“Qarabağa rus qoşunlarını yeritmək lazımdır”
Budur, Dövlət Dumasında Rusiya Liberal-Demokrat Partiyasının fraksiyasının dəhlizlərindəyik. Yanımızdan deputatlar keçib gedir - hamısı gənc sifətlərdir. Rusiyanın ən ambisiyalı siyasətçilərindən birinin əhatəsindəkilər əsasən passionar və ambisiyalı gənclərdir.
"Xeberinfo.com": Jirinovskinin qəbul otağına daxil oluruq. Lakin bura klassik mənada qəbul otağı deyil, daha çox hamıya açıq qəbul otağıdır. Jirinovskinin hər gün Rusiyadakı vəziyyət haqda mühazirə oxuduğu, seçicilərinin suallarına cavab verdiyi auditoriyadır.
Qəbul otağına giriş demək olar ki, sərbəstdir, bu gün siyasətçinin qonaqları Asiya və Afrika İnstitutunun tələbələri, həmçinin Rusiya Silahlı Qüvvələri Baş Qərargahının zabitləridir. Biz Jirinovskini türkiyəli tələbə ilə debat zamanı yaxalayırıq, o, türk-erməni münasibətlərinin tarixinə dair diskussiya aparır.
Baş Qərargahın zabitləri isə öz kumirlərinə doğru can atır, bu tarixi məqamı obyektivlərinə həkk eləməyə çalışır. Onlar Jirinovskini əhatəyə alırlar və öz təntənəli hisslərini ifadə edirlər...
Nəhayət, saat 16:00-dır. Siyasətçinin köməkçisi bizi Jirinovskinin kabinetinə müsahibəyə dəvət edir. Və budur, mən Vladimir Volfoviçlə söhbətə türk tələbənin sonuncu sualı ilə başlayıram. Jirinovski diqqətlə qulaq asır...
-Siz elə indicə dediniz ki, Türkiyə və Azərbaycan hökumətləri ermənilərin Türkiyədə və Azərbaycanda törətdikləri qətliamlar haqda sənədləri və sübutları hələ də təqdim etməyiblər...
-(Jirinovski dərhal sözümü kəsir-E.F.) Mən Azərbaycan hökumətinə toxunmadım. Söhbət ancaq Türkiyə hökumətindən gedirdi. Mən türkiyəli tələbəyə dedim ki, erməni diasporu bizə qırğın haqda sənədləri və sübutları təqdim edir, ancaq budur, türklərdən heç nə yoxdur. Ona görə də biz şad olardıq ki, Türkiyə ilə Ermənistan arasında heç bir problem olmasın, Azərbaycanla Ermənistan arasında problemlər həllini tapsın.
-Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəsini necə qiymətləndirirsiniz? Siz bu yaxınlarda Azərbaycanda səfərdə oldunuz və ictimaiyyətimizin sizin personanıza, açıqlamalarınıza böyük marağının şahidi olduq. Bu günkü Azərbaycan sizdə hansı təəssüratları oyatdı?
-Mən Azərbaycanda 3-4 dəfə olmuşam. İlk dəfə 1963-cü ildə getmişəm. Sonra 1971-ci ildə. Mən Arif Heydərovu (o vaxtkı daxili işlər nazirini nəzərdə tutur-E.F.) şəxsən tanıyırdım. Və sonra yenə getdim. Nəsimi rayonunun hərbi komissarı Vaqif Daşdərmirov mənim tanışım olub. Budur, 20 il sonra yenidən Bakıya baş çəkdim. Azərbaycan məndə çox gözəl təəssüratlar oyatdı. Mən prezident İlham Əliyevlə görüşdən çox şad oldum. Buna qədər isə burada Moskvada onun atası, Heydər Əliyeviçlə görüşmüşdüm. Bizim bir-birimizə həmişə qarşılıqlı simpatiyamız olub.
