri Aleksandr Bortnikov – leninqradlıdır. Mən onu xatırlayıram. Mənə ciddi adam təsiri bağışlayıb. Nikolay Patruşev isə mənim keçmiş köməkçim olub. Həm də yazı-pozu üzrə köməkçim yox, əsl «Zati-alilərinin adyutantı». Mənə balıq ovu təşkil edərdi, səfərlərimdə məni müşaiyyət edərdi. Yaxşı bürokrat-köməkçi idi. Bax, indi Təhlükəsizlik Şurasının katibidir.
- 1998-ci ildə Peterburq qəzetlərinin birində «Putin FTX-nə qeyri-qanuni başçılıq edib» iddiası yer aldı. Jurnalistləri «profilaktik söhbətə» çağırdılar, guya ki, fotoşəklin keyfiyyətindən narazı qalıblar. Düzdürmü ki, ştat cədvəlinə və FTX-nin ənənəsinə əsasən bu təşkilata yalnız general rəhbərlik edə bilər, podpolkovnik yox?
– Ümumiyyətlə, bəli, prinsipcə başqa cür ola bilməzdi. Bilirsiniz, ölümündən az əvvəl jurnalistlər Yeltsindən soruşublar ki, buraxmış olduğu hansı səhvə görə, daha çox heyfslənir? Yeltsin cavab verib: «Birincisi – Çeçenistandakı müharibə, ikincisi – davamçımın seçilməsində».
- Amma məlumdur ki, Putin Yeltsini cinayət məsuliyyətindən qoruyub…
– Ailəsinə görə, bəli. Yeltsin ona görə Putinə minnətdar idi ki, sonuncu onun ailə dramının araşdırılmasına «xod» vermədi. İsveçrə prokurorluğunun ardınca korrupsiya işi ilə bağlı araşdırmaya başlayan prokuror Yuri Skuratovu oyundan kənarlaşdırıb, qızlarla birlikdə ifşa etdilər. Bu, xüsusi xidmət orqanları tərəfindən hazırlanmış və vəzifəli şəxsi diskreditə edən saxta (baş prokurora oxşayan şəxslə quraşdırılmış videolent) lent – xüsusi hazırlanmış əməliyyat idi.
- DTK «qızlar» və «oğlanlar»ın iştirakı ilə təşkil olunan əməliyyatlar üzrə ixtisaslaşmışdı…
– Təkcə DTK yox. Amma DTK ənənəvi olaraq belə işlərlə məşğul olurdu. Yeri gəlmişkən, hələ Oktyabr inqilabına qədər də Rusiya kəşfiyyatı dünyada ən güclülərdən sayılırdı. İndi o, pis durumdadır, çünki vaxtında-vədəsində Kim Filbi və Corc Bleykin ideoloji tərəfdarları ideya uğrunda çalışıblar, pul uğrunda yox!
- Doğrudurmu ki, Yeltsin bir vaxt DTK-nı buraxmaq barədə düşünüb, amma sona islahat aparmaq qərarına gəlib?
– Bu, Vadim Bakatinlə mənim ideyam idi. O vaxt mən DTK-da islahatlar (DTK-nın yenidən təşkili) üzrə Bakatinin məsləhətçisi idim. Bax, o zaman biz DTK-nı dağıtdıq – Amerika obrazı üzrə idarəni 5 hissəyə böldük – kəşfiyyat, əks-kəşfiyyat, sərhəd qoşunları, şəxsi mühafizə, arxivlər və s. Köhnə qvardiyadan olanların məni sevməməsinin səbəbi də məhz budur. O vaxt, keçid dövründə DTK-nı bir yumruqda saxlamaq ölkənin demokratikləşməsi üçün təhlükə mənbəyi idi. Sonra da, elə Yeltsinin vaxtında yenidən birləşdirmək cəhdləri oldu, ardınca Putin ölkənin rəhbəri oldu – artıq, bundan o tərəfəsi yoxdur…
- Siz təsdiq edirsiniz ki, 1990-cı illərdə demokratik ideyalara rəğbət bəsləyirdiniz. Necə oldu ki, Rusiyada demokratikləşmə belə tezliklə sona çatdı?
– Hətta mən, Krasnodar diyarından SSRİ xalq deputatı da oldum. İnsanlar mənim barəmdə heç nə eşitmədilər. «Ortalığa çıxmağım»dan ilyarım sonra birdən-birə, 18 namizədin olduğu bir seçkidə insanların 60 faizdən çoxu mənə səs verdi. 1989-cu ildə məni baş hərbi prokurorluğa çağırdılar və dövlət sirrini açmağıma görə dindirdilər. Elə prokurorluğa gəlməli olduğum həmin gün mənim namizədliyim qeydə alındı. Mən, «immunitet» əldə etdim. Elə həmin gündən də mənim aşkar karyeram başladı. Bu, Kryuçkovun kələyi idi – mətbuatda çıxış edərək, demişdi ki, mən dövlət sirrini açmışam. Mən, gerçəkdən də çıxışlar edirdim, DTK haqqında danışırdım. Elə bir sirr yox idi, amma formal olaraq, mən DTK əməkdaşı kimi sirri (xidməti və dövlət) açıqlamaqdan təcrid olunanlar sırasına aid idim. SSRİ dağılandan sonra isə mən deputat səlahiyyətlərimi itirdim, amma artıq Kryuçkov da yox idi – o, «QKÇP» qiyamının üzvü olduğu üçün həbs edilmişdi.
Kryuçkov mənə nifrət edirdi, çünki Andropovla yaxın münasibətlərim var idi. Andropovun da mənə rəğbəti var idi…
Azpolitika.info