Olduqca ayıbdır ki, Azərbaycan əhalisinə hərdən mənim kontekstdən çıxarılmış hansısa frazalarımı çatdırıblar, bu frazaların Azərbaycan xalqına dəxli olmayıb. Hərdən bazarlarda hansısa qarşıdurmalar olurdu, mən də hansısa ifadələr işlədirdim və ümumən mənim dediklərimi təhrif edirdilər. Mən Azərbaycan xalqına həmişə dərin simpatiya hissi ilə yanaşmışam, xüsusən də Bakıya son səfərdən sonra. İlham Əliyevlə çox möhtəşəm görüşümüz oldu, biz paytaxtınızın bir çox rayonlarını gəzdik. Məktəblərə, universitetlərə, muzeylərə baş çəkdik və Azərbaycan haqda təsəvvürlərim daha real oldu. Mən gördüm ki, bakılılar və azərbaycanlılar Rusiyaya böyük məmuniyyətlə necə can atırlar, rus dilini unutmurlar. Çox şadam ki, Azərbaycanda rus dilinin icbari tədrisi bərpa olunub.
Əlaqələrimizi genişləndirmək lazımdır, xüsusən də bizim Avropa mallarına embarqo qoymağımızdan sonra. Gərək Azərbaycan bu boşalmış bazarda öz yerini tutsun. TIR-larla, qatarlarla, dəniz yolu ilə bura, bazarlara sizdə artıq olan hər şeyi - pomidoru, xiyarı, badımcanı, narı, ümumən meyvə-tərəvəzi daşımaq olar. Sənaye məhsulları da var, neft, qaz, tankerlərin tikintisi... Əməkdaşlıq üçün çox geniş spektr var. Ola bilsin gələcəkdə Azərbaycan Avrasiya İttifaqına da üzv olsun. Sizin ölkəniz bu ittifaqda hansısa özəl statusa da malik ola bilər. Siz məni düzgün başa düşün, söhbət ondan getmir ki, bu gün hamını vahid iqtisadi və siyasi birliyə zorla qovub salaq. Yox! Hər şey könüllü olmalıdır. Əgər sərfəli olacaqsa, deməli, Azərbaycan özü ittifaqa daxil olmaq haqda qərar verəcək. Bəli, bizə sərfəli olardı ki, Azərbaycan Rusiya və digər dövlətlərlə birlikdə olsun, çünki biz əsrlərlə birlikdə yaşamışıq. Sizin okeanın o tayındakı dövlətlərlə və ya Avropa ilə münasibətləriniz necə olursa-olsun, onlar uzaqdadır, Rusiya isə burada, yaxındadır. Xüsusən də böyük sayda azərbaycanlılar Dağıstanda, Moskvada yaşayır.
Və bir də o lazımdır ki, sizin səfirliyiniz bazarlarda və küçələrdə işləyənlərlə fəal iş aparsın. Ayrı-ayrı toqquşmalara və xoşagəlməz hallara imkan verməmək üçün. Toqquşmalar, davalar hər yerdə olur, ancaq belə hallar azərbaycanlılarla başqa millətlərin nümayəndələri arasında olanda dərhal etnik xarakter alır.
Gərək bizim deputatlar tez-tez Azərbaycana getsinlər, Milli Məclisdəki həmkarları ilə görüşsünlər və məsləhətləşmələr aparsınlar. Hərdən bizimkilərdə yanlış təsəvvür olur. Axı biz indi vahid dövlətdə deyilik, əlaqələr xeyli zəifləyib. Mənə nəyisə xüsusi aydınlaşdırmağa, araşdırmağa ehtiyac yoxdur, çünki Qafqazı, Türkiyəni, Yaxın Şərqi yaxşı bilirəm, şərqşünasam. Ancaq başqaları da getməli və görməlidir.
-Sizin Azərbaycana səfərizdən sonra digər fraksiyaların liderləri, deputatlar, Rusiya siyasi isteblişmentinin digər nümayəndələri də gəldilər. Məsələn, bu yaxınlarda Züqanov Bakıda səfərdə oldu. Sanki siz Bakıya yolu açdınız...
-Hə, dərhal tərpəndilər. Gördülər ki, budur, Jirinovski getdi, deməli, biz də gedək. Ancaq faydalı oldu. Ünsiyyətdə olmaq və münasibətləri inkişaf etdirmək lazımdır.
Azərbaycanlılara rus dilini öyrənmək daha asandır, nəinki bizə Azərbaycan dilini öyrənmək. Çünki bu halda biz gərək gürcü dilini də, erməni dilini də, litva, eston və s. dillərini də öyrənək.
-Bizim rus dilini öyrənməyimizə ehtiyac yoxdur. Çünki rus dili Bakıda Azərbaycan dili ilə yanaşı demək olar ki, hakim dildir, təkcə millətlərarası ünsiyyət vasitəsi deyil, həm də ikinci doğma dildir. Məsələn, bizim saytımızın ən əsas və populyar versiyası rus dilindədir. Yəni Bakıya və Azərbaycana gəlincə rus dili burada ünsiyyətdə heç vaxt əngəl olmayıb...
-Bəli, bunu bilirəm. Bu da yaxşı haldır ki, bizim ünsiyyət vasitəmiz var. Əgər sizin Azərbaycandan gəldiyinizi bilməsəydim, düşünərdim ki, moskvalısınız. Desəydiniz ki moskvalısınız, buna inanardım. Bizdə tutaq ki, Amerikada olduğu kimi milli ayrı-seçkilik yoxdur. Orada afroamerikalılara qarşı əsl irqi diskriminasiya siyasəti yürüdülür. Bizdə isə sizin üzünüzə yalnız gülümsəyirlər.
Çox istəyərdim ki, Bakının “Neftçi” futbol komandası yenə də meydana çıxsın. Rəşid Behbudov, Polad Bülbüloğlu, Müslüm Maqomayev kimi yeni əfsanələrin meydana çıxması lazımdır. Axı biz onların gözəl ifalarını rus dilində də dinləmişik.
-Azərbaycanda Rusiyanın Qafqazda millətlərarası münaqişələrin tənzimlənməsindəki roluna böyük ümidlər bəsləyirlər. Hətta Obama da Rusiyanın regionun ən qüdrətli dövləti statusunu qəbul və etiraf edir. Düzdür, Rusiyanın siyasi rəhbərliyi qlobal derjava statusuna iddia edir. Hər halda Rusiya regiondakı təsir və qüdrətini bərpa edir. Rusiya Qarabağ problemini birdəfəlik həll etmək üçün öz nüfuzundan doğrudanmı istifadə edə bilməz?
-Yaxşı, bəs Qarabağ problemini necə həll etmək olar? Əgər Qarabağ Azərbaycana qaytarılsa, ermənilər narazı qalacaq. Əgər indiki status-kvo qəbul edilsə, siz narazı qalacaqsınız. Mən üçüncü variantı təklif edirəm - Qarabağın Moskvanın nəzarəti altına keçməsini elan etmək olar. Bu bölgədəki ermənilərin və azərbaycanlıların təhlükəsizliyini, insanların sərbəst hərəkətini qoy Rusiya təmin etsin, iqtisadiyyatı bərpa etsin. Bunu aralıq variant kimi sınaqdan çıxarmaq olar. Qarabağda Azərbaycan bayrağının dalğalanmasını istəmirlər. Ümumi bir bayraq fikirləşib tapmaq olar. Məsələn, MDB-nin bayrağını. O bayraqda qoy Rusiya, Azərbaycan və Ermənistan bayraqlarının elementləri olsun.
Moskva üçün çox çətindir. Gürcü-abxaz münaqişəsini götürək. Onlar heç vaxt barışmayacaq. Gürcüstan Abxaziyanın müstəqil olmasını istəmir. Abxaziya isə Gürcüstanın tərkibinə qayıtmağı qətiyyən arzulamır və bu haqda heş eşitmək belə istəmir. Cənubi Osetiyanın mövcudluğunu istəmirlər. Bizim Cənubi Osetiya ilə yanaşı Şimaali Osetiya problemimiz də var.
Bütün bu problemlər sovet hakimiyyətinin tör-töküntüləridir. Çar Rusiyası zamanında belə problemlər yox idi. Bakı və İrəvan quberniyaları var idi. İndi hər şey bir-birinə qarışıb. Ona görə problem yox idi ki, o zaman ərazi bölgüsü vardı. Milli mənsubiyyət prinsipi əsasında bölgü yox idi.
İndi isə siz müstəqil dövlətlərsiniz və daha geriyə yol yoxdur. Bunu başa düşməlisiniz ki, Moskvada kimlərəsə simpatiya və ya antipatiya yoxdur. Bizə heç bir müharibə lazım deyil. SSRİ-ni qoruyub saxlamaq və bütün münaqişələri necə deyərlər, beşiyində boğmaq lazım idi. Milli ədavət zəminində münaqişələrə yol verilməməli idi. Onların qarşısını almaq lazım idi.
-Amma axı hər şey məhz Qarabağ münaqişəsindən başladı. Moskva da bunun qarşısını almadı, bununla da təhlükəli presedent yarandı...
-Bəli, hər şey Qarabağdan başladı və davam etdi. Orta Asiya, Gürcüstan, Baltikyanı ölkələr... Hər yerdə qan axıdıldı... Günahkar Qorbaçovdur. İnsanların əlində hansısa bir xalqın əleyhinə şüarlar tutaraq küçələrə çıxmasını lap əvvəldən qadağan etmək lazım idi. Hamını - bu münaqişənin təşkilatçılarını, onu qızışdıranları həbs etmək lazım idi. Milli ədavətin qızışmasının qarşısını almaq üçün birbaşa prezident üsul-idarəsi tətbiq etmək lazım idi.
Səmimi deyirəm, mən sizə böyük rəğbət hissi bəsləyirəm. Amma Moskva Qarabağ problemini necə həll edə bilər? Ermənilərin Qarabağdan imtina etməsi üçün onlara təzyiq edək? Ermənilər bununla razılaşmır. Nə edək?
-Qarabağda demək olar ki, hər gün hərbi toqquşmaların olduğunu, hər iki tərəfdən insanların öldüyünü, münaqişənin qızışdığını bilirsinizmi?
-Bilirəm. Nə qədər ki bu məsələ həll olunmayıb, qoşunlar üz-üzə dayanıb müntəzəm atışmalar, diversiya və təxribatlar da olacaq. Nə etmək olar?! Tərəflər arasındakı toqquşmalara son qoymaq üçün ora rus ordusunu yeritmək lazımdır. Sovet vaxtı Zaqafqaziyada (Cənubi Qafqazda-red.) sovet ordusu vardı. İki il orada xidmət etmişəm. Tam sakitlik idi. Heç bir münaqişə və milli ədavət zəminində hər hansı toqquşma yox idi.
-İndi bütün dünyada hamını daha bir məsələ narahat edir: Ukraynanın taleyi necə olacaq? Saakaşvili Avromaydan hadisələrini bütün postsovet məkanındakı geosiyasi inqilab adlandırıb. Lakin Rusiya bu inqilabın qarşısını aldı. İndi haamı III dünya müharibəsindən və Qərblə Rusiyanın toqquşacağı Ukrayma platsdarmından danışır. Biz doğrudanmı yeni dünya müharibəsinin astanasındayıq?
-Müharibə olmayacaq. Amerika yaxşı yaşayır. Bu həyatı itirmək onun nəyinə lazımdır?! Böyük ehtimalla Ukrayna bölünəcək. Qarabağda da belə olacaq. Qarabağın ayrıca statusu olacaq və rus qoşunları ora yeridiləcək ki, nə ermənilər, nə də azərbaycanlılar orada üstün mövqeyə malik ola bilməsin. Ukraynada da eyni vəziyyət olacaq.Şərqi Ukraynanı Rusiyaya vermək lazımdır. Qərbi Ukrayna isə qoy balaca Çexiya, Slovakiya, Bolqarıstan kimi bir dövlət olsun. Lap Avropa İttifaqına və NATO-ya da üzv olsun. Bununla da hamı sakitləşəcək.
Şərqi Ukraynada, yəni Novorossiyada isə həm rus, həm də Ukrayna dillərini öyrənəcəklər. Hətta Amerikanın özündə də rus dilində qəzetlər nəşr olunur, rusdilli TV kanalları var. Ukraynada isə rus dilini qadağan ediblər. Təsəvvür edin ki, sabah sizə azərbaycanca danışmağı qadağan edirlər. Bu, necə olardı?! Nədir, yoxsa erməni dilini öyrənməli olardınız?!
Ukraynada hər şey rus dilinin hər yerdə - mətbuatda, kinoteatrlarda, küçədə qadağan olunmasından başladı. Şərqi Ukraynada ruslarla rusları üz-üzə qoyub toqquşdurdular. Orada ukraynalılar çox azdır. Amma ukraynalılar milli zəmindəki bu münaqişəni məqsədli şəkildə qızışdırdılar...
Azərbaycana gəlincə isə biz bu ölkəyə yalnız çiçəklənmə və tərəqqi arzulayırıq. Mən İlham Əliyevlə görüşümü həmişə xatırlayacaq və Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin möhkəmləndirilməsi üçün əlimdən gələni etməyə çalışacağam.
Virtualaz.org